SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Türkiyə və Ərdoğan bu seçimdən daha güclü çıxacaq

Türkiyə və Ərdoğan bu seçimdən daha güclü çıxacaq

Tarix:

25-03-2023, 23:45

/ 513 dəfə oxundu.
Türkiyə və Ərdoğan bu seçimdən daha güclü çıxacaq

Tarixin bütün səhifələrini vərəqləsək, gəlmiş-keçmiş, dünən-bugün yaşayan, var olan hansısa xalqların, millətlərin, ölkələrin Azərbaycan və Türkiyə qədər bir-birinin dərdinə ürəkdən yanmasının, şad gününə bütün qəlbi ilə sevinməsinin şahidi ola bilmərik. İllərin sınağından keçmiş, təcrübələrdən, yaşanmışlardan doğan bu dostluq, qardaşlıq ən mükəmməl ifadə edəsini isə heç şübhəsiz Türk dünyasının iki böyük lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarında tapır. Müasir dövr tariximizdə bu doğmalıq, yaxınlıq münasibətləri ölkə Prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bütün sahələrdə güclü, etibarlı tərəfdaşlıq, sıx əməkdaşlıq əlaqələri çərçivəsində, perspektivli gələcək, inamlı sabahlar naminə ən yüksək səviyyədə yaşadılır, inkişaf etdirilir. Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”, torpaqlarımızın erməni işğalı dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatlarımilliliyə, soykökə bağlılığın, dahi sələflərin tarixi ənənələrinə layiqli xələflərin sədaqətinin müfəssəl inikasıdır...
Müxtəlif dövrlərdə hər iki ölkə liderləri tərəfindən yüksək kürsülərdən səsləndirilən siyasi bəyanatlarla yanaşı çox uzağa getmədən yaxın keçmişdə baş verən bir-iki hadisəni, faktı incələmək yetər ki, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək, ayı bir, ili bir, eşqi bir, yolu bir olan Azərbaycan və Türkiyənin birliyini, həmrəyliyini dolğun şəkildə ifadə etmək mümkün olsun. Nümunə üçün 2016-cı il iyulun 15-də qardaş ölkədə hakimiyyət çevrilişinə cəhdi, 2020-ci ildə ədalətin bərpası naminə Azərbaycanın 44 günlük Vətən müharibəsini, 2021-ci ildə baş verən meşə yanğınlarını və ən nəhayət 2023-cü il fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələləri göstərmək olar. Məhz sadalanan bu və digər bütün hadisələrin, çətin məqamların öhdəsindən bu iki qardaş ölkə çiyin-çiyinə verərək alnıaçıq, üzüağ çıxmağı bacarıblar...
Yazının mövzusunun bir qolu kimi, Türkiyədə yaşanan son məlum hadisə zamanı Azərbaycanın, xalqımızın göstərdiyi ənənəvi prinsipial mövqeyə, ortaya qoyduğu işlərə, fəaliyyətə diqqəti çəkmək istəyirəm. Bildiyimiz kimi, təbii fəlakətin baş verdiyi ilk andan etibarən ölkəmizin əsl qardaşlıq, dostluq münasibətinin, həmrəyliyinin göstərici kimi Prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda bir neçə çevik xilasetmə dəstəsi, tibbi heyət, yaralananların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlar, maddi yardımlar göndərildi. Dövlətimizlə yanaşı, xalqımız da bu ağır, çətin gündə türkiyəli qardaşlarını yalnız buraxmadı, ölkəmizin hər yerindən yüzlərlə, minlərlə insan əlindən gəldiyi qədər, könlündən qopanı ilə evsiz-eşiksiz qalan, dəstəyə ehtiyacı olanlara öz köməkliyini göstərməyə çalışdılar, könüllü gənclər zəlzələ bölgəsində xəsarət alanlara yardım məqsədilə qardaş ölkəyə yollanaraq orada öz mənəvi borclarını layiqincə yerinə yetirdilər. Zəlzələ bölgəsində əziyyət çəkən insanların köməyinə yetişəcək zəruri vasitələrlə, əsasən qida, geyim, dərman,  uşaq bezi, sadə yataq, generator, konteyner, səhra çadırları, istilik lampaları, yorğan dəstləri, xalçalar olmaqla sadə insanlar, sahibkarlar dayanmadan humanitar yardımları tırlarla qardaş ölkəyə yola saldılar.Azərbaycanın qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).
Heydər Əliyev Fondunun Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri olduğunu xüsusilə vurğulamaq lazımdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.
"Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.Ankara Zirvəsi bu dəfə də səmərəli müzakirələrlə yadda qaldı. Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, Türkiyənin çətin günündə TDT-ə üzv ölkələrin toplaşması olduqca vacibdir. Məlumdur ki, Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Bu da Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür. Fövqəladə Sammitin yekununda qəbul olunan Ankara bəyannaməsində qeyd olunduğu kimi, üzv dövlətlər zəlzələlərdən sonra bərpa-yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər. Zəlzələlərdən zərər çəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını bir daha təkrarladılar. Bu sammitin ən böyük uğurlarından biri TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəlməsi və Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş oldu. Bu, beynəlxalq ictimaiyyət üçün istinad nöqtəsi baxımından mühüm əhəmiyyət kəsb edir. TDT-nin əsas məqsədlərindən biri Türk dünyasında daha dayanıqlı, davamlı inkişafı təmin etməkdir.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.Əliyev-Ərdoğan birliyi, həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız və bütün dünya üçün nümunədir.Eyni və həm də həlledici tarixi əhəmiyyətə malik zaman çərçivəsində dövlətlərimizə bu iki liderin rəhbərlik etmələri, dostluq, qardaşlıq münasibətlərinə malik olmaları, milli maraqları hər şeydən üstün tutmaları və qətiyyətlə qorumaq iradəsinə sahib olmaları, qənaətimə görə, Azərbaycan-Türkiyə xalqının - iki dövlətin bir millətinin ən böyük qazancıdır.
Danılmaz faktdir ki, Türk Dövlətləri Təşkilatının aparıcı ölkəsi olan qardaş Türkiyə təlatümlərlə dolu müasir dünyaya Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə super güc dövlətlərdən birinə çevrilib, ölkədə sabitlik, inkişaf və rifah təmin edilib. Türkiyə Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biridir. Baş verən son zəlzələlərin aradan qaldırılması işləri zamanı dünyanın, demək olar ki, bütün ölkələrindən Türkiyə dəstəyin göstərilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin beynəlxalq aləmdə qazandığı nüfuzun, hörmətin və etimadın əyani təzahürü idi.
Türkiyə, sevgili Türkiyə vətəndaşları mühüm siyasi kampaniya qarşısındadır;14 may Cümhurbaşqanı və parlamentə seçkilər günüdür.Türkiyə (R.T.Ərdoğan) 15 ildir ki, dünya siyasətinə haqq, ədalət, siyasət əxlaqı anlayışını və nümunəsini gətirən, öz sözünü deyən, iradəsini diqtə etməyi bacaran, beynəlxalq siyasətin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi məkanda məğrurluğunu qoruyub saxlamağı bacaran, böyük güclərin planladığı siyasi-hərbi tuzakların içindən çıxmağı bacaran  söz sahibi dövlətə (liderə) çevrilib.  Bu başarılar 2002-ci ildən bəri bütün seçim və referendumlardan qalib çıxan Ərdoğandır, AK Partidir. Nəinki Türkiyə, həm də sivil dünya tarixində həbsdən çıxıb qurduğu partiyanı cəmi bir ilə təkbaşına iqtidara gətirən, son illərdə keçirilən seçkilərdən səs sayısını artırmaqla sandıqdan 1-ci yerdə çıxan tək partiya AK Partidir.15 iyul 2016-cı ildə dövlət çevrilişi cəhdinin qarşısının alınması və Ərdoğanın çağırışı ilə İstanbulun Yenikapı meydanındakı milyonların mitinqi türk xalqının demokratiyaya, azadlığa, milli qürura, vətənə, Anadolu yurduna sahibliyinin, sadiqliyinin və  Ərdoğan sevgisinin təcəssümü oldu.Şübhə yox ki, bundan sonrakı şəxsi və siyasi taleyindən asılı olmayaraq, Rəcəb Tayyib Ərdoğan adını Türkiyə tarixinə əbədi yazmış dövlət, siyasət adamı olaraq qalacaq.
Ən mötəbər reytinq sorğularında dünya siyasətinə təsir edən siyasətçilərin ilk beşliyində Ərdoğanın da adı dəfələrlə yer alıb. O, Türkiyədə Atatürkdən sonra ən böyük xalq sevgisi qazanmış, dünya siyasətinə haqq, ədalət, siyasi əxlaq nümunəsini gətirən, böyük uğurlara imza atmış siyasi lider, mərd, çətinliklərdən qorxmaz, mübariz, imanlı şəxsiyyət olaraq Azərbaycan xalqının qəlbində özünə əbədi yer tutub.Bizim münasibətlərimizin təməlində iki xalqın bir-birinə olan duyğuları, iki dövlətin bir-birinə olan dəstəyidir.Azərbaycan xalqı da prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsini bir mənalı olaraq dəstəkləyir. Bunun üçün qarşıda duran əsas mühüm məsələlərdən ən birincisi iki qardaş ölkə olaraq keçiriləcək seçkidə birlik və həmrəyilimizi qoruyub möhkəmləndirməkdir.Təbii ki, hər birimiz bu yolda ancaq uğurlu sonluğa, daha böyük hədəflərə çatmağı arzulayırıq. “Yurdda sülh, cahanda barış” amaclı Türkiyəni və onun liderini dəstəkləyir və uğurlar arzu edirik.Heç şübhə yox ki, Ərdoğan və Ak Parti bu seçimdən də qalib çıxacaqdır. Ərdoğana yalnız qələbə yaraşır. Zəfərlər həmişə səninlə olsun Türkiyə!

Aygül Bağırova
AJB üzvü

Şərhlər

XƏBƏR LENTİ