Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlət başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması, TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın enerji siyasətinin beynəlxalq aləmdə uğurları kimi önə çəkildi.
Azərbaycan İtaliyanı neft və qazla təchiz edən əsas ölkədir. Möhtərəm Prezident İlham Əliyevin Çernobbio Forumunda çıxışında xatırlatdığı kimi, “Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir”.
Dövlət başçısı İlham Əliyevin belə beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilə yanaşı, həmin platformalarda çıxışı Azərbaycan reallıqlarını, ölkəmizin hazırda dəyişən dünyanın siyasətinə verdiyi töhfələri beynəlxalq ictimaiyyətə çatdırmaq imkanları yaradır: “Bu, Azərbaycana, Prezident İlham Əliyevə olan inamın, göstərilən etimadın, həmçinin ölkəmizin liderinin artan beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
Prezident İlham Əliyev Forumun panel iclasındakı çıxışında bir daha diqqəti hazırkı dövrdə qlobal problemlərin həllinə Azərbaycanın yanaşmasına yönəltdi. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu gün dövlətlərarası münasibətlərdə, beynəlxalq təşkilatların fəaliyyətində beynəlxalq hüquq normalarının pozulduğunu bir daha vurğulayan dövlət başçısı torpaqlarımız işğal altında olarkən dünya ictimaiyyətinə fəal şəkildə müraciətimizdən bəhs etdi. Azərbaycan Prezidenti bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Hazırda bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasının şahidiyik. Bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.”
Aysel Mənsimova - politoloq