SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ərdoğanın MÖHTƏŞƏM BAKI GEDİŞLƏRİ... - GƏLİŞMƏ

Ərdoğanın MÖHTƏŞƏM BAKI GEDİŞLƏRİ... - GƏLİŞMƏ

Tarix:

17-06-2021, 10:39

/ 370 dəfə oxundu.
Ərdoğanın MÖHTƏŞƏM BAKI GEDİŞLƏRİ... - GƏLİŞMƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar olaraq iyunun 16-da Milli Məclisin xüsusi iclası keçirildi. Qeyd edək ki, Türkiyə Prezidenti parlamentə gəlməzdən öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Türkiyə Respublikasının Prezidenti və onu müşayiət edən nümayəndə heyəti parlament zalına daxil olanda sürəkli alqışlarla qarşılandılar. R.T.Ərdoğan nitq üçün kürsüyə qalxdı və öncə salamlarını çatdırdı. “Azərbaycan xalqını və sizləri Türkiyədəki 84 milyon adına salamlayıram”, deyən Türkiyə Prezidenti daha sonra Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi: “Bəxtiyaram, çünki Qarabağ zəfərini qazanan can Azərbaycandayam. Bəxtiyaram, çünki Azərbaycan Milli Məclisində sizinlə bərabərəm. Bəxtiyaram, çünki müstəqilliyinin 30 ilinə yaxınlaşan Azərbaycandayam”. Qarabağ zəfəri ilə bağlı bir daha Azərbaycan xalqını təbrik edən R.T.Ərdoğan “bu zəfərdən bütün dünya qazanclı çıxacaq”,-deyə bildirdi. Əlavə etdi ki, biz də üzərimizə düşənləri etməyə bütün səmimiyyətimizlə hazırıq.

R.T.Ərdoğan Qarabağın işğalının Azərbaycan xalqına vurduğu zərbələrdən bəhs etdi: “Canı yananlar, qanı tökülənlər, maddi və mənəvi itirənlər, sadəcə, Qarabağda yaşayan insanlar oldu. 30 il ərzində mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın düşdülər. 30 ilin sonunda, şükürlər olsun, işğal altında olan bu torpaqlar təkrar sahiblərinə qovuşdu”.

Türkiyə Prezidenti bildirdi ki, Qarabağda 30 ildir sürən ixtilafın davam etməsinə seyrçi olanlar həmişə qazanan tərəflər olub. “Bu zəfəri Azərbaycana qazandıran Ali Baş Komandan və Azərbaycan Prezidenti hörmətli İlham Əliyevi bir daha təbrik edirəm”, deyən Türkiyə Prezidenti ardınca liderlərinin yanında Qarabağda zəfərə çatmaq üçün tək ürəyə, tək yumruğa dönən Azərbaycan xalqına təbriklərini çatdırdı. “Gözlərini qırpmadan Qarabağın azadlığı üçün qəhrəmancasına mücadilə edən Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı verirəm”,- deyə R.T.Ərdoğan bildirdi. Ali qonaq qeyd etdi ki, bu savaşda Türkiyə həm dövlət, həm millət olaraq daim Azərbaycanın yanında oldu: “Bu gün də Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq!”

R.T.Ərdoğanın çıxışı davamlı şəkildə sürəkli alqışlarla müşayiət olundu.

Qardaş ölkə lideri Ermənistana da mesajını çatdırdı: “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq”.

R.T.Ərdoğan Türkiyənin Qarabağdakı quruculuq və bərpa işlərində yaxından iştirak edəcəyini söylədi: “Biz işğaldan azad olunan əraziləri yenidən inşa edərək, yeni bir Qarabağ ərsəyə gətirəcəyik”. Həmçinin ermənilərin havadarlarına da vacib mesaj verdi: “Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanlar indi gəlib Füzulini, Qarabağı görsünlər! Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi. Ancaq biz oraları yenidən inşa edərək, yeni bir Qarabağ ərsəyə gətirəcəyik”.

R.T.Ərdoğan qeyd etdi ki, Şuşa bu gün öz mədəniyyəti ilə ayağa qalxır: “Cıdır düzündə təşkil edilən Xarıbülbül festivalı dünyaya verilən açıq bir mesaj idi. Şuşanın gələcəkdə Türk dünyasının paytaxtı olmasını görməkdən məmnun olarıq. Dünyanın 4 tərəfindən olan türk sənət adamlarının Şuşaya gəlməsi Şuşaya gözəl bir salam olardı”.

Prezident Şuşanın zəngin tarixindən, mədəniyyət beşiyi olmasından, yetişdirdiyi tarixi şəxsiyyətlərdən danışdı, Pənahəli xandan, Molla Pənah Vaqifdən, Üzeyir Hacıbəylidən, Rəşid Behbudovdan, Xan qızı Natəvandan və digərlərindən məmnunluqla bəhs etdi.

Dövlət başçısı qeyd etdi ki, Qarabağın azad edilməsi Azərbaycanın 30 ilinin ən mühüm hadisəsidir.

Türkiyə lideri bildirdi ki, 30 ildir qanayan yara sağalıb:

“Böyük bir liderlik göstərərək bu zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm”.

Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığını xüsusi vurğulayan Prezident Ərdoğan daha sonra bildirdi:

“Gözlərini qırpmadan Vətən, Qarabağ, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə edən Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq".

“İndi gəlsinlər Füzulini görsünlər, necə tarmar edilib. Gəlsinlər, Qarabağı görsünlər. Dünən yolboyu buranın halını gördük. Buranı necə bombalayıb getmişlər. Bunlar gələrkən işğalçı, gedərkən tarmar edici idi” söyləyən R.T.Ərdoğan ardınca erməni havadarlarına xitab etdi. Ermənilərin işğal dövründə, hətta Qarabağı tərk edərkən törətdikləri vəhşiliklərə diqqət çəkən dövlət başçısı bildirdi: “Sadəcə, bu fakt Qarabağın kimə məxsus olduğunu demək üçün yetər. Azərbaycanlılar heç bir yeri yıxmadılar. Çünki insan öz yurdunu dağıtmaz. Onların yıxdıqları şəhərləri, kəndləri Azərbaycan yenidən inşa edir. İnşallah, bərabər inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik. Vandallıqla mədəniyyət arasındakı fərqi görmək istəyən gəlsin Qarabağdakı duruma baxsın!”

R.T.Ərdoğan bir daha yüksək kürsüdən bəyan etdi: “Türkiyə olaraq bu prosesdə də qardaş Azərbaycanın yanında olacağıq”.

Türkiyə Prezidenti qeyd etdi ki, bu zəfəri hamının birgə zəfəri halına gətirmək bizim əlimizdədir: “Qafqazın boynuna bir daha kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə ”Dünya beşdən böyükdür" deyərək, qlobal səviyyədə də aparırıq. Mən bura NATO zirvəsindən gəldim. Bunları NATO zirvəsində də danışdıq, dəyərləndirdik. Bura müsbət düşüncələrlə gəldik. Amma dünyanın problemləri bitmir. Dünyada həll ediləcək çoxlu problem var. Amma dik dursaq, sağlam dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah mədəniyyət günəşimizi yenidən ən yüksəyə qaldıraraq, bölgədə və dünyada sülh və ədalətin hakim olacağı günlər yaxındadır".

Türkiyə Prezidenti nitqini Bəxtiyar Vahabzadənin aşağıdakı misraları ilə yekunlaşdırdı:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan-Türkiyə!

Deputatlar qardaş ölkənin Cümhurbaşqanını ayaq üstə, sürəkli alqışlarla yola saldılar.

****

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Milli Məclisdən çıxdıqdan sonra Şəhidlər Xiyabanını ziyarət etdilər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ziyarətinin ardınca Prezident və digər dəyərli qonaqlar Türk Şəhidliyinin ziyarətində oldular. 1918-ci ildə Azərbaycan uğrunda canlarından keçmiş qəhrəman qardaşlarımızın adı yazılmış lövhələr üzərinə qərənfillər düzən R.T.Ərdoğan onların ruhuna dualarını dilə gətirdi.

Türkiyə Prezidenti daha sonra Türkiyədən olan rəsmilərlə və mətbuat nümayəndələri ilə şəkillər çəkdirdi. Səmimi atmosferdə davam edən ayaqüstü təmasda Türkiyə liderini “Yeni Müsavat” adından salamlayaraq, Qarabağ zəfərimiz münasibətilə təbrik etmək şansını qaçırmadıq. 2017-ci ilin iyununda Türkiyədə görüşərkən qəzetimizə açıqlamasında Azərbaycana dəstək və Qarabağ məsələsi ilə bağlı dediklərini və ümid verdiyini xatırlatdıq. R.T.Ərdoğan isə qarşılığında məmnunluqla “ümid verdik, çox gözəl nəticə oldu, şükürlər olsun”, söylədi.

Nümayəndə heyətinin tərkibində olan sabiq baş nazir, TBMM-nin deputatı Binəli Yıldırım da heyət üzvləri ilə bərabər Şuşada olub və çox gözəl təəssüratlarla dönüb. B.Yıldırım “Yeni Müsavat”a açıqlamasında Qarabağ zəfərinə görə böyük məmnunluğunu dilə gətirdi, təbriklərini söylədi. Şuşa ilə bağlı təəssüratlarını bölüşən B.Yıldırım qeyd etdi ki, azad olunandan sonra Şuşanı, digər torpaqları görmək böyük bir bəxtiyarlıqdır. “Rəbbim birliyimizi daimi eləsin! ”Bir millət, iki dövlət" olaraq bizim birliyimiz əbədi olsun".

Şərhlər

XƏBƏR LENTİ