XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər dürmadan möhkəmlənir

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər dürmadan möhkəmlənir

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər  dürmadan möhkəmlənir
5-06-2021, 15:24

Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir. Münasibətlər, həm ictimaiyyətlər arasında, həm də dövlət rəsmiləri və siyasətçilər tərəfindən daha çox “bir millət, iki dövlət” şüarı ilə xarakterizə edilir. Bu, münasiətlərin təməlində tarixi, mədəni, milli, dini, ictimai və digər bu cür səbəblərin yer almasından qaynaqlanır. 
Tarixi kökləri olan və indiyə qədərki dövrdə müxtəlif mərhələlərdən keçən münasibətlər, 20-ci əsrin sonlarında Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasıyla birlikdə yenidən yüksəlişə keçmişdir. İki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç çübhəsiz ki, iqtisadi əlaqələrdir.
Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri təşkil edir.
Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital axını yaradır. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, sektorlarıdır. Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank Azərbaycan”, “Azər-Türk Bank” nümunə göstərilə bilər. Neft-qaz sektorunda isə Türkiyənin Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Kürdaşı” və “Alov” kimi layihələrdə tərəfdaşlığı misal göstərilə bilər.
Azərbaycanın neft-kimya sahəsi başda olmaqla neft-emalı, energetika, logistika sektorlarını əhatə edən strateji investisiyalarının qardaş ölkə üçün enerji təhlükəsizliyində, ətraf mühitin qorunmasında, əhalinin rifah səviyyəsinin yüksəldilməsində əhəmiyyətli payının olduğu açıq şəkildə görünür.
 Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Naxçıvanla nəqliyyat dəhlizinin, tarixi “Ələt-Culfa” dəmir yolu xəttinin bərpası və bu dəmir yolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan “Qars-İğdır-Culfa” dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa ilə Asiya arasında fasiləsiz daşımaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıra bilər.
Qlobal əhəmiyyət daşıyan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum Cənub Qafqaz Təbii Qaz Boru Xətti layihələri çərçivəsində çoxtərəfli əməkdaşlıq uğurla davam edir. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
İşğaldan azad edilmiş ərazilərin infrastrukturunun bərpa olunmasında Füzuli-Şuşa arasındakı Zəfər yolu, Toğana-Kəlbəcər yolu, habelə Füzulidə tikiləcək hava limanının tikintisində türk şirkətlərinin fəal iştirakı nəzərdə tutulur. Azərbaycanda həyata keçirilən quruculuq işləri, habelə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edilməsi türk investorlar üçün geniş imkanlar və perspektivlər vəd edir.

 
Aysel Mənsimova – YAP üzvü

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.