SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Lavrovun Bakı səfəri: “Yeni təkliflər paketi ilə gəlir” – “Sürprizlər” olacaq?

Lavrovun Bakı səfəri: “Yeni təkliflər paketi ilə gəlir” – “Sürprizlər” olacaq?

Tarix:

30-04-2021, 08:35

/ 441 dəfə oxundu.
Lavrovun Bakı səfəri: “Yeni təkliflər paketi ilə gəlir” – “Sürprizlər” olacaq?

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq. Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.M.Zaxarova qeyd edib ki, səfər mövcud olan razılaşmalara uyğun olaraq həyata keçiriləcək. O, bildirib ki, S.Lavrov mayın 5-6-da İrəvana səfər edəcək.

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev səfərin məqsədini “Sherg.az”a açıqlayıb.Analitik vurğulayıb ki, Lavrov Azərbaycana xeyirli məqsədlə gəlmir:

“Mayın 10 və 11-i təsadüfi seçilməyib. Çünki noyabrın 10-da üçtərəfli bəyanat, 11 yanvar 2021-ci ildə isə yenidən üçtərəfli bəyanat imzalanıb. Bundan başqa Rusiya sülhməramlılarının mayın 9-da Xankəndi və Xocalıda dünya praktikasında olmayan bir addım atacağı gözlənilir. Parad keçirmək məsələsini gündəmə gətiriblər. Bütün bu gərginlikdən sonra təbii ki, Azərbaycanın Rusiyaya olan münasibətində yeni bir gərginlik artan xətlə davam edəcək. Lavrov gəlib ilk növbədə bu gərginliyi sakitləşdirməyə çalışacaq. Digər tərəfdən ola bilsin ki, Rusiyanın yeni təkliflərini gətirsin. Çünki Aleksandr Duqin çıxış etdi və Azərbaycanı hədələdi. Məlumdur ki, o da Putinin sözçüsüdür. Duqin iddia irəli sürdü ki, Azərbaycan mütləq KTMT-yə daxil olmalıdır. Bu isə ölkəmiz üçün ağır nəticələr gətirə bilər”.

İyunun 20-də Ermənistanda seçkilər keçiriləcəyini söyləyən C.Nuriyev bildirib ki, ruslar Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər:

“Çünki ABŞ-ın hazırda Ermənistanda reytinqi çox böyükdür. Onu zərərsizləşdirmək üçün yenidən Azərbaycan kartından istifadə edəcəklər. Təbii ki, Azərbaycan tərəfi də bundan yararlanmalıdır. Çünki Xankəndidən erməni terrorçularını çıxarmağa başlayıblarsa, bu, Azərbaycan üçün həm bir mesaj, həm də bir jestdir. Ölkəmizin də başqa istəkləri ola bilər. Ən azı Ağdam və Tərtərin azərbaycanlılar yaşayan kəndlərinin bizim nəzarətimizə verilməsini tələb edə bilərik. Ona görə də Lavrovun səfəri zamanı bu tipli məsələlər müzakirə oluna bilər. Bilmirəm ki, o, Bakıya gələndə işgüzar səfər olduğu üçün prezidentlə görüşəcək ya yox. Təbii ki, Lavrov Azərbaycana hansısa təkliflər paketi ilə gəlir. Elə məsələlər var ki, onlar cəmiyyət üçün açıqlanmayacaq. Ən azı Qarabağla bağlı məsələlər, Azərbaycan-Türkiyə, Türkiyə-Rusiya, Azərbaycan-Ermənistan münasibətləri masada olacaq. Hər halda bu məsələlər cənab Prezidentlə müzakirə oluna bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da düşünür ki, Lavrovun ölkəmizə səfərləri heç zaman xeyrimizə olmayıb:

“Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq, ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi.
Lavrov yenə gəlir. Rusiyanın Xarici işlər naziri mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə - Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. O, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki, Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfər üçün hazırlıqlara başlayıb”.

Analitik qeyd edib ki, Moskva narahatdır və Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir:

“Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil.Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz. Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.

Şərhlər

XƏBƏR LENTİ