SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Tarixi torpaqlarımıza qayıdışın yeni mərhələsi

Tarixi torpaqlarımıza qayıdışın yeni mərhələsi

Tarix:

26-04-2021, 18:28

/ 414 dəfə oxundu.
Tarixi torpaqlarımıza qayıdışın yeni mərhələsi

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il     20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibə verdi. Ali baş komandan çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandı. Azərbaycan məqsədinə indi çatdı. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir.
Prezident İlham Əliyev hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayında etdiyi çıxışda bildirmişdi ki, “tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.
Prezident İlham Əliyevin son çıxışları bəzi dairələrdə sərhədlərin yenidən cızılması kimi qiymətləndirilməkdədir. Bu cür qiymətləndirmənin əsassız olduğunu bəri başdan nümayiş etdirmək üçün cənab Prezident ADA Universitetində keçirilmiş görüşdə bildirib ki, “mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?” Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaqdır.
Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.
 
Sahib Nağıyev,
Salyan şəhər 1 saylı məktəb-liseyin direktoru

Şərhlər

XƏBƏR LENTİ