XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Ölkəmizin üzərinə xain həmlələrin qarşısına kim və necə çıxsın - TƏKLİF

Ölkəmizin üzərinə xain həmlələrin qarşısına kim və necə çıxsın - TƏKLİF

Ölkəmizin üzərinə xain həmlələrin qarşısına kim və necə çıxsın - TƏKLİF
30-03-2021, 09:20

Qərbin Azərbaycandakı agenturası, dəstəkçiləri dövlət, hökumət və Prezident əleyhinə hər gün ciddi fəaliyyət göstərir. Müxtəlif beynəlxalq təşkilatların əli ilə Azərbaycana qarşı siyasi, ideoloji təbliğat, kampaniya həyata keçirilir.

Bəs belə bir vəziyyətdə Azərbaycan xaricdən ona edilən siyasi-ideoloji-diplomatik hücumlara necə cavab verməyi düşünür? Hansı resurslarla bunu önləməyə hazırlaşır? Yeni simalar, ağıllı başlar, inandırıcı arqumentlər söyləyən personalar olmalıdır bu işdə. Bəs ehtiyatda nə var? Prezident İlham Əliyev son illərdə tam yeni komanda formalaşdırdı, bir çox parlaq simaları mühüm dövlət vəzifələrinə təyin etdi. Həmçinin YAP-ı da yenilədi, qurultay çağırdı. Bütün bunlardan sonra yeni gerçəkliklərə, tələblərə hakim komanda cavab verirmi? Prezident özü meydanda və kameralar qarşısında olanda Azərbaycanın mövqeyi çox güclü olur. Amma təbii ki, bu işi təkcə ölkə başçısı aparmamalıdır. Deputat korpusu bu prosesi çəkib apara biləcəkmi?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ötən il tarixinin ən böyük uğurlarını qazanan Azərbaycana xaricdən hücumların şiddətlənəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətin deyildi: “44 günlük müharibə dövründə meydanda tək qalan Fransa ermənilərə dəstək vermək üçün əlindən gələni etdi. Prezident Emmanuel Makron müharibənin Azərbaycanın uğurlu əks-hücumu ilə davam edən ilk günlərində hərbi əməliyyatların dayandırılması üçün cəhdlər etdi. Dalbadal telefon zənglərinin heç bir nəticə vermədiyini görən Fransa prezidenti KİV-ə Azərbaycan tərəfində ərəb terrorçularının vuruşması barədə böhtan xarakterli bəyanat verdi. Azərbaycan Prezidentinin sübutların təqdim olunması barədə tələbi isə bu günə qədər cavabsız qalıb. Təəssüf ki, başı prezident seçkilərinə qarışan ABŞ rəsmiləri də eyni məzmunlu bəyanatla çıxış etdilər və fransalı həmkarları kimi sübutlar təqdimetmə əziyyətinə qatlaşmaq istəmədilər. Artıq ABŞ-da prezident seçkiləri xeyli vaxtdır başa çatıb, Co Bayden dövlət başçısı kimi iki aydan artıq fəaliyyət göstərib. Onun verdiyi bəyanatlar, atdığı addımlar təəssüf ki, bizim üçün yaxşı şeylər vəd etmir. Son günlər digər Qərb dövlətlərində, xüsusilə Almaniyada anti-Azərbaycan mövqeyində dayanan qüvvələrin fəallaşması hamımızı narahat etməli və bu hücumların qarşısını almaq yolları barədə düşündürməlidir.

İlk növbədə diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız bu hücumların qarşısını almaq üçün əllərindən gələni etməlidirlər. Heç bir böhtan xarakterli iddia diqqətdən kənarda qalmamalı və vaxtında, əsaslandırılmış şəkildə cavablandırılmalıdır".

A.Səmədov hesab edir ki, Milli Məclisin deputatlarının, siyasi və ictimai xadimlərin potensialından maksimum yararlanmaq lazımdır. Həm parlamentdə, həm də digər qurumlarda belə dəyərli insanlar var: “Eyni zamanda yeni simaların, ağıllı, inandırıcı arqumentlər söyləyən şəxsiyyətlərin bu işə cəlb olunması üçün hamı əlindən gələni etməlidir.

Təbii ki, bu işdə əsas ağırlıq hakimiyyət orqanlarının və hakim Yeni Azərbaycan Partiyasının üzərinə düşəcəkdir. Hakimiyyəti dəstəkləyən partiyaların, onların liderlərinin, tanınmış, nüfuzlu ziyalıların, jurnalistlərin bu istiqamətdə səmərəli fəaliyyəti təşkil olunmalıdır. Bu qüvvələrin işinin əlaqələndirilməsinə xüsusi əhəmiyyət verilməlidir. Debatlarda, müxtəlif tədbirlərdə, KİV-lərdə hakimiyyətin mövqeyini inandırıcı şəkildə müdafiə etməyi bacaran şəxslərdən ibarət qrup yaradılmalı və onlara hər cür informasiya dəstəyi verilməlidir. Bu insanların pərakəndə şəkildə fəaliyyət göstərmələri və heç bir dəstək almadan mübarizə aparmaları Azərbaycanın düşmənlərinə dəstək verməkdən, onların əlini gücləndirməkdən başqa bir şey deyildir".

Partiya sədri qeyd etdi ki, Qərbin Azərbaycandakı agenturası, dəstəkçiləri son günlər xüsusilə fəallaşıblar və Azərbaycan Prezidenti əleyhinə hər gün ciddi fəaliyyət göstərirlər: «Tənqidin, əksər hallarda şər və böhtanın elə bir ciddi hazırlıq tələb etmədiyini, müəyyən əhali qruplarının asanlıqla belə təbliğatın təsiri altına düşmələrini nəzərə alsaq, “beşinci kolon”un bu mübarizədə daha əlverişli mövqedə olduğu etiraf olunmalıdır. O da etiraf olunmalıdır ki, maksimum fəallaşmadan, bütün qüvvələri bu mübarizəyə cəlb etmədən bu “döyüşdən” qələbə ilə çıxmaq mümkün olmayacaq. İşi yalnız deputatların üzərinə qoymaq olmaz".
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.