SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Təhlükəsizliyimiz etibarlı əllərdədir

Təhlükəsizliyimiz etibarlı əllərdədir

Tarix:

28-03-2021, 18:44

/ 434 dəfə oxundu.
Təhlükəsizliyimiz etibarlı əllərdədir

Əsası Azərbaycan Xalq Cümhuriyyəti illərində qoyulan Dövlət Təhlükəsizlik Xidməti dövlətçiliyimizin qorunmasında, onun inkişaf etməsində mühüm rol oynayır. Müstəqil Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqları əleyhinə yönəlmiş daxili və xarici təzyiqləri, təhdidləri vaxtında aşkarlamaq, qabaqlamaq və qarşısının alınmasında DTX-nın fəaliyyəti təqdir olunur.
Ümumilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 28 mart təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis edilməsi, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin edilməsi xidmətin təşkilində və inkişafında xüsusi rol oynamışdır. Ulu Öndər deyirdi: “...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”.
Dünyamızın yeni düzənə qədəm qoyduğu bir vaxtda DTX-nın ən ümdə məsələlərindən biri də terrorla mübarizə təşkil edir. Mənfur düşmənimiz olan erməni qəsbkarlarının tarix boyu sadə vətəndaşlarımıza qarşı həyata keçirdiyi terrorla yanaşı, iqtisadi, milli və ideoloji terroru bu gün də davam edir. Məhz bu kimi terror hadisələrinin, o cümlədən geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terrorçuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azərbaycanın təhlükəsizlik orqanları davamlı tədbirlər həyata keçirir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik xidmətinin inkişafı, bu sahədə təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. Cənab Prezidentin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. DTX-nin fəaliyyətinin çevik, səmərəli, məqsədyönlü surətdə tənzimlənməsi üçün müvafiq normativ hüquqi bazanın formalaşdırılması və gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bunlarla yanaşı xidmətdə görülən işlərin keyfiyyətinin yaxşılaşdırlması istiqamətində həyata keçirilən kadr islahatları da ciddi nəaliyyətlərin əldə olunmasına səbəb olub. Peşəkar kadrların DTX-a rəhbərliyinə və onun digər strukturlarına təyin olunmasından sonra DTX xalqı, dövləti müdafiyə edən orqan funksiyasını yüksək səviyyədə həyata keçirir. Təhlükəsizlik mühitini düzgün qiymətləndirməyi bacaran DTX xalqı incik salan məmurlara, xarici agenturaya, terrorizmə, dini eskterizmə qarşı həyata keçirilən tədbirlər nəticəsində öz müsbət fəaliyyətini ortaya qoymuş oldu.
Bütün bu həyata keçirilən məqsədyönlü tədbirlərin, uzaqgörən siyasətin bir amalı var. Bu, Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılması, daha da möhkəmləndirilməsidir. Bu yöndə ən çətin iş DTX əməkdaşlarının üzərinə düşür. Bu gün əminliklə demək olar ki, Azərbaycan xalqının milli maraqlarının təhlükəsizliyi etibarlı əllərdədir.
Mən də öz növbəmdə Dövlət Təhlükəsizlik Xidməti işçilərini peşə bayramı münasibəti ilə təbrik edirəm və onlara fəaliyyətində uğurlar arzu edirəm.

İltizam Yusifov
Milli Məclisin deputatı

Şərhlər

XƏBƏR LENTİ