SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Müzəffər Azərbaycan Ordusu qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib

Müzəffər Azərbaycan Ordusu qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib

Tarix:

6-03-2021, 12:03

/ 1 650 dəfə oxundu.
Müzəffər Azərbaycan Ordusu qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib

44 günlük müharibə və qazanılan şanlı Qələbə sübut etdi ki, Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü ordusudur. Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Qələbədən bir neçə ay ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Məhz bu ordu Vətən müharibəsində tarix yazdı. Fevralın 26-da İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını cavablandırarkən bu məsələyə də toxunmuşdu.
Ölkə başçısının orduya göstərdiyi diqqət və qayğı, ordunun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksək olması hər zaman prioritet idi. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki bazası gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bütün bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf etdi.
Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialını gücləndirdi. Son illər yaradılmış hərbi zavodlarda çoxsaylı hərbi təyinatlı məhsullar istehsal olunaraq ordumuz təchiz edildi. Bununla yanaşı, ən müasir texnika və silahlar alındı. Onların arasında yüzlərlə zirehli texnika, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, müasir standartlara cavab verən sistemlər, onlarca döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri var. Bütün bunlar hərbi gücümüzü artırdı. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında seçilən nadir ölkələrdən birinə çevrildi.
Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun zəfər yürüşü dünyaya səs saldı. Azərbaycan Ordusunun əsgər və zabitləri əsl qəhrəmanlıq göstərərək düşmənin müdafiə xəttini asanlıqla yara bildi. Şuşa əməliyyatı bu gün də müzakirə mövzusudur. Komandanlığın düzgün kombinasiyası ilə kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpuslarının döyüş hazırlığı birlikdə qələbəyə gətirib çıxardı.
İkinci Qarabağ müharibəsində Azərbaycan həm də yeni təcrübə topladı. Çünki ordumuz bunadək demək olar ki, müharibələrdə iştirak etməmişdi. Sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Vətən müharibəsində zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də əsgər və zabitlərimizin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, qələbəyə inamı, şəxsi rəşadətləri, döyüş əhvali-ruhiyyələri idi.
Döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına qələbəni təmin etmələri hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.
İnanırıq ki, Ordumuzun döyüş əməliyyatlarını xüsusi peşəkarlıqla planlaşdıraraq həyata keçirmək strategiyası və taktikası digər ölkələrin hərbi strukturları tərəfindən öyrəniləcək və yeri gələndə tətbiq ediləcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ