SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hakim partiya prezidentin apardığı islahatlar kursunda yer ala bilmir - NİYƏ?

Hakim partiya prezidentin apardığı islahatlar kursunda yer ala bilmir - NİYƏ?

Tarix:

16-02-2021, 12:08

/ 732 dəfə oxundu.
Hakim partiya prezidentin apardığı islahatlar kursunda yer ala bilmir - NİYƏ?

Pandemiya və müharibə hakim Yeni Azərbaycan Partiyasında (YAP) dəyişiklikləri arxa plana keçirdi. 2019-cu ildən etibarən hakimiyyət strukturlarında aparılan islahatlar, kadr dəyişiklikləri, korrupsioner məmurların həbs edilməsi ölkənin əsas siyasi qüvvəsinin yeniləşməsinin qaçılmaz olduğunu gündəmə gətirmişdi. Çünki YAP uzun müddətdir nə cəmiyyətə, nə də elə hakimiyyətin özünə müsbət heç nə verə bilmir.

Ölkənin siyasi həyatında partiyanın fəaliyyəti zəif hiss olunur. Məsələn, YAP Milli Məclisdə 70 deputatla təmsil olunsa da, bir dəfə olsun qanunvericilik təşəbbüsü ilə çıxış etməyib. Ölkənin, xalqın problemləri, ondan çıxış yolları barədə nə partiyanın özündə, nə də Milli Məclisdə hər hansı müzakirə keçirilməyib. YAP digər siyasi təşkilatlarla da əlaqə saxlamır. Milli Məclisdə və ondan kənarda hakimiyyətin kursunu dəstəkləyən siyasi təşkilatlarla birgə fəaliyyəti yox dərəcəsindədir.

YAP-ın daxilində də dəyişməz monotonluq, durğunluq hökm sürür. Partiya strukturları nə yerlərdə, nə də mərkəzi aparatda diqqət çəkən fəaliyyətlə məşğul olmurlar. Məsələn, partiya üzvlərinin əksəriyyətini gənclər təşkil etsə də, onların debatlar, müzakirələr keçirdiyini, tələbələrlə, gənclərlə iş apardığını kimsə görməyib.

YAP daxilində siyasi inkişafın heç bir modeli yoxdur. 30 il əvvəlki idarəçilik sistemi daşlaşmış şəkildə qalıb. Siyasətlə məşğul olmaq, siyasi karyera qurmaq istəyən gənclər üçün hakim partiyada heç bir mühit yoxdur.

YAP-ın siyasi qüvvə kimi faktiki yoxluğu 44 günlük Vətən müharibəsi zamanı özünü qabarıq şəkildə büruzə verdi. Partiya rəhbərliyinə daxil olan şəxslər olduqca sönük təsir bağışladılar. Nə orduya dəstək kampaniyalarında hansısa təşəbbüslə şıxış etdilər, nə də Şəhidlərin dəfnində, qazilərin müalicəsində hakim partiya yetkililərini görmək oldu...

Məsələn, YAP-ın icra katibi Əli Əhmədov və müavinləri çiynlərini bir Şəhdin tabutunun altına vermədi. Yalnız ara-sıra dövlət tədbirlərində Şəhidlərin məzarına gül qoymaqla öz vəzifələrini bitmiş hesab edirlər...

YAP yalnız parlament seçkiləri zamanı gündəmdə olmağı bacarır. Bu zaman daxili qruplaşmaların mandat uğurunda amansız mübarizəsi mətbuat səhifələrinə çıxır. Elə bu səbəbdən, ötən ilin fevralın 9-da keçirlmiş növbədənkənar parlament seçkilərində hakim partiya deputatlığa namizəd siyashısını son anda müəyyənləşdirə bildi. Onlarla partiya üzvü namizədliyini irəli sürdüyü üçün YAP-dan qovuldu.

Əlbəttə, YAP-ın belə ölüvay mövcudiyyəti cəmiyyəti siyasi inkişafdan saxlayan əsas amillərdən biidir. Partiya özünü siyasi idarəçilikdən tədric etdikcə ölkədə inzibati idarəçilik üsulları daha da möhkəmlənir. Bu da dövlət idarəçiliyinə partiya strukturlarında yetmiş siyasətçilərin deyil, başqa meyarlarla təyinatların verilməsinə gətirib çıxarır.

Təsadüfi deyil ki, son üç ildə hakimiyyətdə aparılan kadr dəyişikliyində YAP kadr bankı rolunu oynaya bilməyib. Mühüm dövlət postlarına irəli çəkilən gənclərin əksəriyyəti partiyasızdır. YAP üzvü olan bir neçə dövlət məmuru isə hakim partiyanın rəhbər strukturlarında təmsil olunmurlar.

Məsələn, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Xarici işlər naziri Ceyhun Bayramov, Kənd təsərrüfatı naziri İnam Kərimov, Rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Təhsil naziri Emin Əmrullayev, Mədəniyyət və turizm naziri Anar Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Qida Təhlküəsziliyi Agentliyinin direktoru Qoşqar Təhməzli, TƏBİB-in icraçı direktoru Ramin Bayramlı hakim partiyanın üzvləri deyillər.

Hakimiyyətdə uzun müddət təmsil olunan nazirlərdən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Gənclər və idman naziri Azad Rəhimov, maliyyə naziri Samir Şərifovun və Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadənin şəxsi məlumatlarında partiyalılıqları göstərilməyib. Səhiyyə naziri Oqtay Şirəliyev isə YAP sıralarındadır.

Son bir neçə ildə irəli çəkilən kadrlardan Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev YAP üzvləri olsalar da, partiyanın rəhbər strukturlarında təmsil olunmurlar.

Bundan başqa prezidentin 5 köməkçisindən yalnız biri - Kərəm Həsənov hakim partiyanın sıravi üzvüdür. Hikmət Hacıyev, Şahmar Mövsümov, Natiq Əmirov, Anar Ələkbərov YAP üzvü olmayıblar.

Birinci Vitse-prezidentin köməkçiləri - Emin Hüseynov, Xaliq Əhədov, Gündüz Kərimov, Elçin Əmirbəyov, Andrey Spilin və Yusif Məmmədəliyev də eyni qaydada partiyalara qoşulmamağı üstün tutublar.

Baş nazirin müavinlərinə gəldikdə Şahin Mustafayev və Yaqub Eyyubovun bioqrafiyasında YAP üzvü olduqları göstərilməyib.

Qeyd edək ki, Birinci Vitse-prezident Mehriban Əliyeva, YAP sədrinin müavini, Baş nazir Əli Əsədov Siyasi Şurasnın üzvü və Milli Məclisin sədri Sahibə Qafarova isə sıravi üzvüdür.

Təqdim olunan məlumatlardan görünür ki, hakim partiya prezidentin apardığı islahatlar kursunda yer ala bilmir. Dövlət idarəçiliyinə töhfələr verəcək kadr bazası yoxdur, cəmiyyətdə nüfuzu da yüksək deyil.

Qısası, hakimiyyət YAP-dan faydalana bilmir, onun demontaj olunmasının vaxtı çoxdan çatıb. Partiya daxilində islahatlar aparılması vacibdir. Vitrinin yenilənməsi, daxili inkişaf mexanizmlərinin formalaşdırılması, cəmiyyətin bütün təbəqələri ilə fəal işbirliyinin qurulması YAP-da həllini gözləyən problemlərin ilk sıralarında gəlir.

YAP qısa müddətdə özünü yenilməsə, onun siyasi hakimiyyətdən kənarlaşdırılması daha da sürtətlənəcək. Bu da onun ümumiyyətlə vacib olub-olmaması barədə müzakirələrə start verəcək.
"AzPolitika.info"

Şərhlər

XƏBƏR LENTİ