XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Dəmir yumruğun işə salınması zərurətə çevrilə bilər - GƏLİŞMƏ

Dəmir yumruğun işə salınması zərurətə çevrilə bilər - GƏLİŞMƏ

Dəmir yumruğun işə salınması zərurətə çevrilə bilər - GƏLİŞMƏ
9-02-2021, 09:47

Ermənistanda revanş əhval-ruhiyyəsi get-gedə artır. Paralel olaraq Qarabağdakı ermənilərin də qudurğan hərəkətləri müşahidə edilir. Azərbaycanın adı yazılan lövhəyə güllə atırlar, əsgərlərimizə hücum edirlər, beynəlxalq məhkəmələrə müraciət edirlər, bəyanatlar verirlər və s. Bəs ermənilərin revanşçılığına və axmaq davranışlarına hansı formada cavab verməliyik? Biz onların toparlanmasına, güclənməsinə göz yumaq, yoxsa dirçəlmədən başlarını əzək?

Siyasi analitik Əhməd Şahidov bildirdi ki, ermənilərin revanş cəhdləri gözlənilən idi: “Çünki Ermənistan cəmiyyəti, erməni diasporu Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi qələbə ilə heç vaxt barışmayacağı mövqeyini nümayiş etdirir. Onlar on illərdir Qarabağı və digər rayonlarımızı işğalda saxlayıblar, elə hesab ediblər ki, bütün bu ərazilər artıq birdəfəlik onlarındır. İndi bütün bu xəyalları, planları puç olub. Ona görə də erməniçilik ideologiyası da sarsılıb. İndi ermənilər bununla barışa bilmirlər: ”Bu baxımdan hesab edirəm ermənilərin revanş cəhdləri daha da artacaq. İnanmıram ki, ermənilər Qarabağda bizimlə birgə yaşayış barədə düşünməyə başlasınlar, buna razılaşsınlar. 10 noyabr birgə bəyanatından hələ uzun müddət keçməyib, artıq erməni cəmiyyətində revanş cəhdləri var. Onlar yenidən güclənmək, Azərbaycana hücuma keçmək, torpaqları yenidən ələ keçirmək istəklərini gizlətmirlər. Ona görə də Azərbaycan qətiyyən arxayınlaşmamalı, ermənilərin bizimlə razılaşacağına ümid etməməli, hər zaman güclü olmalı, dəmir yumruğunu hazır vəziyyətdə saxlamalıdır ki, istənilən an revanşist ermənilərin başına endirə bilsin. Həmin erməniləri belə görünür ki, gələcəkdə ancaq dəmir yumruq yerlərində oturtmalı olacaq. Danışıqla, dilə tutmaqla onları normal mövqeyə gətirmək, razılaşdırmaq mümkün görünmür".

Ekspert bu baxımdan hesab edir ki, biz ordumuzu həm kəmiyyət, həm keyfiyyət baxımından daha da gücləndirməliyik: “Nəzərə almaq lazımdır ki, 27 sentyabrdan əvvəlki vaxtda olan qorunan ərazilərimizin üzərinə 30 ilə yaxın işğalda olan və azad etdiyimi ərazilərimizin də qorunması zərurəti gəlib. Yəni indi ordumuzun kəmiyyəti daha da böyüməlidir, ordu daha da güclənməlidir. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi davam etdirməliyik. Dünyada proseslər çox sürətlə dəyişir. Hər cür geosiyasi vəziyyətə hazır olmalıyıq. Azərbaycan 10 noyabr birgə bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə yanaşı, dayanmadan öz gücünü, qüdrətini artırmalıdır. Erməni xislətini bir an belə, unutmaq olmaz. Ordusu darmadağın olmuş, iqtisadiyyatı çökmüş, cəmiyyəti bölünmüş Ermənistan revanş barədə düşünürsə, təsəvvür edin gələcəkdə bir az özlərinə gəlib güclənərlərsə hansı davranışları edəcəklər. Ona görə də Azərbaycan bütün istiqamətlərdə güclənməlidir. Ermənilərin revanş istəkləri hələ ki sözlərdən ibarətdir. Ona görə də bu vəziyyətdə Azərbaycan hücuma keçib onların başını əzmək, cəzalandırmaq istəmir. Ancaq ermənilər sözdən konkret əmələ keçməyə cəhd etsələr, o zaman 10 noyabr razılaşmasının şərtlərini pozmuş olacaqlar və bu zaman Azərbaycan üçün tam əsas yaranacaq ki, dəmir yumruğunu işə salsın”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanda müəyyən kəsimin revanşist açıqlamaları bundan sonra nəyisə dəyişməyəcək. Sadəcə, bu toplumla sülh və əməkdaşlıq əlaqələrinin olmamasına gətirib çıxaracaq. Bu da Ermənistanın maraqlarına ziddir: “Qarabağ klanına rəğbət bəsləyənlər, Zəngəzur istiqamətində Azərbaycan ərazilərində qanunsuz məskunlaşanların indi geri çəkilməsi onların bu kimi haqsız şəkildə Azərbaycana qarşı bu revanşizm mövqeyi bizim daha da onlar üzərində üstünlüyümuzu qorumağı şərtləndirir. Yəni, biz daima güclü olmalıyıq ki, onların bizim üzərimizə gəlməyinə imkan verməyək və əzək. Göründüyü kimi, xəstə erməni toplumu Zori Balayanın faşist ideologiyasını davam etdirməyə çalışır. Bu ideologiya Ermənistanın iflası, qonşulara qarşı düşmənçilik və regionda sülhə təhdiddir. Məhz Ermənistanda bu əhval-ruhiyyə erməni toplumunun növbəti faciəsinə gətirib çıxara bilər. Qarabağda 30 il ərzində bizə qarşı düşmənçiliyi və işğalçılığı apardılar. Nəticədə məğlub olub, faciəyə qərq oldular. Bundan sonra da onlar növbəti dəfə yenidən qalxsalar artıq biz Zəngəzuru, Göyçə mahalını və digər tarixi torpaqlarımızı geri alacağıq. Çünki Azərbaycan Demokratik Respublikanın varisidir və bu ərazilər məhz 1918-ci ildə Azərbaycanın ərazisi olub. 1929-cu ilə qədər Sovet Rusiyasi bu əraziləri Ermənistana verib.

Biz ermənilərin nazı ilə oynamamalıyıq. Ermənilərin bizimlə barışması uzun illər mümkün olmayacaq. Ona görə də biz onlara qarşı sərt olmalıyıq. Və lazım gəldikdə silaha əl atmalıyıq".
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.