SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "44 günlük Vətən müharibəsi həqiqət anı idi"-Malik Həsənov

"44 günlük Vətən müharibəsi həqiqət anı idi"-Malik Həsənov

Tarix:

24-12-2020, 22:46

/ 899 dəfə oxundu.
"44 günlük Vətən müharibəsi həqiqət anı idi"-Malik Həsənov

2020-ci ilin mühüm hadisələrindən biri ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Məlum olduğu kimi, ötən ilin sonlarında ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın hərtərəfli inkişafına dəstək olan, milyonların sevgisini, etimadını qazanan Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən təkmil islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun olaraq atılan addımlardan sonra Prezident İlham Əliyevin Sərəncamı əsasında bu il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkilər nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Milli Məclisin, həmçinin komitələrin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması siyasi sistemdə təkmilləşmənin bariz nümunələrindəndir. VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Atılan addımlar nəticəsində ölkədə çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. 9 fevral tarixi, eyni zamanda, yeni, təkmil, müasir parlamentin formalaşmasının başlanğıcı oldu. Dövlətimizin başçısı qeyd edilən çıxışında parlamentin yeni heyətinə mühüm tövsiyələr verərək bu əminliyini ifadə etdi ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Yeni parlamentin formalaşmasından ötən qısa müddətdə qəbul olunan qanun layihələri, həmçinin bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təkmilləşmənin müasir dövrün tələbləri sırasında olduğuna, ən əsası dövlətimizin başçısı İlham Əliyevin tövsiyələrinə uyğun olaraq qanunvericilik bazası hazırlanarkən kəmiyyətə deyil, keyfiyyətə üstünlük verildiyini təsdiqləyir. Eyni zamanda, Azərbaycan Prezidenti həmin proqram və tövsiyə xarakterli çıxışında deputatların ölkədə gedən proseslərdə fəal iştirak etməyə, seçiciləri ilə mütəmadi görüşərək onların problemləri ilə yaxından tanış olmağa və icra orqanları qarşısında qaldırmağa çağırışlar etmişdir. Vətəndaş məmnunluğunun artırılması, ölkə ictimaiyyətini narahat edən məsələlərin öz həllini tapması dövlətimizin başçısı İlham Əliyevin daim gündəmdə saxladığı məsələlər sırasındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputati Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin son 17 ildə fəaliyyətinin əsasında dövlətə, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək amalı dayanıb. 2003-cü il oktyabrın 1-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev xalqa müraciətində bu əminliyi ifadə etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Dövlətimizin başçısı İlham Əliyevin 17 illik prezidentlik fəaliyyəti, yeni inkişaf modeli əsasında Azərbaycana davamlı uğurlar qazandırması bu inamın, etimadın real həyatda təsdiqidir. Son 17 ilə qısa nəzər salanda dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfinin güclü Azərbaycan dövlətinin formalaşdırılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi, sosial və mədəni infrastrukturun yaradılması, əhalinin sosial rifahının təmin edilməsi, sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi, güclü və müasir ordunun yaradılması, ümumiyyətlə, bu məqsədlərə çataraq yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu görürük. Prezident İlham Əliyevin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafını təmin etdi, ən əsası, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallığa çevirdi.
Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi, həmçinin dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması və sair kimi biri-birindən önəmli addımlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu daha da möhkəmləndirir. Azərbaycan ötən dövrdə özünü dünyaya sosial dövlət kimi təqdim edib. Dövlətimizin siyasətində insan amilinə dəyər Prezident İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü “neft kapitalını insan kapitalına çevirək” tezisində özünün aydın ifadəsini tapdı. Bu baxımdan ki, bu tezis özündə yalnız elmə, texnologiyalara, təhsilə qoyulan vəsaiti deyil, Azərbaycan vətəndaşına hər yerdə hörmətin olunmasını, dövlət məmurlarının xalqın qayğıları ilə yaşayıb onların problemlərinin həllinə dəstək olmalarını ehtiva edir. Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsasıdır.
M.Həsənov vurğulayıb ki, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onların arzularını, istəklərini dinləmək İlham Əliyev üçün hər zaman önəmli olub. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatdıqdan sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza - Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlıya səfər etmələri, Qələbə sevincini ilk olaraq xalqla paylaşmaları da bu birliyin, həmrəyliyin təzahürüdür. Ölkə Prezidenti daim xalqa arxalandığını, xalqdan güc aldığını bildirir. 44 günlük Vətən müharibəsi bu birliyin sarsılmazlığını bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi həqiqət anı idi. Kimin haqqın-ədalətin, kimin şərin, kimin dostun, kimin düşmənin yanında olduğu bir daha açıqlandı. Bu, 44 günlük müharibə dövrünün reallıqlarıdır. 30 ilə baxış fonunda isə Ermənistanın işğal altında saxladığı torpaqları öz xoşu ilə vermək istəmədiyi, havadarlarının isə beynəlxalq hüququ, ədaləti kobud şəkildə pozaraq təcavüzkara bu niyyətini gerçəkləşdirməkdə yardımçı olduğu açıq-aydın görünür. Ermənistanın yeni ərazilər uğrunda müharibə planı olduğunu rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi.
Bu il işğalçı Ermənistan Azərbaycana qarşı 3 dəfə hərbi təxribat törədib. İyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirdilər və bu hərbi təxribat nəticəsində hərbçilərimiz həlak oldu, yaralandılar. Ermənistan torpaqlarımızı işğal etmək istəyini nümayiş etdirdi. Amma Azərbaycan Ordusu layiqli cavab verərək onları yerinə oturtdu. Bu əməliyyatın da Azərbaycan Ordusunun şanlı tarixində öz yeri var. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri düşmənə dərs verdi, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu.
Bu ilin avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. O diversiya qrupu da zərərsizləşdirildi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücumları zamanı kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı, mülki şəxslər, hərbçilər arasında itkilər oldu. Dövlətimizin başçısı İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi, “artıq yetər, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır” söylədik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik” əmrinə uyğun olaraq ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirərək 44 günlük Vətən müharibəsini Azərbaycanın siyasi Qələbəsi ilə başa vurdu.
Ümummilli Lider yeni Azərbaycan qurdu. O Azərbaycan ki, bu gün möhkəm bünövrəsi olan binaya bənzədilir. Mərtəbələrinin sayı gündən-günə artdıqca, daha möhtəşəm, qürurverici görünür. Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində son 17 ildə daha da zirvələrə yüksəlir. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Xalqımız ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi birləşib. Azərbaycan irəliyə doğru inamla addımlayır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun ən yeni sübutudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən, güc toplayan Azərbaycan xalqı, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğal altında olan bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi, Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev bu Zəfərin memarı, İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşamızın işğaldan azad olunduğu günün - 8 noyabrın Zəfər Günü kimi təsis edilməsi, Qələbəmizin dünyaya təqdimatı kimi dəyərləndirilən Zəfər paradının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır. Daim xalqı ilə bir olan, onun xoşbəxt gələcəyini düşünən Liderə milyonların sevgisi, etimadı şəksizdir. Zəfər paradında dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi bu əminliyi bir daha xatırlatmaq istərdik: “Azərbaycan qardaşım İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək”. Bu fikirlər beynəlxalq səviyyədə etiraf edilir ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir. Hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir.
Böyük Zəfərimiz günbəgün qüdrətlənən, ən islahatçı ölkələr sırasında qərarlaşan Azərbaycanın qarşısında yeni imkanlar açacaq.

Şərhlər

XƏBƏR LENTİ