XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Bakı və Ankara ilə anlaşmadan İrəvan qurtuluş tapmayacaq - GƏLİŞMƏ

Bakı və Ankara ilə anlaşmadan İrəvan qurtuluş tapmayacaq - GƏLİŞMƏ

Bakı və Ankara ilə anlaşmadan İrəvan qurtuluş tapmayacaq - GƏLİŞMƏ
18-11-2020, 14:20

44 günlük Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan və kapitulyasiya sənədi imzalayan Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmaz zərurətə çevrilib. Düşmən ölkədən gələn xəbərlərin təhlili göstərir ki, orada ictimai-siyasi vəziyyət yalnız hakim komandanın dəyişəcəyi halda sakitləşə bilər. Bu da iki halda mümkündür - baş nazir Nikol Paşinyan və onun komandasının iqtidardan qeyd-şərtsiz əl çəkməsi, ya da növbəti inqilab və ya vətəndaş müharibəsi nəticəsində buna nail olunması.

Müşahidəçilər hazırkı baş nazirin fiziki məhvi variantını da istisna etmirlər. Yeri gəlmişkən, artıq Paşinyana sui-qəsd cəhdi barədə məlumatlar yayılıb. Bununla bağlı, bir neçə müxalifət funksioneri həbsə salınıb - bəziləri az sonra sərbəst buraxılsa da.

Paşinyanın özü isə istefaya könüllü də gedə bilər, məcburiyyət altında da. İki gün öncə o, baş nazir postundan getməyə hazırlaşmadığını açıq bəyan edib. “Mənim gündəmimdə yalnız bir məsələ var - ölkədə stabilliyi təmin eləmək. Başqa bir mövzu yoxdur”, - deyə o istefa ilə bağlı sualı cavablandırarkən bildirib.

*****

Bu arada isə Ermənistan prezidenti Armen Sərkisyan xalqa etdiyi son müraciətində hökuməti və parlamenti növbədənkənar parlament seçkilərinə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Ermənistan həm döyüş meydanında, həm də diplomatik arenada məğlub olub.

“Yaralı iqtisadiyyatımız böyük sosial problemlərlə yüklənib. Biz reallığı inkar edib, heç nə olmayıbmış kimi adi həyatımızı yaşamağa davam edə bilmərik”, - deyə Sərkisyan qeyd edib.

Son günlər parlament və parlamentdən kənar qüvvələr, ictimai birliklər və diaspor nümayəndələri ilə intensiv görüşdüyünü deyən Ermənistan prezidenti bütün bu görüşlərdə ümumi bir fikir səsləndirildiyini diqqətə çatdırıb: “Hökumətin istefası və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə son qoyulması, növbədənkənar parlament seçkilərinin keçirilməsi”.

A.Sərkisyan vurğulayıb ki, görüş və məsləhətləşmələr nəticəsində vəziyyətdən yeganə çıxış yolu erkən parlament seçkilərinin keçirilməsidir. O, bu xüsusda hökuməti və hakim qüvvələri öz potensialını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün “yol xəritəsi”ni təqdim etməyə çağırıb.

*****

Belə görünür ki, Nikol Paşinyan sonda gerçəkdən də hakimiyyətlə vidalaşmalı olacaq. Yəni inqilab öz balalarını “yediyi kimi”, onu da gec-tez “udacaq”. Hər halda, heç bir toplum müharibədə uduzan və təslimçi akta qol qoyan liderlə yola davam etmir. O ki ola, 100 ildən çoxdur özü haqda yüksək fikirdə olan, hələ də “böyük Ermənistan” xülyası ilə yaşayan xəstə bir toplum.

Məsələ də ondadır ki, Paşinyan və komandası iqtidardan zor və ya xoş əl çəksə də, çəkməsə də, bu, hələ erməni xalqının, nəhayət, qurtuluş yoluna çıxacağı anlamına gəlmir. Bir şey dəqiqidir: sayı cəmi 2 milyon yarım olan, blokadada şəraitində inildəyən, müharibə nəticəsində daha fəlakətli iqtisadi-sosial duruma düşən ermənilər ölkədə hakimiyyət dəyişikliyindən öncə öz təfəkkürlərinə dəyişiklik etməli, “göylərdən yerə enməli” və ilk növbədə qonşu dövlətlər və xalqlarla dinc-yanaşı yaşamaq barədə düşünməlidirlər. Özü də ciddi şəkildə və tez bir zamanda. Çünki zaman, tarix və tale onlara artıq başqa “yol xəritəsi” qoymayıb.

*****

“Qarabağdakı məğlubiyyət Ermənistan üçün yeni imkanlar açacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Türkiyədə nəşr olunan “Sabah” qəzetinin ingilisdilli versiyasında getmiş “Qarabağdakı məğlubiyyət Ermənistan üçün yeni imkanlar açacaq” sərlövhəli məqalədə deyilir.

“Görəsən, ciddi maliyyə və sosial sarsıntılarla üzləşən Ermənistan belə genişmiqyaslı maddi və insan itkilərinin öhdəsindən necə gələcək? Bundan əlavə, Qarabağ müharibəsi nəticəsində Ermənistanın milli dəyərləri də sarsılmış oldu. Bu ölkənin təhsil sistemi və tarix dərslikləri illərdir erməni uşaqlarına işğal altındakı Azərbaycan torpaqlarının onlar üçün ”müqəddəs" olduğunu aşılayaraq, Dağlıq Qarabağı tərənnüm edib. Bu ərazinin 3 onillikdən sonra itirilməsi Ermənistanda siyasi və sosial qeyri-sabitliyə səbəb olacaq", - deyə analitik məqalədə vurğulanır.

Məqalədə bildirilir: “Gözlənilir ki, Qarabağ müharibəsinə məsul olan Nikol Paşinyan istefaya gedənədək ölkədə xaos hökm sürəcək. Bəs Ermənistan bundan sonra nə etməlidir? İrəvan indiyədək destruktiv regional siyasət yürüdür, Azərbaycan ərazilərinin işğalını davam etdirir və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan imtina edirdi. Ermənistan nəinki bölgədə qeyri-sabitliyin təşəbbüskarı idi, hətta bundan heç bir iqtisadi fayda da əldə etməyib”.

Bununla belə, müəlliflər hesab edir ki, müharibədə acı məğlubiyyət Ermənistan üçün unikal imkanlar açıb və qalır ondan istifadə: “Dağlıq Qarabağın işğalının bitməsi ilə İrəvan qarşısında yeni imkanlar açılır. ”Ermənistan Azərbaycan və Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşmasından yalnız fayda götürə bilər. Bundan ötrü isə ilk addım kimi Ermənistanın rəsmi ideologiyası üzərində işləmək lazımdır. Yeni bir dönəmə başlamaq üçün İrəvan irqçilik, millətçilik və ideoloji ştampları öz tarix dərsliklərindən çıxarmalıdır", - deyə nəşr xəbərdarlıq edib.

*****

“Hazırda Ermənistanda hakim partiyanın repressiya maşını tam gücü ilə işləyir. Lakin bu, inqilabçı Paşinyanın dövlətin başında qalmasına çətin ki, kömək etsin. Erməni cəmiyyətində protest nüvəsi çox güclüdür. Həm də inqilabın öz övladlarını ”yeyəcəyi" haqda mübahisə doğurmayan praktika var".

Bu barədə isə Rosbalt.ru portalında kapitulyasiya sonrası Ermənistandakı durumun təhlilinə həsr olunmuş yazıda deyilir.

Nəşr hesab edir ki, üçtərəfli bəyanatın imzalanmasından dərhal sonra Paşinyan dərhal istefaya getməli idi, çünki bu hərəkətin Ermənistanda hansı qəzəbə səbəb olacağını bilirdi: “Bu gün Ermənistan ordusunun demək olar ki, darmadağın olmasına rəğmən, ölkədə revanşist ovqat güclüdür və onun sakitləşməsi, reallığı qəbul etməsi və yaradıcı fəaliyyətlə məşğul olmasının zəruriliyinin dərki yoxdur. Axı ölkənin problemləri onsuz da xirtdəyə kimi idi və indi, müharibədəki məğlubiyyət və qaçqın axını ilə birlikdə qat-qat çoxalıb. Üstəgəl, indi ölkə ərazisində çox sayda silahlı könüllülər var...”

Əlbəttə ki, sadalanan bizim problemimiz deyil. Qərarı da erməni xalqı özü verməlidir: o, fəlakət labirintində qalmaq istəyir, yoxsa tarixi düşmənçiliyə son qoyub qonşu Azərbaycan və Türkiyə sayəsində oradan çıxmağı düşünür?

Cavabı bilməyə bir şey qalmayıb...
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.