XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Ermənistanın “danışıqları bərpa edək” hiyləsinin pərdəarxası - GƏLİŞMƏ

Ermənistanın “danışıqları bərpa edək” hiyləsinin pərdəarxası - GƏLİŞMƏ

Ermənistanın “danışıqları bərpa edək” hiyləsinin pərdəarxası - GƏLİŞMƏ
24-09-2020, 09:13

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları guya istənilən an bərpa etməyə hazır olduğunu bəyan edib. İşğalçı ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyan deyib ki, sülh prosesinə alternativ yoxdur.

Erməni nazir Azərbaycanla danışıqlar üçün hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışdıqlarını, iş apardıqlarını bildirib.

Bəs bu, Ermənistanın növbəti blefidirmi? Düşmən Azərbaycanın müharibəyə başlamasına qərarlı olduğunu gördüyü üçünmü belə gediş edir?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın “Azərbaycanla danışıqları bərpa etməyə hazırıq” ifadəsi gözə kül üfürməkdir: “İşğalçı dövlət Azərbaycanın mövqeyində qəti olduğunu anlayıb. İrəvan onu da anlayıb ki, Türkiyənin də işğalçı Ermənistanla bağlı ciddi planları var. Türkiyə PKK terrorçularının Dağlıq Qarabağda yerləşməsinə seyrçi qala bilməz. Əgər Türkiyə hərbi təyyarələri PKK-çılara İraq və Suriya ərazisində öldürücü zərbələr endirirsə, eyni zərbələri Dağlıq Qarabağa endirməyəcəyinin təminatı yoxdur. Deyəsən, İrəvanda özləri üçün bu təhlükəni də anlamağa başlayıblar. Ona görə də qorxularından ”gəlin danışıqları bərpa edək" açıqlamalarını səsləndirirlər. Ancaq bu açıqlamanın başqa səbəbi də var.

Beynəlxalq aləm Azərbaycanın müharibə hazırlıqlarının şahididir. Böyük dövlətlər və beynəlxalq təşkilatlar Cənubi Qafqazda müharibə istəmirlər. Rəsmi İrəvan da “biz danışıqlar tərəfdarıyıq” deməklə böyük dövlətlərə və beynəlxalq təşkilatlara “sülhpərvər” olduqlarının mesajını göndərməyə çalışır. Yəni mesajın tam mahiyyəti bundan ibarətdir ki, “Azərbaycan müharibə istəyir, Ermənistan isə danışıqlar”.

Politoloq vurğuladı ki, İrəvanın mesajı nə olursa-olsun bu tələyə düşməməliyik. Danışıqlar 26 ildə nəticə verməyibsə, indi niyə nəticə verməlidir? Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan özündən əvvəlkilərdən daha çox təxribatçıdır: “Məgər İrəvan ”mərhələli həll" planını qəbul etməyə, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır? Bu sualın cavabı bəllidir. Biz böyük dövlətlərə və beynəlxalq təşkilatlara siqnallar göndərməliyik ki, Ermənistan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaqsa, bölgədə müharibə qaçılmazdır".

Hərbi ekspert Üzeyir Cəfərov isə qeyd etdi ki, Ermənistan yenə də vaxt uzatmağa nail olmaq üçün saxta danışıqlar məsələsini ortaya atır. Azərbaycan isə qətiyyən Ermənistanın növbəti hiyləsinin həyata keçməsinə imkan verməməlidir. Ermənistanın marağına xidmət edən mənasız danışıqlara getmək olmaz: “İşğalçı düşmən hiss edir ki, Azərbaycan prezidenti və ordusu qətiyyətli mövqe nümayiş etdirir və məsələ çox ciddiləşib. Ona görə də Ermənistan qorxuya düşüb və həmişəki kimi, blef edir, hiyləgərliyə əl atır. Nikol Paşinyan mərhələli həll planını belə qəbul etmədiyini ortaya qoyub, separatçıları danışıqlara cəlb etmək istəyindədir. Belə olduğu halda hansı danışıqlardan söhbət gedə bilər?! Ermənistan Sergey Lavrovun onlara verdiyi konspektlə hərəkət edir. Azərbaycan isə buna razılıq verməməlidir. Danışıqlara yenidən başlanacaqsa, ermənilər yenə əlavə vaxt qazanacaq və Rusiya işğlçını yenə də silahlandıracaq. Beləliklə, yenə əvvəlki sıfır nöqtəsinə qayıdılacaq və Azərbaycan itirməkdə davam edəcək. Ermənistan xarici işlər nazirinin ”gəlin danışaq" açıqlamasının süni, hiylə olduğu gün kimi aydındır. Bir tərəfdən Tovuzda Azərbaycan Ordusunun çavuşunu snayperlə vururlar, Azərbaycan tərəfini atəşə tuturlar, elə həmin gün də Mnatsakanyan danışqlar məsələsini ortaya atır. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. İrəvanın danışıqlara guya hazır olduqlarını bəyan eləməsi həm də beynəlxalq təşkilatlara və bölgədə müharibə istəməyən dövlətlərə özünü guya sülh tərəfdarı olan ölkə kimi göstərmək məqsədi güdür. Azərbaycan öz mövqeyində qalmalı və danışıqlar prosesi kimi bizə sırınan bataqlığa girməməlidir. Ermənistanın nə etməsindən asılı olmayaraq biz öz haqq işimizi görməliyik".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.