SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Nəzərlər yenə Moskvaya dikildi: - Rusiya Qarabağla bağlı hərəkətə keçir?

Nəzərlər yenə Moskvaya dikildi: - Rusiya Qarabağla bağlı hərəkətə keçir?

Tarix:

27-04-2017, 10:21

/ 64 715 dəfə oxundu.
Nəzərlər yenə Moskvaya dikildi: - Rusiya Qarabağla bağlı hərəkətə keçir?

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son zamanlar yaşanan gərginliklər, işğalçı ordunun Qarabağda davamlı şəkildə itkilər verməsi Moskvanı hərəkətə gətirib. Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüş keçirilməsi barədə təşəbbüsün əsasında şübhəsiz ki, Qarabağ cəbhəsində hərarətin artması öz rolunu oynayıb.
Üstəlik, Azərbaycan ordusunun keçirdiyi irimiqyaslı hərbi təlimlərin ardınca Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsi, həmçinin Milli Məclisdə Bakı və Ankara arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişin ratifikasiyası və digər məsələlər də, görünür, Ermənistanın “ağası”nı proseslərə müdaxiləyə vadar edib.
Heç şübhəsiz, görüş təklifi son bir neçə gündə verilib. Çünki cəmi bir həftə əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova üçtərəfli görüş ehtimalı barədə suala cavabında “Hələlik konkret olaraq heç nə yoxdur. Konkret məlumatlar olarsa, sizi məlumatladıracağıq”, - demişdi. Ancaq təəccüblüsü bu idi ki, 27 aprel görüşü haqda xəbər yayılandan sonra Ermənistan mətbuatı İrəvanın görüşdən imtina etdiyini yazdı.
“Qraparak” qəzeti bildirdi ki, rəsmi təkzib verilməsə də, üçtərəfli görüş olmayacaq. “Erməni tərəfi bir neçə dəfə bu görüşün keçirilməsindən imtina edib” - deyə qəzetin mənbəsi xatırlatmışdı. Lakin Azərbaycan mətbuatı XİN başçısı Elmar Məmmədyarovun Moskva görüşündə iştirak edəcəyini tirajladı. Daha bir neçə saat keçəndən sonra isə İrəvanın geri addım atdığı məlum oldu. Ermənistan XİN məlumat yayaraq, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünün 28 apreldə keçiriləcəyini və nazir Edvard Nalbəndyanın üçtərəfli görüşə qatılacağını açıqladı. O da bildirildi ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrovun dəvəti əsasında reallaşacaq görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarını müzakirə edəcəklər.
Əslində İrəvanın Moskvadan gələn görüş dəvətindən imtina etməzi şübhəli qarşılanmışdı. Nalbəndyan imtina etsə belə, şübhəsiz ki, bu, onun iradəsi yox, Moskvadan aldığı təlimatlar əsasında ola bilərdi. Hər halda, bütün varlığına görə Rusiyaya borclu olan Ermənistanın Kremlin təşəbbüsünə “yox” deməsi mümkün deyil. Əks təqdirdə, bu, forpost Ermənistana, onun rəhbərliyinə baha başa gələ bilər.
Bu arada Ermənistanın müdafiə naziri Viqen Sərkisyanın Rusiyaya səfəri də diqqət çəkir. Rəsmi məlumatda nazirin beynəlxalq təhlükəsizlik məsələləri üzrə konfransda iştirak edəcəyi bildirilib. Əgər Ermənistanın ordu rəhbəri Rusiya görüşündən imtina edirsə, şübhəsiz ki, XİN rəhbərinin də aldığı dəvətdən boyun qaçırması mümkünsüzdür.
Yenidən Rusiyanın təşəbbüskarlığına dıqqət çəkək. Xatırlayırsınızsa, ötən ilin sonlarından üzü bəri ATƏT-in Minsk Qrupu həmsədrləri hətta hansısa tədbirlər çərçivəsində tərəfləri bir araya gətirə bilmirdi. Daha doğrusu, Ermənistan tərəf açıq şəkildə danışıqlardan imtina edərək müharibə ritorikasına üstünlük verirdi. Məhz bu arada Rusiyanın hərəkətə keçməsi və İrəvanı “ram etməsi” yuxarıda sadaladığımız detallar, Ermənistan üçün arzuolunmaz vəziyyətin yaranması ilə əlaqədar ola bilər. Ancaq müşahidələr göstərir ki, Moskvanın yenidən təşəbbüsə yiyələnməsinin digər səbəbləri də olmamış deyil. Bu sırada may ayı üçün proqnozlaşdırılan növbəti gərginlik də öz sözünü deyir. Ermənistan Şuşa və Laçının işğalının 25 illiyini qeyd etmək üçün tədarük görür və Azərbaycan üçün çox həssas məsələ olan bu ərazilərlə bağlı qurulacaq “qələbə” tədbiri şübhəsiz ki, sakit qarşılana bilməz. Aprel müharibəsinin ildönümü ərəfəsində həmsədrlərin bölgəyə səfəri, yaxud ayrı-ayrılıqda bəyanatların verilməsi, sülh çağırışlarından sonra “may savaşı” ehtimalı da, görünür, Rusiyanı hərəkətə gətirib.
Digər tərəfdən, görüş planlaşdırılmasının Rusiyanın münaqişəni tam nəzarət altında saxlamasının da nişanəsi ola bilər. Moskva demək istəyir ki, tərəfləri yalnız onun iradəsi bir araya gəlməyə vadar edə bilər. Bu, həm də Fransa prezidentliyinə ən şanslı namizəd Emmanuel Makronun Qarabağ məsələsi ilə bağlı açıqlamasına cavab xarakterli plan da ola bilər. Makron Dağlıq Qarabağ məsələsi ilə ciddi məşğul olacağına işarə vurub ki, Moskva digər həmsədrin təşəbbüsü ələ almasına heç vaxt razılaşmaz. Rusiya XİN başçılarını bir araya gətirməklə ola bilsin gözlənilən Ərdoğan-Putin görüşünə də müəyyən təkliflər hazırlayır. Hər halda, Qarabağ məsələsinin həlli Türkiyənin də marağındadır və iki prezidentin görüşündə bölgəni narahat edən münaqişə ocağından danışılacağı şübhə doğurmur. O mənada 28 apreldə “Lavrov planı”ndan danışılması da istisna deyil. Bütün bu ehtimallarla bağlı ekspertlərin maraqlı yanaşmaları var.
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Fransada prezident seçkisinin favoritlərinin demək olar hamısı beynəlxalq problemlərdən bəhs edərkən Azərbaycanın əleyhinə mövqe tutaraq, təşkilatlanmış və güclü siyasi təsir imkanlarına malik olan erməni cəmiyyətləri ilə hesablaşdıqlarını göstərdilər: “Doğrudur, 90-cı illərlə müqayisədə rəsmi Paris Cənubi Qafqazda yalnız bir strateji müttəfiqlə hərəkət etməyin çətinliyini yaxşı anlayır və regional proseslərdə həlledici rol oynamaq naminə bir qədər balanslı mövqe tutmağa çalışır, üstəlik, qeyd etdiyimiz neytrallığın yaranmasında böyük Heydər Əliyevin başlatdığı siyasətin əhəmiyyəti danılmazdır. Lakin Avrointeqrasiya zəminində Kipr anlaşması kimi, Qafqazın iki düşmən tərəfini bir araya gətirmək mümkün olmur. Bir yandan da Qərb liberalizmi işğal və maraqlarını yayma alətinə döndərib. Faşizmin və millətçilik tərəfdarlarının artmasından, yaxud dini bölücülüyü körükləyənlərdən isə hələ danışmırıq. Söhbət Qərbin ATƏT məkanında effektli hərbi-siyasi strukturlarını formalaşdıra bilməməsindən gedir. Ona görə də münaqişələrin həlli üçün liberalizm və Qərblə yaxınlaşma kursuna bel bağlayanlar xəyal qırıqlığına uğrayır, Yaxın Şərqdəki xaosun əsas günahkarlarından biri kimi Brüsseli və avropalı siyasətçiləri ittiham etməkdə özlərini haqlı sayırlar. Əlbəttə, Fransada yaşayan soydaşlarımız və türklərin birgə ittifaqına nail olunardısa, diplomatik və informasiya cəbhəsində daha böyük nəticələr əldə etmək mümkün olardı. Baxın, Parisdə iki erməni radiosu fəaliyyət göstərir və onların təbliğat arealına qarşı dirənişi dövlət rəhbərliyindən gözləmək heç də yaxşı hal deyil. Ona görə də səngərdə düşmən tərəfinə kəskin zərbə vuran və dövlətin siyasi gücünü artıran ordunun dəyişdiriməyə çalışdığı status-kvo şəraiti Moskva-Paris-Vaşinqton tərəfindən hər vəchlə qorunaraq saxlanılır və tərəflərin mövqe üstünlüyünü bloklayıb vəziyyəti tarazlaşdırırlar”.
Z.Orucun sözlərinə görə, Rusiyanın Xəzər dənizi akvatoriyasında növbəti təlimlərini məhz indiki dövrə salmasının da xüsusi mənası var: “Bir tərəfdən Gürcüstanın NATO üzvlüyü qarşısında yeni çəkindirmə tədbirlərinə ehtiyac yaranıb. O biri yandan Qara dənizdə Amerika gəmiləri real manevrlərlə Ukraynaya hərbi dəstək verməkdə davam edirlər. Belə şəraitdə Moskva Ermənistan vasitəsilə bölgədəki dayaqlarını gücləndirməklə, Azərbaycanın beynəlxalq əlaqələrini və o cümlədən Qafqazı nəzarətə alır, digər tərəfdən, Qarabağ danışıqlarının gələcəyinin də onlardan asılı olduğunu sübut edir. Doğrudur, sanksiyalar olmasaydı, Kreml texnoloqları Qərblə dialoq üçün qalmış son müstəvini-Qarabağ məsələsini, ümumiyyətlə, gündəlikdən çıxarar, Paris və Vaşinqtonun təşəbbüslərinə cavab olaraq, İrəvanı danışıqlardan tam kənarlaşdırardı”.
Z.Oruc qeyd etdi ki, indiki çox mürəkkəb şəraitdə Moskva məcburən Elmar Məmmədyarov və Edvard Nalbəndyanı görüşə çağıraraq faktiki sülhün onlardan asılı olduğuna işarə edir: “Başqa vasitələrlə erməniləri danışıqlara gətirəcək siyasi mərkəz yoxdur. Müharibə yolu isə Kremlin bütün planlarına zərbə olduğundan ölkəmizə dəqiq və aydın mesajlar verilir: bizimlə eyni səngərdən kənarda həll yoxdur! Əgər Ermənistan və Azərbaycan arasında dialoq mühiti tam kəsilibsə, qarşı tərəf yenidən müxtəlif şərtlərlə çıxış edirsə, deməli, Rusiyanın Suriya və Ukrayna ətrafında Qərblə savaşı eyni zamanda Qarabağ müstəvisində də davam edir. Yəni həmin cəbhələrdə dönüş olmasa, proses burada da dalana dirənəcək”.
“Atlas” Araşdlrmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Ermənistanın öz qərarını dəyişməsini təbii sayır:
“İrəvan Kremlin vassalıdır, hara desə ora da gedəcək”. Politoloq Fransada prezidentliyə real namizədlərdən biri Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacağını vəd etməsinə maraqlı şəkildə reaksiya verdi: “Bu, Fransanın borcudur, çünki 3 həmsədrdən biridir. Ancaq Makronun nə deməsindən asılı olmayaraq, Paris vasitəçilikdə Moskvanın kölgəsindən çıxa bilməyəcək”.
Ekspert araşdırmaçı Tomas De Valın son açıqlamasına da diqqət çəkdi: “O deyib ki, Ermənistan prezidenti Serj Sərkisyandan müsahibə götürəndə erməni prezident Ağdamın onlara aid olmadığını deyib. Bəs görəsən, niyə bircə Ağdam? Görəsən, bunun qarşılığında De Val ondan soruşubmu ki, bəs digər rayonlar sizə aiddirmi? Bu haqda Tomas De Val heç nə demir. Yenilik o olardı ki, Serj Sərkisyan vaxtilə Tomas De Vala müsahibəsində deyərdi ki, nə vaxtsa Ağdamı və digər rayonları boşaltmaq məcburiyyətində qalacaq”. E.Şahinoğlu qeyd etdi ki, ümumiyyətlə, Ermənistanda işğal altındakı rayonların müzakirəsinə qeyri-rəsmi qadağa var: “Levon Ter-Petrosyan və digər bir neçə nəfər xaricində Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonlar, o cümlədən Şuşanın gələcək taleyi ilə bağlı heç bir müzakirə getmir. O barədə biz daha sərbəstik. Məsələn, biz rahat şəkildə aprel savaşının nəticələri barədə, uğur və uğursuzluqları barədə müzakirə aparırıq. Erməni ekspertlərin bu mövzuda müzakirə açdığını eşitmədim. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll etməkdə acizdir və ya özü bunu istəmir - bunu anladıq. Bəs Minsk Qrupu Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi təxribatları niyə dayandırmaq istəmir - bunu anlamırıq. Axı cəbhə bölgəsindəki gərginliyə məhz bu təxribatlar səbəb olur. Təxribatları bir-bir sadalayaq.
Birincisi, Ermənistan Dağlıq Qarabağa köçü dayandırmır və bu köç ermənilərin heç vaxt yaşamadıqları əraziləri də əhatə edir. İkincisi, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlarda hərbi təlimləri davam etdirir. Üçüncüsü, işğal altındakı rayonlarda öz düşüncələrinə uyğun ”yenidənqurma" işləri aparırlar, Şuşada məscidin “təmiri” bunun nümunəsidir. Dördüncüsü, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirdikdən sonra artıq necəndi dəfədir ki, idarəetməni dəyişirlər. Minsk Qrupu bunların heç olmazsa birinə niyə “dur” demir? Minsk Qrupunun atəşkəsin qorunması vacibliyi ilə bağlı yüzlərlə bəyanatı var, ancaq sadaladığım mövzuların biri ilə bağlı bir açıqlaması belə yoxdur".

Şərhlər

XƏBƏR LENTİ