XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Əli Kərimli və havadarlarının “manipulyasiya oyunu”

Əli Kərimli və havadarlarının “manipulyasiya oyunu”

Əli Kərimli və havadarlarının “manipulyasiya oyunu”
24-04-2020, 14:48

Prezident İlham Əliyevin güclü siyasi iradəsi, çevik idarəçiliyi və xalqımızın böyük dəstəyi ilə koronavirus pandemiyasına qarşı mübarizə aparıldığı bir şəraitdə keçirilən cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda dövlətimizin başçısı nitqində bundan sonra da ölkə həyatının bütün sahələrində islahatların davam etdiriləcəyini vurğuladı və siyasi islahatların daha da dərinləşdiriləcəyinə xüsusi diqqət çəkdi. Ölkə rəhbərinin çıxışında olduqca mühüm önəm daşıyan bu məsələni xüsusi qabartması təsadüfi deyil. Çünki dövlətimizin başçısının dediyi kimi, yalnız siyasi və iqtisadi islahatlar paralel aparıldıqda böyük uğurlar əldə oluna bilər.

Sözügedən videokonfransda cənab İlham Əliyev Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmizin hazırda yeni inkişaf mərhələsinə inamla qədəm qoyduğunu diqqətə çatdıraraq, siyasi islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən son parlament seçkilərinin nəticələrinə nəzər saldı. Ölkə rəhbəri tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçildiyini, parlament komitələrinə müxalifət nümayəndələrinin başçılıq etdiyini diqqətə çatdırdı. Cənab İlham Əliyev nitqində belə bir mühiti siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması ilə şərtləndirdi və bütün bunların siyasi sistemin yeni konfiqurasiyasına yol açdığını vurğuladı.

Prezident İlham Əliyev həmin çıxışında indiki şəraitdə siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlətçilik prinsiplərini hər şeydən üstün tutduğunu vurğulamaqla, bir daha antimilli qüvvələrə və onlardan öz maraqları üçün istifadə edənlərə xatırlatdı ki, Azərbaycanın islahatlar yolu ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, bu istiqamətdə inamla addımlaması xalqın, siyasi qüvvələrin mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi, alternativi və geriyə dönüşü olmayan bir yoldur.
Həqiqətən də, Azərbaycanın dayanıqlı inkişafı, beynəlxalq nüfuzunun davamlı olaraq möhkəmlənməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirməsi ölkəmizin daxilindəki anti-Azərbaycan, ermənipərəst dairələr, "beşinci kolon” tərəfindən böyük narahatlıqla qarşılanır. Bununla bərabər, xaricdəki ermənipərəst qüvvələr, habelə bəzi "siyasi mühacir”lər tərəfindən də respublikamızın əleyhinə qarayaxma kampaniyası aparılır, Azərbaycanın müstəqil siyasətinə və dinamik inkişafına əngəl yaratmaq üçün müxtəlif çirkin vasitələrdən xüsusi canfəşanlıqla istifadə edilir.

Respublikamızda bütün diqqət və imkanların pandemiyanın və onun yaratdığı çətinliklərin aradan qaldırılmasına yönəldildiyi, bu amansız bəlaya qarşı ciddi mübarizə tədbirləri aparıldığı bir zamanda "milli şura” deyilən qondarma bir qurumun ətrafında toplaşanlar, xüsusilə siyasi əxlaq normalarını, mənəvi dəyərləri unudan Əli Kərimli və onun düşüncəsində olan havadarları tərəfindən yalan, böhtan kampaniyası gündən-günə genişləndirilir. Əli Kərimlinin guya təqib edilməsi, internetə çıxışına maneələr törədilməsi, tərəfdaşlarının xüsusi karantin rejiminin pozulması adı altında inzibati məsuliyyətə cəlb olunmaları kimi iftiralar, cəfəng uydurmalar özlərinin xaricdən maliyyələşən təbliğat dəstələri tərəfindən sosial şəbəkələrdə yayılır.

Əlbəttə, onların narahatlığı, yuxularının, necə deyərlər, ərşə çəkilməsi başa düşüləndir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın formalaşması və inkişafı istiqamətində son vaxtlar mühüm addımlar atılması həmin o "beşinci kolon”un narahatlığına gətirib çıxarıb.

Yeri gəlmişkən, anti-Azərbaycan qüvvələri qıcıqlandıran səbəblərdən biri də dövlət qeydiyyatına alınan müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 50-dən çox siyasi partiyanın cənab İlham Əliyevin siyasi kursunu dəstəkləməsi, dövlətimizin başçısının yeritdiyi strategiyaya müsbət münasibət bildirməsilə əlaqədardır. Onu da xatırladım ki, hazırda respublikamızda həmin siyasi partiyaların nümayəndələrinin qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, bununla da ölkənin ictimai-siyasi həyatda yaxından iştirak etmələri də Əli Kərimlinin, həmçinin havadarlarının əndişələnməsinə ciddi təsir göstərib.
Ölkə rəhbərinin dediyi kimi, Azərbaycanı qətiyyətlə realladırdığı alternativi və geriyə dönüşü olmayan islahatlar yolundan heç bir qüvvə yayındıra bilməz. Bunu altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsindən də aydın görmək olar. Bax, bu məqamda bildirmək istərdim ki, respublikada çoxpartiyalı sistemin təkmilləşdirilməsi məqsədi daşıyan bir sıra tədbirlər, o cümlədən, Prezident Administrasiyasında partiya rəhbərləri ilə səmərəli müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunmaları əsasən "milli şura”nın böhtan kampaniyasının miqyasının genişlənməsini şərtləndirib.

Anti-Azərbaycan qüvvələr unutmamalıdırlar ki, indiyədək olduğu kimi, bundan sonra da ölkədə siyasi partiyaların dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf naminə səmərəli fəaliyyətlərinə mühüm önəm veriləcək, əlverişli şərait yaradılacaq. Məhz elə bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Azad Demokratlar və Yeni Zaman partiyalarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsi də deyilən fikrin parlaq ifadəsidir.

Burada xüsusi bir məqamı da diqqətə yönəltmək istərdim. Cənab İlham Əliyev hər zaman siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün müxalif mövqeli liderlərə həssas münasibət bəsləyib. Məsələn, bu günlərdə Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından Abdul Orucludan Azərbaycan Prezidentinə ünvanlanan məktubda deyilir: "İcazə verin, ailəmiz üçün ən çətin anlarda – atam, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.

Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük.

Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq”.

Yaxud, başqa bir misal. Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilməsi, onun ailəsinə müvafiq köməklik edilməsi və bütün bu xeyirxahlığa görə, hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyevanın Fondun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür bildirməsi də yuxarıda vurğuladığım fikrin təsdiqidir.

Yazının sonunda diqqəti hazırda hakimiyyət-müxalifət dialoqu fonunda baş verən mühüm bir hadisəyə yönəltmək istərdim. Qeyd edim ki, REAL sədri İlqar Məmmədovun və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunun qərarı ilə məlum cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib. Şübhəsiz ki, bu qərar da son vaxtlar hakimiyyət-müxalifət dialoqu fonunda baş verən hadisə kimi, eyni zamanda, dövlətimizin başçısının qəti siyasi iradəsi sayəsində məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşdirilməsinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

REAL Partiyası da bu bəraət qərarını "Azərbaycan milli qanunvericiliyi insan haqlarının və fundamental azadlıqlarının qorunmasında son nəticədə səmərəlidir” və "hökumətin müxalifətə dialoq təşəbbüsünün uğurlu nəticəsi kimi” qiymətləndirib: "Bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL Partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli işə çevrilməsi fonunda baş verən hadisədir...”.

Bütün yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Əli Kərimli və onun havadarları qətiyyətlə gerçəkləşdirilən siyasi, sosial-iqtisadi islahatları, eləcə də koronavirus kimi bir bəla ilə mübarizəni manipulyasiya predmetinə çevirməyə çalışsalar da, çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycanda güclü xalq –iqtidar birliyi buna heç zaman imkan verməyəcək.

Sübut ƏSƏDOV,
Azərbaycan Respublikaçılar Partiyasının sədri

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.