SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentdən dəyərlərə yad təhlükə xəbərdarlığı - GƏLİŞMƏ

Prezidentdən dəyərlərə yad təhlükə xəbərdarlığı - GƏLİŞMƏ

Tarix:

25-10-2019, 11:01

/ 756 dəfə oxundu.
Prezidentdən dəyərlərə yad təhlükə xəbərdarlığı - GƏLİŞMƏ

Prezident İlham Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi qəbul edərkən gənclərin milli ruhda tərbiyə almalı olduğunu söyləyib. Sitat: "Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır.

İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib.

Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk.

Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar".

Yad ideologiyaların Azərbaycana ayaq açması və bunun yaratdığı təhlükələrlə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev dedi ki, qlobalizm adı altında millətlərə və onların mənəvi dəyərlərinə qarşı təbliğat xarakterli siyasət aparılması dəbdədir: “Hətta ABŞ prezidenti Donald Tramp da çıxışında qeyd etmişdi ki, dini təsirlərin altında olmuşuq, din təssübkeşliyi adı ilə müxtəlif meyllər meydana çıxır.

Bu baxımdan Azərbaycan prezidenti işarə edir ki, müstəqilliyimizi qoruyub saxlamaq üçün dəyərlərimizə söykənməliyik".

F.Quliyevin sözlərinə görə, Azərbaycan müxtəlif etnoslardan təşkil olunub: “Doğru yanaşmadır ki, müasir texnologiyadakı yenilikləri tətbiq etmək, sənayeyə mütərəqqi nailiyyətləri gətirmək əvəzinə Azərbaycana uyğun olmayan hallar gətirilir. Bura cinsi azlıqlarla bağlı qanunların qəbulu, narkotikin açıq satışının asanlaşdırılması, leqallaşdırılması, həmcinslərin evliliyi kimi bizə yad halların gətirilməsinə nail olmaqdan söhbət gedir.

Məsələn, jurnalistlərin xoşuna gəlməyə bilər. Amma mətbuat azadlığına görə təhqir iddiası ilə məhkəməyə müraciət etmək olmaz. Axı bura Şərqdir. Deməli, kimsə cinayətkar olmalıdır. Bütün bunlar nəzərə alınmalıdır".

Deputat bildirdi ki, Çin neotexnologiya yaradır, dünya ilə rəqabət aparır, süni Ay düzəldir: “Biz bu yeniliklərə baxmalıyıq. Kosmopolitizm yaratmaqla, milli dəyərlərə tolerantlıq, dözümlülük adı altında hücum etməklə nəyə nail olmaq istəyirlər? Təbii ki, biz bunlara qarşı müqavimət göstəririk. Prezidentin çağırışında da həqiqət budur ki, özümüzə məxsusluğu qorumalıyıq, örnək olmalıyıq. Əgər alt bazamızı dağıtsalar, üzdə olanlar asanlıqla dağılıb gedəcək”.

Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, deputat Musa Quliyev isə hesab edir ki, ümumiyyətlə, qloballaşma gənc və kiçik dövlətlərə təhdiddir. Onun fikrincə, qloballaşma belə ölkələrin milli dəyərlərini dağıdır: “Qondarma dəyərləri, öz əxlaqını yeritmək istəyirlər. Azərbaycan isə öz ənənələrinə möhkəm söykənən ölkələrdən biridir. Zaman-zaman da milli-mənəvi dəyərlərimizi dağıtmaq cəhdləri olub.

Birincisi, ailə institutudur. Ailə dövlətin quruluş vahididir. Ailə möhkəm olanda dövlət möhkəm olar, insanlar bir-birinə hörmət, qayğı ənənələrinisaxlayır. Qloballaşma isə bu dəyərləri zədələyir. Son illərdə bunu müşahiə edirik".

M.Quliyev qeyd etdi ki, qloballaşmanın digər mənfi təsiri qadın zorakılığıdır: “30-40 il əvvəl bu dərəcədə qadın zorakılığı yoxuydu. Bu da yad təsirlərin nəticələridir. Eyni zamanda cinsi azlıqların və digər azlıqların hüquq tələbləri, yad musiqi, geyim təbliği də dəyərlərə qarşı olan məsələlərdir. Həmçinin, İslam ənənələrinə qarşı missionerlərin açıq və gizli fəaliyyəti var. Bundan başqa, dilimizə olan mənfi təsirlər var. Prezident bu problemləri nəzərdə tuturdu və çağırış etdi ki, hamı mənəvi dəyərlərimizə qarşı mübarizədə həmrəy olmalıdır”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ