SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » 82 yaşlı ombudsmanın yerinə iki il yarımdır uyğun şəxs tapılmır?

82 yaşlı ombudsmanın yerinə iki il yarımdır uyğun şəxs tapılmır?

Tarix:

6-09-2019, 23:46

/ 1 220 dəfə oxundu.
82 yaşlı ombudsmanın yerinə iki il yarımdır uyğun şəxs tapılmır?

Yeni ombudsman məsələsi parlamentdə qaldırılacaq

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli parlamentin növbəti iclaslarında yeni ombudsmanın təyinatı məsələsini gündəmə gətirəcək.

Bu barədə modern.az-a açıqlamasında Tahir Kərimli bildirib. O qeyd edib ki, mütləq parlament rəhbərliyinə bu fikri çatdıracaq, çünki bu məsələyə baxılmalıdır:

“Deyə bilərəm ki, proses çox ləngiyir. Hesab edirəm ki, bu məsələni həll etməyin zamanıdır. Qanunvericiliyə əsasən, yeni ombudsman təyinatı olmursa, köhnə ombudsman səlahiyyət müddəti bitdikdən sonra vəzifəsinin icrasını davam etdirir. Təbii ki, bu məsələ prezidentin səlahiyyətində olduğundan gözləyirik. Güman ki, cənab prezident müvafiq addımlar atacaq. Azərbaycandakı mövcud şərait belədir ki, Elmira Süleymanova Azərbaycanın ictimai-siyasi həyatına uyğun formada ombudsman işini həyata keçirirdi. Açıq deyəcəm: kübar xanımdır, ombudsman fəaliyyətindən istifadə edərək millət vəkillərinin edə bilmədiyi işləri görürdü. Məsələn, cəzaçəkmə müəssisələrinə xəbər vermədən gedir, müəyyən tədbirlər həyata keçiridi. Eyni zamanda vaxtaşrı olaraq ombudsmanın fəaliyyəti ilə bağlı həm komitə, həm də plenar iclaslarda tənqidi fikirlərimizi də söyləmişik.

Deyə bilmərəm yeni ombudsman gənc, ya da, yaşlı olsun. Düzdür, insanların hamısı arzulayır ki, daha çalışqan biri bu postu tutsun. Ombudsman bütün ölkələrdə çox yüksək konstitutsion vəzifədir. Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin".

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə, o, öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalır.

Ancaq artıq həm yaşı, həm də səhhətinin ona vəzifəsini tam icra etməyə imkan vermədiyi barədə vaxtaşırı deputatlar, hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən açıqlamalar verilir. Ötən il Elmira Süleymanova illik məruzə ilə çıxış etdikdən sonra deputatlar onun fəaliyyətini sərt şəkildə tənqid etmişdilər.

Ombudsman vəzifəsinə yeni bir şəxsin seçilməsinin gecikməsi isə hakimiyyəti təmin edəcək uyğun namizədin, hələ ki, müəyyən edilməməsi ilə bağlanılır.

Şərhlər

XƏBƏR LENTİ