SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Düşmən ölkənin dilənçi xisləti... - İrəvanı viran qoysa, Paşinyan qoyacaq...

Düşmən ölkənin dilənçi xisləti... - İrəvanı viran qoysa, Paşinyan qoyacaq...

Tarix:

22-11-2018, 09:58

/ 885 dəfə oxundu.
Düşmən ölkənin dilənçi xisləti... - İrəvanı viran qoysa, Paşinyan qoyacaq...

Ötən həftə Bakıda Belarusun Azərbaycandakı səfirini qəbul edən prezident İlham Əliyev diplomatla söhbət zamanı belə bir ifadə işlətmişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) problem varsa da, bu, elə Ermənistanın özüdür. İrəvandan gələn xəbərlər, “Rus NATO-su” ətrafında davam edən müzakirələr bunu bir daha sübut edir.

Məlum olur ki, işğalçı ölkənin yeni rəhbəri, KTMT-də “doğmalar içində yad” duruma düşən Nikol Paşinyan hələ də blokda ölkəsinin ciddi söz sahibi olmadığını, orada Ermənistandan daha çox Azərbaycanın hörmət sahibi olduğunu qəbul eləmək istəmir. Hərçənd “Rus NATO-su”nda qərarlar konsensusla qəbul edilir. Yəni formal olaraq, Ermənistan da bir səsə və veto hüququna malikdir.

Lakin təşkilatın Astana sammiti də göstərdi ki, bu qayda əslində Ermənistana münasibətdə işləmir. Tək səbəb məlum: Ermənistan həqiqi mənada suveren, müstəqil dövlət deyil, müstəqil xarici siyasət kursuna malik deyil, Rusiyanın satelliti, faktiki ucqar bir quberniyasıdır. Yəni onun sahibi var - o da Moskvadır. Bununla hər şey deyilib.

Hələ ki Ermənistandakı 8 may “məxməri inqilabı” da bu gerçəyi dəyişə bilməyib. Qərbyönlü Paşinyan bəyan edib ki, işğalçı ölkə nə KTMT-dən, nə də Avrasiya Birliyindən çıxmağa hazırlaşmır. Ən absurdu isə bu fonda, yəni KTMT-də üzv qala-qala, İrəvandan rəsmi səviyyədə Moskva əleyhinə, KTMT-nin əsas üzv dövlətləri əleyhinə bəyanatlar, hədyanlar səslənməsi, Astana fiaskosundan sonra da təşkilatda baş katiblik davası aparılmasıdır. Bir sözlə, siyasi cığallıq.

Sual ortaya çıxır: bir təşkilatda səni ciddiyə almırlarsa, o zaman oranı tərk etməyə nə mane olur? Əlbəttə ki, Qarabağ məsələsi, Azərbaycan torpaqlarını işğal altında saxlamaq imperativi. Sözsüz ki, Moskva da hakimiyyətdə kimin olmasından asılı olmayaraq İrəvanın bu “zəif yerini” bilir. Onu da bilir ki, Ermənistanın arxasından çəkilən kimi Azərbaycan öz ərazi bütövlüyünü qısa zamanda bərpa edəcək. Odur ki, Moskvada İrəvanın KTMT isterikasına çox ciddi yanaşmırlar. Yeri gələndə isə bir az da göz ağardırlar.

*****

“KTMT-də böhran yoxdur. Bu, öz üzvləri arasında sərt məhdudiyyətlər qoymayan çox yumşaq bir təşkilatdır. Ermənistan qərara gəlib ki, KTMT-də öz şərtlərini diktə eləsin. Ancaq bu, ona nəsib olmayacaq. Və mən heç bir böhran da görmürəm. Böhran varsa da, bu, Ermənistanın idarəçilik sistemindədir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sərt sözləri erməni KİV-ə müsahibəsində Kremlin təbliğat ruporlarından sayılan “Regnum” informasiya agentliyinin baş redaktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri, Kremlin keçmiş əməkdaşı Modest Kolerov deyib.

Bununla belə, İrəvanın hələ də öz mövqeyində israr etməkdə davam etməsi barədə erməni KİV-nin qeydinə isə Kolerov belə cavab verib: “Paşinyanın söylədiklərinin heç bir önəmi yoxdur. Nədən ki, qərarlar konsensus yolu ilə qəbul edilir. Və onun Lukaşenko və Nazarbayevdən izahat tələb eləməsi ilə bağlı hədəsi də Paşinyana kömək etməyəcək”.

*****

Bu arada məlum olub ki, ordusuna çağırışçı tapmayan işğalçı Ermənistanın yeni rəhbərliyi silahlı qüvvələrdəki başıpozuqluğu və hərc-mərcliyi necə aradan qaldırmağın yolunu tapa bilmir. İkicə misal. Biri odur ki, Qarabağdakı işğalçı erməni silahlı birləşmələrində Ermənistandan olan çağırışçılara qarşı müntəzəm xarakter almış zorakılıq faktlarından daha biri ictimaiyyətə məlum olub. Belə ki, erməni KİV-ləri xəbər verib ki, işğal altındakı Ağdərə rayonu ərazisində dislokasiya olunmuş hərbi hissələrdən birində zabit Q. İrəvandan hərbi xidmətə çağırılmış əsgər K.-nı elə xidmətin ilk günlərindən müntəzəm olaraq döyüb və zorlayıb. Hazırda bununla bağlı məhkəmə prosesi gedir.

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan isə orduda əsgərlər üçün verilən qidaların keyfiyyətindən narazılığını bildirib. Bu barədə o, dünən keçirdiyi mətbuat konfransında danışıb (virtualaz.org). Paşinyan silahlı qüvvələrdə əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu qeyd edərək deyib: “Mən yeməkdən narazıyam. Döyüş mövqelərinə gedəndə xahiş etdim ki, mənə dadmaq üçün əsgər yeməyi gətirsinlər. Qidaları yedikdən sonra sadəcə dedim: bu, dəhşətdir. Biz bu məsələ ilə bağlı ciddi məşğuluq, məşğul da olacağıq. Amma başa düşmək lazımdır ki, məsələni bir gündə həll etmək olmaz”.

Erməni baş nazir əvəzi həmçinin etiraf edib ki, əsgərlikdə olan oğlu zəng edərək ona qida məhsulları göndərilməsini istəyib: “Bu, pis siqnaldır”. Paşinyan oğlunun ondan yemək istəməsindən şoka düşdüyünü söyləyib.

*****

Hələ harasıdır. Ermənistan üçün əsl şok və təlatümlər hələ qabaqdadır. Əlbəttə ki, ordudakı problemləri bir gündə həll eləmək mümkün deyil. Ermənistan işğala, işğalçı siyasətə son qoymayınca, ümumiyyətlə, mümkün olmayacaq. Çünki istənilən problemin başı iqtisadiyyata, maliyyə məsələsinə gedib dirənir. Belə bir şok-qənaəti isə Paşinyan lap tez yaşamalı olacaq...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ