SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Düşmən ölkə intriqalı durumla üz-üzə – Paşinyan Putinin səbrini sınağa çəkir

Düşmən ölkə intriqalı durumla üz-üzə – Paşinyan Putinin səbrini sınağa çəkir

Tarix:

25-08-2018, 10:29

/ 1 366 dəfə oxundu.
Düşmən ölkə intriqalı durumla üz-üzə – Paşinyan Putinin səbrini sınağa çəkir

Bu gün Almaniyanın kansleri Angela Merkel hazırkı postda ilk dəfə Bakıya səfə edəcək. Alman kansler Azərbaycana Ermənistandan təşrif buyuracaq. Dünən o, İrəvanda işğalçı ölkənin rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanla görüşüb. Maraqlıdır ki, Angela Merkel İrəvanda ikən ABŞ və Böyük Britaniya Silahlı Qüvvələrinin nümayəndələri İrəvanda olublar.

“Yeni Müsavat”ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin dəvəti ilə baş tutan səfər avqustun 20-dən 24-ə kimi, yəni 4 gün çəkib. Nümayəndə heyətinin üzvləri Ermənistan Müdafiə Nazirliyində görüşlər keçiriblər. Bildirilir ki, bu görüşlərdə əsas hədəf “silahlı qüvvələrdə intihar hallarını önləmək, ”qaynar xətlərin" fəaliyyətini modernləşdirmək, psixoloji köməyin verilmə imkanlarını və bərabər imkanları təmin eləməklə bağlı ekspert müzakirələri aparmaq" olub.

Lakin mövzu humanitar xarakterli olsa da, gerçək budur ki, Ermənistanın yeni inqilabi hökuməti Moskvanın artan qıcığına rəğmən, ABŞ-la, NATO ilə yaxınlaşmağa can atır, onlarla müxtəlif səviyyəli təmasları aybaay artırır.

*****

“Yeni Müsavat” xatırladır ki, Ermənistanın hazırkı müdafiə naziri David Tonoyan da yeni hökumətin əksər üzvləri kimi qərbyönlü kadr olaraq tanınır. Bunu da qeyd edək ki, ABŞ-ın İrəvandakı səfirliyi öz əməkdaşlarının sayına və ərazisinə görə bölgədə ən iri diplomatik nümayəndəlik hesab edilir. Rusiyalı analitiklərdən biri hətta az öncə belə ifadə işlətmişdi ki, səfirlik ərazisində rahatca 2 minlik hərbi birləşmə yerləşdirnmək olar.

Bundan əlavə, işğalçı ölkədə xeyli sayda qərbyönlü, Amerikaya bağlı QHT fəaliyyət göstərir və onların sayı ildən-ilə çoxalır. Bu da öz növbəsində Ermənistanın ictimai-siyasi mühitinə Amerika təsirinin getdikcə artması deməkdir. Proseslərin bu cür məcrada inkişafı isə heç sübhisiz, Ermənistanın yeganə hərbi-strateji müttəfiqi və mövcudluq qarantı olan Rusiyanı narahat edir - hərçənd qərbyönlü baş nazir N.Paşinyan Moskvaya sadiqlik andı içməkdə davam edir.

Rusiyadan söz düşmüşkən, bu arada Kremlə qarşı ABŞ sanksiyalarınəın “küləyi” artıq Ermənistanı da vurmağa başlayıb. Belə ki, musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, rusiyalı oliqarx-milyarder, Vaşinqtonun “qara siyahısı”nda olan Oleq Deripaskanın Ermənistandakı zavodunda kütləvi ixtisar başlayıb.

Məlum olduğu kimi, Vaşinqton tərəfindən tərtib edilən “Kreml məruzəsi”ndə 210 rusiyalı biznesmenin adı yer alıb. Onların arasında Kremllə sıx bağlantıları olan Roman Abramoviç, Oleq Deripaska, Yuri Kovalçuk, Yelena Baturina kimi isimlər də var. Ayrı sözlə, sanksiyaların önəmli bir ucu Ermənistana dəyəcəkdi və artıq dəyməyə başlayıb.

Xəbər verilir ki, işğalçı ölkədə 2000-ci ildən bu yana fəaliyyət göstərən “Rusal Armenal” Qapalı səhmdar cəmiyyəti Deripaskanın “Rusal” şirkətinə məxsusdur. “Rusal” özü də eyni milyarderə aid olan “EN+” holdinqinə daxildir. “Rusal Armenal” Qafqazda və Mərkəzi Asiyada alüminium folqalarını istehsal edən tək şirkət sayılır. Ermənistanın ABŞ-a ixracatının 70%-ni məhz “Rusal-Armenal” şirkəti tərəfindən istehsal olunan alüminium folqaları təşkil edir. Təkcə 2017-ci ildə şirkət ABŞ-a 47 milyon dollarlıq məhsul göndərib. Ermənistan mətbuatı sentyabr ayının 1-dən başlayaraq şirkətdə kütləvi ixtisarlaırn aparılacağını yazır. Zavod rəhbərliyi ABŞ-a ixracatın və beləliklə gəlirlərin azaldığını bəyan edib.

*****

Erməni mediasına danışan iqtisadçı Movses Aristakesyan ABŞ sanksiyalarının əsasən korrupsiyalaşmış ölkələrin iqtisadiyyatlarına tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistanın keçmiş hakimiyyəti strateji obyektləri Rusiyanın və rus oliqarxlarının mülkiyyətinə çevriməməli idi.

“Əvvəlki iqtidarın rəhbər orqanları belə strateji obyektləri rusların əllərinə təslim edəndə bu cür situasiyanı görməli idilər. Biz həm iqtisadi, həm də sosial təhlükəsizliklə bağlı suverenliyimizi itirmişik”, - erməni iqtisadçı bildirib. Aristakesyan çıxış yolu kimi indiki hökumətin vaxtilə Kremldən gələn sifarişlər və siyasi təzyiqlərlə Rusiyaya verilən zavodların yenidən milliləşdirilməsini təklif edib.

Lakin bu, elə də asan məsələ deyil və enində-sonunda Rusiyanın Ermənistandakı “ayağını” tapdamaq anlamlına gələcək. Onsuz da Rusiya KTMT baş katibi Yuri Xaçaturov və eks-prezident Robert Köçəryanın həbsi məsələsindən dolayı Paşinyan hökumətinə qarşı qəzəblidir. Bundan əlavə, Ermənistanı İran əleyhinə yeni ABŞ sanksiyaları ilə bağlı da çətin durum gözləyir.

Bəzi məlumatlara görə, indi də Amerikanın qəzəbinə tuş gəlməməkdən ötrü baş nazir Nikol Paşinyan özünün İran səfərini təxirə salmaq, yaxud onu maksimum uzatmağa çalışır. Təbii ki, Tehran da Paşinyan iqtidarının İran siyasətinə etdiyi düzəlişləri diqqətlə izləyir, buna adekvat cavablar hazırlayır. Yeri gəlmişkən, gələn ay Paşinyan ABŞ-a səfərə hazırlaşır.

*****

Beləcə, Ermənistan bir yandan Paşinyan iqtidarı vasitəsilə ABŞ-a yaxınlaşmaq kursu aparmağa çalışırsa, ikinci yandan, Rusiyanı siyasi-hərbi və təhlükəsizlik qarantı altında qalmağın və “nəfəslik rolu” oynayan İranla dostluğun altını çəkməyə, Kremlə və Tehrana qarşı Amerikanın sərt sanksiyalarının bədəlini bölüşməyə başlayıb.
Bu vəziyyət ta o vaxta kimi davam edəcək ki, Paşinyan hökuməti xarici siyasətlə bağlı “iki stulda” oturmaq kursundan imtina edəcək. Yəni Paşinyan və komandası ya göründüyü kimi olacaq, ya da olduğu kimi görünməli olacaq. Üçüncü yol yoxdur.

Şərhlər

XƏBƏR LENTİ