SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Düşmən Ermənistanın yeni təlaşı – Kremlin “hibrid müharibəsi”

Düşmən Ermənistanın yeni təlaşı – Kremlin “hibrid müharibəsi”

Tarix:

7-08-2018, 10:24

/ 1 278 dəfə oxundu.
Düşmən Ermənistanın yeni təlaşı – Kremlin “hibrid müharibəsi”

Ermənistanda Rusiya əleyhinə ritorika səngimək əvəzinə, hər gün daha da güclənməkdədir. Özünün 100 günlüyünə hazırlaşan (17 avqust) baş nazir Nikol Paşinyan nə qədər bəyan eləsə də ki, Rusiya Ermənistanın strateji müttəfiqi kimi qalacaq, reallıqlar, o sırada hökumətin nəzarətindəki elektron və yazılı KİV-lərdə artan anti-Rusiya çıxışları və yazılar bunun əksini deyir. Paşinyanın səmimiliyi ciddi şəkildə şübhə altına düşür.

Kremldə isə onsuz da yeni erməni hökumətinə şübhəli nəzərlərlə baxırlar. Xüsusən də Moskvanın iki sadiq adamına və sirr daşıyanına - sabiq prezident Robert Köçəryan və Putinin layihəsi olan KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılması, Köçəryanın həbsi, general Xaçaturovun isə pul girovu qarşılığında müvəqqəti azadlığa buraxılmasından sonra Moskva sanki ayılıb. Müşahidəçilər bu “ayılma”nın ardınca Putinin Ermənistana qarşı real və praktik addımlar atacağını təxmin edirlər.

Aydındır ki, Moskvanın mümkün sürprizləri ən çox hakimiyyəti və ona yaxın çevrələri narahat edir. Erməni mediasında gedən yazılardan Rusiyaya münasibətdə ictimai-siyasi rəyin nə yerdə olduğu barədə müəyyən qənaətlər yaranır. Əsas qənaət budur ki, nankor ermənilər Rusiyadan həm qorxur, həm də onu qorxutmaq, şantaj eləmək istəyirlər...

*****

“Rusiya yalnız güc dilini anlayır. Bu gücü də Qərb nümayiş etdirməlidir ki, Ermənistandan çox özünü xilas eləsin”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə armenianreport.com-da dünən getmiş baş məqalədə deyilir.

Məqalədə Rusiyanın Ukraynada illərdir apardığı “hibrid müharibə”yə də toxunulur. “Rusiya öz vətəndaşları üçün normal həyat təmin etməyi bacarmayan, lakin özündən zəiflərin hamısını necə yaşamağa öyrətməyə çalışan qanlı imperiyadır. Belə bir imperiya ilə həqiqətən də müstəsna olaraq, silah və sanksiya dili ilə danışmaq olar. Əminik ki, gec-tez Moskva Ermənistana qarşı da ”hibrid müharibəsi"nə başlamaq qərarı verəcək. Əslində bu müharibə artıq başlayıb", - deyə müəllif qeyd edir.

Yazıda daha sonra Rusiyanın Ermənistanda törətdiyi “cinayət əməlləri”nə işarə ilə deyilir: “Kreml 2008-ci ilin 1-2 mart hadisələrinin və parlamentdəki 1999-cu il terror aktının təhqiqatının gedişinə müdaxilə eləməyə, bu dəhşətli cinayətlərdə Rusiyanın rolundan danışa biləcək öz əlaltılarını xilas eləməyə çalışır. Biz artıq görürük ki, 40-dan çox deputat necə Robert Köçəryana qahmar çıxır. Bütün bunlar şübhəsiz ki, Rusiyanın Ermənistana qarşı ”hibrid müharibəsi"nin elementləridir. Budur, artıq Kremlin kağızda yazdığını oxuyurmuş kimi Konstantin Zatulin də (Rusiya Dövlət Dumasının komitə sədri - red.) əleyhimizə danışmağa başlayıb - hansı Zatulini ki, biz yanlış olaraq “Ermənistanın dostu” adlandırırdıq".

“Artıq dərk eləmək lazımdır ki, Rusiya dostluq eləməyi bacarmır. O, qurucu ola bilmir. Rusiya yalnız dağıtmağı bilir - öz evində, yad evlərdə. Gürcüstanda, Ukraynada belə olub. Eyni şeyi Kreml bizə qarşı planlaşdırır. Bu xüsusda yerli ekspertlərin ”Rusiyanı anlamaq və eşitmək lazımdır" sözləri riyakarlıqdan və axmaqlıqdan başqa bir şey deyil. Rusiya yalnız güc dilini anlayır. Bu gücü də Qərb nümayiş etdirməlidir ki, Ermənistandan çox özünü xilas eləsin. Çünki sabah Rusiya susmağa ümid edənlərin hamısına “hibrid müharibəsi”ni sırıyacaq", - deyə məqalədə bildirilir.

*****

Əlbəttə ki, Rusiya sarıdan Ermənistanda yaşanan və get-gedə güclənən təlaş əsaslıdır. Lakin Ermənistana qarşı Kremlin “hibrid savaşı” Ukrayna və Gürcüstandakına bənzəməz. Yəni bu savaş daha sərt, daha amansız xarakter daşıyacaq. Ona görə ki, Qərbin, Avropanın birbaşa dəstəyini alan və ərazisində heç bir qanuni rus bazası olmayan Ukrayna və Gürcüstandan fərqli olaraq, Ermənistan Kremlin, faktiki, hərbi qalasıdır, Rusiyanın ovcunun içindədir.

Başqa mühüm özəllik: Ermənistanın özü də Rusiya kimi işğalçıdır, onunla işğal ortaqlarıdır. İrəvan Azərbaycan torpaqlarını müstəsna olaraq, Rusiyanın hesabına işğal edib və Rusiyanın arxasında gizlənərək də işğal rejimini davam etdirir. Amma indi belə çıxır ki, Paşinyan iqtidarı həm işğal altındakı əraziləri, Qarabağı özündə saxlamaq, həm də Rusiya ilə yolları ayırmaq istəyir. Bunların ikisi isə eyni vaxta mümkün deyil.

Erməniləri ən çox təlaşlandıran da budur - qərbyönlü kurs onlara Qarabağdan vaz keçmək hesabına başa gələ bilər. Odur ki, hiyləgərcəsinə Qərbdən imdad diləyir, “Rusiyanı siz neytrallaşdırın”, - deyə car çəkirlər. Qərbin isə belə lüksü yoxdur, olmayacaq. Ona hələlik Gürcüstan və Ukrayna yetər. Yəni ilk növbədə erməni xalqının özü Rusiya əsarətinə qarşı çıxmalıdır - bütün nəticələri ilə birgə.

İkinci yandan, Rusiya Ukrayna və Gürcüstandan özünə müəyyən dərslər götürüb. Ayrı sözlə, Ermənistanda o, daha “səliqəli”, “daha az fəsadsız”, “daha sürətli” işləyəcək. Bura içəridən “5-ci kolon”u hərəkətə gətirmək və “hibrid müharibəsi” də daxildir (bir ölkəyə qarşı iqtisadi, hərbi və texnoloji üstünlüklərdən istifadə edilərək, iqtisadi, informasiya və mənəvi sahələrdə aparılan virtual müharibə - red.)

*****

Şübhəsiz ki, Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşması Azərbaycanın strateji maraqlarına cavab verir. Ancaq problem ondadır ki, Paşinyan iqtidarı Qarabağ məsələsində Rusiyanı, sadəcə, Qərblə əvəzləmək istəyir - yəni bu dəfə Qərbi özünə işğal ortağı eləməyə çalışır, Qərbə məhz işğal altındakı Azərbaycan torpaqları ilə birgə sığınmaq istəyir.

Bu xüsusda Ermənistanda 8 may “məxməri inqilabı”ndan sonra yaşananlar və gözləntilər açıq-aşkar qərbyönlü kurs götürmüş Ukrayna və Gürcüstandakı proseslərə nə qədər bənzəsə də, ortada böyük fərq var. Bunun da başında hara kurs götürməsindən asılı olmayaraq Ermənistanın keçmiş və indiki rəhbərlərinin Qarabağ məsələsinin, işğal faktının girovu olmasıdır. Demək, yekun nəticə bununla birbaşa bağlı olacaq - Qarabağla...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ