XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Əli Həsənov: Əliyevlə Ruhaninin görüşündən sonra... - VİDEO

Əli Həsənov: Əliyevlə Ruhaninin görüşündən sonra... - VİDEO

Əli Həsənov: Əliyevlə Ruhaninin görüşündən sonra... - VİDEO
27-06-2018, 17:50

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iyunun 27-də ölkəmizdə səfərdə olan İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Məhəmməd Soltanifar ilə görüşüb.

Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosda ilk görüşündən sonra ölkələrimiz arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Bildirib ki, ötən müddət ərzində dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi Azərbaycan-İran əlaqələrinin indiki yüksək inkişaf səviyyəsinə çatmasına mühüm töhfə verib.

Görüşdə iki ölkə arasında informasiya və ictimai əlaqələr sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri geniş müzakirə edilib. Həmçinin Azərbaycanda İranla, İranda isə Azərbaycanla bağlı informasiya işinin tənzimlənməsi, mediada maarifləndirmənin gücləndirilməsi, jurnalist mübadiləsi və bu sahədə ikitərəfli əməkdaşlığın digər istiqamətləri diqqət mərkəzində olub.

Söhbət zamanı son vaxtlar hər iki ölkədə baş verən proseslərin işıqlandırılmasında mətbuatın obyektiv mövqedən çıxış etməsinin təqdirəlayiq hal olduğu vurğulanıb, bunun gələcəkdə də davam etdirilməsi məsələləri müzakirə edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.