SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Oturub gözləməyəcəyik ki, onlar haçansa tutulub gətiriləcək”

“Oturub gözləməyəcəyik ki, onlar haçansa tutulub gətiriləcək”

Tarix:

24-02-2017, 13:37

/ 1 538 dəfə oxundu.
“Oturub gözləməyəcəyik ki, onlar haçansa tutulub gətiriləcək”

Milli Məclisdə Xocalı soyqırımının 25 illiyi ilə bağlı qərar layihəsi hazırlanıb.

Qərar layihəsində bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq ediləcək.

Qərarla Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılacaq ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqədar üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər:

“Hüquq-mühafizə orqanlarına tövsiyə olunsun ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. Müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar”.

Qeyd edək ki, millət vəkilləri qərar layihəsi ətrafında müzakirələrə başlayıblar.

***

Müzakirələrdə çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədən canilər haqqında şifahi də olsa cinayət işi açmalı və məhkəmə hökm çıxarmalıdır: “Oturub gözləmək olmaz ki, onlar haçansa tutulub gətiriləcək. Barələrində indidən qərar çıxarılmalıdır. Təbii ki, adamlar tutulub gətirilməlidir. Amma bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq.

Ölkə başçısı da Xocalı faciəsi ilə bağlı çıxışında qeyd etdi ki, Xocalıda qətlə yetirilən insanlar eyni zamanda İslam inancına görə öldürülüblər. Amma təəssüflər olsun ki, İslamı əlində bayraq edən bəzi dövlətlər Xocalı soyqırımını törədən dövlətlə əlaqələr qururlar”.

Şərhlər

XƏBƏR LENTİ