SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyevdən hakimiyyətdə 30 faizlik dəyişiklik - Kadr arxasınca

İlham Əliyevdən hakimiyyətdə 30 faizlik dəyişiklik - Kadr arxasınca

Tarix:

24-04-2018, 16:18

/ 1 166 dəfə oxundu.
İlham Əliyevdən hakimiyyətdə 30 faizlik dəyişiklik - Kadr arxasınca

Ölkədə keçirilən prezident seçkilərindən sonra iqtidar öz komandasında ciddi dəyişikliklərə getdi. Belə ki, 1996-cı ildən bəri ölkənin baş naziri postunu tutan Artur Rasizadə yola salındı, onun yerinə isə bu günə kimi Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsini icra etmiş Novruz Məmmədov təyin olundu.
“Qafqazinfo” xəbər verir ki, yeni hökumətdə dəyişikliklər bununla kifayətlənmədi, əksinə bu, baş tutacaq yeniliklərin carçısı oldu. İqtidar gözlənilməz addımlar ataraq hökumətdə radikal sayılabiləcək dəyişikliklərə getdi.
Belə ki, birdən-birə hökumətdə baş nazirdən əlavə 4 nazir, 4 komitə sədri postu, eyni zamanda Dövlət Miqrasiya Xidməti və Turizm Agentliyi kimi vacib strukturlarda sədr dəyişiklikləri oldu. Ölkədəki bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırması baxımından uğurlu sayılan “ASAN” xidmət modelinə isə bu yaxınlarda təyinat olacağı gözlənilir.
Məlumat üçün bildirək ki, xidmətin fəaliyyəti hər zaman ölkə prezidenti tərəfindən bəyənilib və görülən işlər digər dövlət strukturlarına örnək olaraq göstərilib. Odur ki, xidmətin sabiq rəhbəri İnam Kərimovun da gördüyü işlər prezident tərəfindən yüksək qiymətləndirilərək Kənd təsərrüfatı naziri postu ona həvalə olunub.
Ümumilikdə götürdükdə isə baş verən dəyişiklikləri islahat paketi adlandırmaq olar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dəyişikliklər ən çox tənqid olunan sahələrdə baş verib. Uzun illərdir ki, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən problemlər, əsasən də insanlara süni yollarla əlillik dərəcəsi, pensiya kartlarının verilməsi, bu sahədəki rüşvət və korrupsiya əməlləri ciddi tənqid olunurdu. Son seçkilərə təbliğat və təşviqat kampaniyası zamanı namizədlər tərəfindən ən çox tənqid olunan sahələrdən biri də kənd təsərrüfatı idi. Prezident İlham Əliyev də öz çıxışında namizədlər tərəfindəm səsləndirilən tənqidlərin nəzərə alındığını və seçkilərdən sonra müəyyən dəyişikliklərin aparılacağını bildirmişdi.
Bu səbəbdən də, dəyişiklik edilmiş strukturlar arasında yuxarıda adlarını çəkdiyimiz nazirliklərin olması da gözlənilən idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümovun yerinə Sahil Babayev, Kənd Təsərrüfatı Nazirliyində isə Heydər Əsədovun yerinə isə İnam Kərimov təyin olundu. Bundan başqa, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hüseyn Bağırovu Muxtar Babayevlə əvəzləməklə yanaşı, 5 aydır ki, boş qalan Təhsil naziri postuna Ceyhun Bayramovu gətirdi. Onu da qeyd edək ki, aylardır nazir postuna təyinatın olmadığı üçün artıq nazirliyin ləğv olunaraq yeni bir strukturla əvəzlənəcəyi təəssüratını yaratmışdı.
Diaspor sahəsindəki vəziyyət isə daha acınacaqlı idi. Bildirdiyimiz ki, əksər diaspor təşkilatları pərəkəndə fəaliyyət göstərirdi. Xüsusilə də, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması, Ukrayna və Avropa ölkələrində diasporlar arsında gedən qarşıdurmalar göz qabağında idi. Əsas işi xaricdə Azərbaycanın manafeyini qorumaq olan diaspor təşkilatları bir-birləri ilə mübarizə aparmaqla məşğul idi. Bu halda onların işlərini koordinasiya etməli olan Diasporla İş üzrə Dövlət Komitəsi səbəb kimi göstərilir, qrumun sədri Nazim İbrahimovun bu ziddiyyətlərin mərkəzində dayanan bir faktor olduğu vurğulanırdı. Məhz bu sahələrə yeni, özü də adı rüşvət və korrupsiyada hallanmayan gənclərin təyinatı xüsusi diqqət kəsb edir.
Uzun illərdən bəri Azərbacanda tənqid olunan məsələlərdən biri də vacib strukturlarda gəncləşmə problemi idi. Odur ki, bu dəfəki islahatlarda təyinatların əksəriyyətinin gənc və innovativ kadrlardan təşkil olunması diqqət çəkən məqamdır. Gözlənilir ki, yaxın zamanlarda boş qalmış digər vəzifələrə də təyinatlar olunacaq.
Dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də öz müsahibəsində dövlət başçısının son təyinatlarına münasibət bildirən zaman dünyagörüşlü gənclərin önəmli postlara gətirilməsini önəmli faktor kimi qiymətləndirmişdi.
Son olaraq onu da qeyd edək ki, hakimiyyətdə xeyli yeni təyinat olsa da, hazırda Nazirlər Kabinetində boş qalan yerlər də var. Belə ki, Nazirlər Kabinetinin tərkibinə 16-sı nazirlik olmaqla 42 dövlət strukturu daxildir. Hazırda isə bu stukturlardan baş nazir, baş nazirin müavini, 4 nazir, 4 komitə və iki xidmət agentliyi sədri postuna təyinat olub. Ümumilikdə isə Nazirlər Kabinetində baş tutan 12 struktur dəyişikliyini nəzərə alsaq, onda yeni hökumətin 29%-nin dəyişdiyini görə bilərik.
Bundan başqa, Baş nazirin müavinləri Elçin Əfəndiyev və Abid Şərifov da kabinetdəki vəzifələrini itiriblər. Onlardan birinin yerinə Bakı meri Hacıbala Abutalıbov təyinat alıb. İki baş nazir müavini vəzifəsi isə hələ ki boş qalıb.

Bu məqamda bildirək ki, yaxın günlərdə Bakı İcra hakimiyyətinə təyinat olacağı gözlənilir ki, bu da hökumətdə strateji postlardan biri sayılır.

Son təyinatlar, təqdimat və yolasalınma mərsimləri Azərbaycanda bir yeni siyasi yanaşmanın ənənəsinin qoyulduğunu göstərir. İndiyə qədər vəzifədən çıxarılan məmurlar barəsində müxtəlif ittihamlar səsləndirilir, onlar qanun pozuntularında ittiham olunurdular. Bu dəfə isə maraqlı bir prosesin şahidi olduq. Belə ki, yola salınan qrumların rəhbərləri son olaraq kollektivlərlə görüşdü, hətta yeni təyin olunmuş şəxslərin təqdimatlarında iştirak edərək öz sələflərinə uğurlar arzuladlılar.

Şərhlər

XƏBƏR LENTİ