XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Prezidentliyə iddialılar - iqtidar üçün təhlükəlisi varmı?

Prezidentliyə iddialılar - iqtidar üçün təhlükəlisi varmı?

Prezidentliyə iddialılar - iqtidar üçün təhlükəlisi varmı?
28-10-2017, 12:14

“Xarizmatik, cəmiyyətin bütün kateqoriyalarını özünə cəlb edə bilmək imkanlarına malik, hökuməti təşvişə salan alternativ yoxdur”- Politoloq

Prezident seçkisinə təxminən bir ilə yaxın müddət qalsa da artıq bir neçə iddiaçının adı bəllidir.

Həm ənənəvi müxalif düşərgədən namizədlər açıqlanıb, həm də vaxtı ilə indiki hakimiyyətdə təmsil olunan və hazırda xaricdə yaşayan tanınmış personaların bəziləri fərdi olaraq namizədliklərini indidən elan ediblər. Bunlar eks-spiker Rəsul Quliyev və keçmiş deputat Hüseyn Abdullayevdir. Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da namizəd ola biləcəyi barədə ara-sıra məlumatlar yayılır. Müxalifət partiyalarından isə İsa Qəmbər, Əli Əliyev və Tural Abbaslını namizəd olacağı bəyan edilib.

Bəs iqtidar üçün seçkidə bu personalardan hansı daha təhlükəli sayıla bilər.

Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycanın seçkiqabağı atmosferi hələlik susqun xarakterə malikdir, bəlli bir dinamizm qazana bilmir. Bu nöqteyi-nəzərdən də hakimiyyətə rəqib düşərgədə bütün şəxslərin imkanları az qala bərabər görünür. Onlardan kimisə ciddi şəkildə fərqləndirmək üçün ciddi əsaslar hazırda yoxdur. Lakin namizədlərin hər biri çox iddialı çıxış edir: “Xüsusilə Rəsul Quliyevlə Əli Əliyev iddialıdırlar. Əli Əliyev hətta özünü favorit hesab edir. Rəsul Quliyev çox iddialı olsa da ölkəyə dönməsi, seçkilərdə qeydə alınması kimi bir sıra problemli məsələlər onun önünü kəsməkdədir. Eləcə də bu sözləri Hüseyn Abdullayev haqqında da demək olar”.

Həmsöhbətimiz düşünmür ki, müxalifət düşərgəsində namizədlikləri elan edilən şəxslər həm seçki qabağı təbliğat-təşviqat məsələlərində, həm də ümumiyyətlə əhalinin bəlli hədəflərə yönəldilməsi istiqamətində kifayət qədər potensiala malikdirlər: “Potensiallardan heç də nahaq yerə danışmıram. Çünki seçki resursları bir çox qollara ayrılır. Bunların içərisində maliyyə də var, namizədin xarizması məsələsi, cəmiyyətdə tanınması məsələsi var. Digər kriteriyalar da mövcuddur. Hər halda bu meyarların olması çox vacibdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda adları çəkilən müxalif düşərgənin nümayəndələri və xaricdə yaşayan iddiaçıların içərisində bu kriteriyaların hamısına dolğun cavab verən şəxsə rast gəlmək çox çətindir. Hər dəfə prezident seçkilərinin mürəkkəbliyi artır, iştirak edən şəxslərdən həm daha ciddi hazırlıq səviyyəsi, həm də yuxarıda dediyimiz resurslara malik olmaq şərti ciddi surətdə tələb olunur. Elə seçkiqabağı təbliğatın qurulması kifayət qədər maliyyə resurslarının cəlb edilməsini tələb edir ki, bu resurs ənənəvi müxalifət düşərgəsindən olan namizədlərin heç birində yoxdur. Üstəlik xarizma məsələsini xüsusilə qabartmaq istərdim. Hələ ki, əhali arasında kifayət qədər xarizmaya malik və demək olar cəmiyyətin bütün kateqoriyalarını özünə cəlb edə bilmək imkanlarına malik olan namizədlər yox dərəcəsindədir.

Düzdür, bəlli qrupların, bəlli regionların hüsnü-rəğbətini cəlb edən iddiaçılar yox deyil. Amma Azərbaycan siyasətində pülrialist demokratik siyasi xəttin tarixi 25 ildir və bu müddət ərzində siyasi həyata olan şəxslərin bir qismi gah nüfuzunun zirvəsinə qalxıb, gah zirvədən aşağı enib. Bu gün ictimai-siyasi həyatda ciddi sakitlik və ictimai-siyasi proseslərə münasibətdə qeyri-aktivlik hiss edildiyindən bu saat kiminsə xarizmatik bir lider kimi xalqın içərisində nüfuz qazana biləcəyindən danışmaq o qədər asan deyil. Bunu həm partiyalara, həm də qeyri-partiyalı iddiaçılara aid edirəm.

Hər halda ölkədə seçki mühitinin özünün ab-havası da çox şeyi müəyyən edir. Buraya seçki mühitinin demokratikliyi, seçkidə KİV-dən, televiziyadan istifadə etmək üçün bərabər imkanların yaradılması məsələsini də əlavə etsək, belə demək mümkündür ki, məsələ kifayət qədər qəlizləşir. Yəni bu məsələlərdə də müəyyən problemlərin olacağı şübhə doğurmur. Bütün bunların hamısını cəm halında yekunlaşdırıb belə demək mümkündür ki, bugünkü iqtidarın namizədinə ciddi rəqabət təşkil edə biləcək, iqtidarı təşvişə sala, ona ciddi problemlər yarada biləcək namizədlər yox dərəcəsindədir. Olan namizədlərin gücü zəifdir, iqtidarı qorxuya salacaq səviyyədə deyil”.

Q.Hüseynli vurğuladı ki, iddiaçılardan Hüseyn Abdullayev və iddiaçı olacağı barədə söhbətlər yayılan Abbas Abbasovun digərlərindən maliyyə resurslarına görə fərqi ola bilər: “Ancaq onların maliyyəsinin olması hər şeyin onların xeyrinə olması demək deyil. Abbas Abbasovun Azərbaycanın Qarabağ problemində mənfi mövqedə olan, işğalçı Ermənistanla hərbi müttəfiq olan bir dövlətin çətiri altında olması bəllidir. Əvvəla, həmin dövlətin Abbas Abbasovu hakimiyyətə gətirməsi imkanları çox zəifdir. İkincisi, həmin dövlətə sığınması faktoru Abbas Abbasovun Azərbaycan xalqı tərəfindən dəstəklənəcəyi ehtimalını minimuma endirir. Xalq torpağını işğal etmiş Ermənistanın hərbi müttəfiqi olan bir dövlətə bağlı adama səs verməz. Hüseyn Abdullayevin isə xaricdə yaşaması onun seçkilərdə iştirakına maneə olacaq hər halda”.

Politoloq hesab edir ki, seçkilər yaxınlaşanda hökumətə daha ciddi rəqib kimi indi heç kimin ağlına gəlməyən gənc bir namizədin çıxması mümkündür. Proseslərin gedişindən asılı olaraq protest elektoratını özünə cəlb edə biləcək namizədin meydana çıxa biləcəyi istisna olunmur.

musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.