XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » “AŞ ilə münasibətimizin pisləşməsində region dövlətlərinin kəşfiyyatı fəal rol oynayıb”

“AŞ ilə münasibətimizin pisləşməsində region dövlətlərinin kəşfiyyatı fəal rol oynayıb”

“AŞ ilə münasibətimizin pisləşməsində region dövlətlərinin kəşfiyyatı fəal rol oynayıb”
27-10-2017, 11:37

“Azərbaycan iqtidarı içərisində Avropa Şurası ilə bağlı məsələdə mövqelərdə xüsusi kəskin ziddiyyət, ayrılıq yox, baxış fərqləri var”

Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc bu qurumdan çıxmaqla bağlı səslənən müzakirələri musavat.com-a şərh edərkən deyib.

Z.Oruc qeyd edib ki, Avropa Şurasının hazırkı rəhbərliyi ilə münasibətləri əsas götürüb bütün dünənki əlaqələrin üzərinə xətt çəkmək, əldə olunmuş nailiyyətləri inkar etmək çox yanlış olardı: “Heç kim inkar etmir ki, Avropa Şurasında Azərbaycana münasibətdə ayrı-seçkilik olmayıb. Tutaq ki, Krımla bağlı Avropa Şurasında çox sərt qərarlar verilib, yalnız insan haqları konteksti deyil, Ukraynanın milli təhlükəsizliyi, ərazi bütövlüyü, bu ölkə ilə münasibətlərin suveren hüquqlar əsasında qurulması prinsipləri əsas götürülüb. Deməli, bizim o zamanlar Qarabağ və milli təhlükəsizlik problemlərini Avropa Şurasından gözləməyimiz əbəs olmayıb. Lakin çox təəssüf ki, bizə paralel şəkildə sanki başqalarından bir addım geridə münasibətlər başlayıb. Çünki Avropada İslam ölkələrinə münasibət qətiyyən yaxşı olmayıb. Bu, Azərbaycan cəmiyyətində mənfi qarşılanıb, həm də bölgədə müxtəlif formatlara bizi çəkmək istəyən dövlətlərin maraqlarının lehinə işləyib”.

Onun sözlərinə görə, açıq şəkildə demək lazımdır ki, bu gün biz Avropa Şurası ilə münasibətlərimizi pisləşdirən şəxsləri müxtəlif casus şəbəkələri ilə əlaqəli görməkdəyik: “Burada region dövlətlərinin də kəşfiyyat strukturları yetərincə fəal rol oynayıblar. Onların hədəfi budur ki, Azərbaycan beynəlxalq qurumlarla münasibətlərində problem yaşasa və Qərbdən qopsa, bu, mahiyyət etibarilə Azərbaycanı regional sistemlərə daha çox bağlamağa imkan verəcək”.

Deputat deyib ki, Prezident İlham Əliyev 24 noyabrda Brüsseldə keçiriləcək Avropa Birliyi ”Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcəyini açıqlayıb: “Bu, bir daha o anlama gəlir ki, Azərbaycan prezidenti Avropadan üz çevirmək mövqeyində deyil. Biz Avropa Şurasından çıxmaq qərarını verərkən yalnız Azərbaycan əleyhinə lövbər salan və sistemli, şəbəkəli halda üzərimizə hücum çəkən qüvvələrin meydanını genişləndirmiş olarıq. Bu dəqiqdir".

Z.Orucun sözlərinə görə, Avropa Şurası mühüm bir klubdur və biz onu itirməməliyik: “Biz bu illər ərzində çoxlu tərəfdaşlar da qazanmışıq. Düzdür, Azərbaycan nümayəndə heyəti çox zaman Avropa Şurasına sanki müharibəyə gedən kimi gediblər. Ancaq bu, bizə oradan çıxmaq üçün əsas olmamalıdır. Azərbaycan əlbəttə ki, özünü izolyasiya kursu seçmir və Avropa Şurasından çıxmaq bizi əlahiddə zərbələr altında qoymaz. Ancaq biz Avropa Şurası tribunasını əldən verməməliyik”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.