XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Ağ Ev Bakını Moskva ilə “qaz oyunu”na çəkir - İDDİA

Ağ Ev Bakını Moskva ilə “qaz oyunu”na çəkir - İDDİA

Ağ Ev Bakını Moskva ilə “qaz oyunu”na çəkir - İDDİA
26-07-2017, 10:13

Xəbər verildiyi kimi, ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. Artıq ABŞ Konqresinin saytında yeni sanksiyaların mətni dərc edilib. Sənəd iyulun 25-də - yəni dünən səs verməyə çıxarılmalı idi və təsdiqlənəcəyinə şübhə yox idi. Prezident Donald Trampın administrasiyası da qanun layihəsini dəstəkləyib.

Yeni sanksiyalar Rusiya iqtisadiyyatının neft-qaz və bank sektoruna da toxunacaq və daha çox Rusiyanın inşa etmək istədiyi “Şimal axını - 2" layihəsini əngəlləmək məqsədi güdür. O da bəllidir ki, Rusiya tərəfi, o sırada prezidentin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında Konqresdə baxılan qanun layihəsini ”son dərəcə neqativ" kimi qiymətləndirib. Siyasi təhlilçilərə görə isə qanun şəklini alacaq yeni sanksiyalar paketindən sonra iki ölkə arasında münasibətlər daha gərgin fazaya keçəcək.

Demək, ABŞ və Rusiyanın dost-müttəfiqləri üçün də yeni bir sınaq mərhələsi başlaya bilər. Söhbət konkret halda Azərbaycandan gedir. Məlumdur ki, Bakı uzun illərdir ABŞ-la Rusiya arasında balanslı siyasət yürütməyə çalışır. Ancaq qlobal güclər arasında balansı saxlamaq getdikcə çətinləşir. Xüsusilə energetika sahəsində optimal tarazlığı qorumaq indi daha böyük səylər tələb etməkdədir.

Məsələ ondadır ki, Avropanın Rusiya təbii qazından asılılığının azaldılmasına yönəlik iri layihələrdə ölkəmizin getdikcə daha fəal iştirak eləməsi, Cənub Qaz Dəhlizinin inşası istər-istəməz Bakını Moskvanın rəqibinə çevirir. Qərb və Rusiya analitikləri də artıq bu məqama diqqət yönəltməyə başlayıblar - həm də Rusiya-ABŞ qarşıdurması kontekstində.

***

“9-13 iyulda İstanbulda 22-ci Dünya Neft Konqresi keçirilib və orada keçmiş sovet məkanının əsas neft-qaz respublikalarından olan Azərbaycan fəal iştirak edib. Rəsmi Bakı konqresdən özünün bu günə ən əsas layihəsi olan TANAP qaz kəməri projesini irəli aparmaq üçün istifadə edib - hansı layihə ki, Rusiyadan asılı olmayan qaz xəttinin Türkiyə ərazisi vasitəsilə Avropa Birliyi ölkələrinə çatdırılmasını təmin eləməlidir. Bakının planları bütövlükdə ABŞ-ın da siyasətinə uyğundur - hansı ki, TANAP vasitəsilə Rusiyanın Ukraynadan yan keçən qaz kəmərlərinə maneə yaratmaq istərdi”.

Musavat.com-un məlumatına görə, bu barədə “Yevraziya-ekspert” portalı yazıb. Portal daha sonra Azərbaycan prezidenti İlham Əliyevin iyulun 10-da İstanbulda, sərgi çərçivəsində ABŞ dövlət katibi Reks Tillersonla görüşünə toxunaraq yazır: “Görüşün əsas mövzusu TANAP-ın da tərkib hissəsi olduğu Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ilə bağlı situasiya idi. Reks Tillerson qeyd elədi ki, ABŞ bundan sonra da bu layihəni dəstəkləyəcək. Vaşinqton faktiki surətdə Bakını Moskva ilə ”energetik oyun"a qoşmağa çalışır, Gürcüstan və Türkiyə ilə birgə reallaşdırılan TANAP layihəsi hesabına Rusiyanın həyata keçirmək istədiyi “Türk axını” və “Şimal axını -2" layihəsinin inşasına mane olmaq istəyir. Fakt budur ki, ABŞ-ın nəhəng neft-qaz şirkəti olan ”Exxon Mobil"ə lap yaxınlara kimi rəhbərlik eləmiş Reks Tillerson SSRİ-nin çöküşündən sonra Vaşinqtonun MDB-nin cənub ölkələrinə münasibətdə yürütdüyü əvvəlki siyasəti davam etdirir".

Rusiyalı analitiklərə görə, bu siyasətin başlıca hədəfi - Güney Qafqaz və Orta Asiya ölkələrinin Rusiyaya nəqliyyat-kommunikasiya və iqtisadi-ticari oriyentasiyasını önləmək və daha sonra isə tamamən kəsməkdir. “Bu siyasət çərçivəsində də 2000-ci illərdə Azərbaycanın neft-qaz yataqlarını Rusiyadan yan keçməklə Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri çəkilib. TANAP bu siyasətin yalnız davamıdır”, - deyə ekspertlər qeyd edir.

“Cənub Qaz Dəhlizi - Xəzər hövzəsi qazının Rusiya və Ukraynadan asılı olmadan Avropaya çatdıracaq qaz kəmərləri şəbəkəsi layihəsidir. Bu kəmərin ”sələfi" "Nabukko" idi - o da Azərbaycanı Türkiyə vasitəsilə Avropa ilə birləşdirməli idi. Lakin resurs bazası ilə bağlı problem və texniki detalların uzlaşdırılmaması üzündən inşa oluna bilmədi. Mahiyyət etibarilə TANAP ilkin mərhələdə çox da böyük olmayan qaz həcminə hesablanmış "Nabukko"nun şəkli dəyişdirilmiş versiyasıdır. Lakin onun da qayəsində Avropa Birliyinə qazın Rusiya marşrutuna alternativ şəkildə çatdırılması dayanır. Ankara prioritet layihə kimi məhz TANAP-ı hesab edir, nəinki “Türk axını”nı. “TANAP gələcəkdə təkcə Azərbaycan qazının deyil, həm də Yaxın Şərq ölkələrinin qazını Türkiyə və Avropaya nəqlinə imkan verəcək”. Bu fikri Ərdoğan administrasiyasında adının çəkilməsini istəməyən mənbə söyləyib", - deyə məqalənin sonunda qeyd olunur.

***

Şübhə yox ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından sonra TANAP-ın “Türk axını” ilə rəqabətdə şansı daha da artacaq. Bu isə öz növbəsində Rusiyanı özünümüdafiə üçün bəzi kontur-tədbirlər görməyə vadar edə, hətta daha da aqressivləşdirə bilər. Kontur-tədbirlərin nədən ibarət olacağı dəqiq bilinməsə də, bir şey aydındır ki, Bakı bu mərhələdə Rusiya faktoruna münasibətdə qat-qat diqqətli olmaq zorundadır.

musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.