XalqXəbər.Az

Milli Bankdan hökumətə anons - GƏLİŞMƏ

yüklənir...
Milli Bankdan hökumətə anons - GƏLİŞMƏ
31-07-2019, 11:31
yüklənir...

Azərbaycan Mərkəzi Bankı ilin sonunda inflyasiyanın 6 faizədək yüksələcəyini proqnozlaşdırır.

İnflyasiya səviyyəsinə başlıca təsir kimi ərzaq qiymətlərinin artımı göstərilir. "Dəqiqləşdirilmiş proqnozlara görə, cari ilin sonuna qədər inflyasiyanın hədəf diapazonunda (4±2 faiz) olacağı, lakin, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı gözlənilir".

Mərkəzi Bankın yaydığı məlumatda qeyd edilir ki, İdarə Heyətinin monetar siyasətə həsr olunmuş axırıncı toplantısından sonra mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınıb, qiymətlərin ümumi səviyyəsi iyunda 0.5 faiz aşağı düşüb. 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıda olmaqla 2.9 faiz təşkil edib. Ümumiyyətlə, inflyasiya səviyyəsinə başlıca təsirin ərzaq qiymətlərinin artımı (4.3 faiz) göstərir. Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1.3 faiz) və xidmətlər üzrə illik qiymət artımı (2.3 faiz) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşıb.

Məcmu tələbin genişlənməsi şəraitində anti-inflyasyon monetar şərait, habelə ikitərəfli və çoxtərəfli məzənnələrin dinamikası inflyasiya təzyiqini səngidir.

Mərkəzi Bankdan bildirilib: "Real sektor monitorinqinin nəticələrinə əsasən iyunda qiymət gözləntiləri əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində və xidmət sahələrində isə artıb. Ev təsərrüfatları arasında iyun ayında aparılan sorğunun nəticələrinə görə, inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlər azalmaqda davam edir və onların payı cəmi 2.3 faizdir. Bununla belə, aparılmış təhlillər inflyasiya gözləntilərinin həssas və asimmetrik olduğunu göstərir.

2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2 faiz) qalacağı, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı proqnozlaşdırılır".

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhriyət” qəzetinə bildirib ki, tək ərzaq məhsulları deyil, ölkədə bütün istehlak mallarının qiyməti il ərzində durmadan artıb:

“Bu proses ötən il bir qədər zəif tendensiya ilə gedirdi, 2017-ci ildə isə daha zəif idi. Yəni artım ilbəil sürətlənir. Hökumət ötən ilin sonuna qədər inflyasiya tempinin artacağını bəyan etmədi. Bu il ötən ilə nisbətən daha yüksək inflyasiya olacağını müstəqil ekspertlər qeyd edirdilər, artıq hökumət də bunu etiraf edir. Doğrudur, nəzəri baxımından qiymət artımı həmişə inflyasiyanın əsas hərəkətverici qüvvəsi olub. Ölkədə məhsulların, xidmətlərin qiymətlərində artım müşahidə olunmasa, təbii ki, inflyasiya da olmayacaq. Buna təsir edən digər amillərdən biri də bu il ərzində ölkə əhalisinin gəlirlərinin bir qədər artmasıdır. 2019-cu il sentyabrın 1-dən minimum əməkhaqqının məbləği 250 manat, minimum pensiyaların isə 200 manat müəyyən edilməsi barədə sərəncam qüvvəyə minir. Bu amillər də inflyasiyanın sürətinə təsir edir. Əslində, Azərbaycan hökuməti inflyasiyanı bir nəticə olaraq götürməli və bu prosesin zəiflədilməsi istiqamətində kompleks tədbirlər görməlidir. Yəni iqtisadiyyatı idarə edən hökumət ölkə daxilində bütün istehlak və qeyri-istehlak məhsulların bolluğunu yaratmalı, həmçinin idxaldan asılılığı minimuma endirməli, həm də rəqabət mühiti formalaşdırmalıdır. Hər üç amil ölkədə xərc inflyasiyasını cilovlayan əsas təsir mexanizmidir. Bunun öhdəsindən gəlsək, nə inflyasiyanın aşırı həddini müşahidə edərik, nə də ki, manatın dollara qarşı məzənnəsini saxlamaq üçün Neft Fondundan və ya dövlət büdcəsindən bazara valyuta çıxarılmasına ehtiyac qalar. Manatın məzənnəsinin qorunması üçün bazara çıxarılan valyuta havaya sovrulur. Çünki bu valyutanın manatın məzənnəni saxlamaqdan başqa heç bir iqtisadi səmərəsi yoxdur. Bu gün Azərbaycan hökuməti xüsusi proqramlar, layihələr və geniş islahatlar həyata keçirməlidir ki, müsbət nəticə alsın. Yerli istehsal hesabına daxili tələbatın ödənilməsi, idxalın minimuma endirilməsi və rəqabət mühitinin stimullaşdırılması bu proqramların tərkib hissəsi olmalıdır”.

Analitik onu da qeyd edib ki, hökumət ölkə daxilində istehlak və qeyri-istehlak malların qiymətinin artmasında maraqlı deyil:

“Minimum əməkhaqqı və pensiyanın artımı üçün büdcədə kifayət qədər vəsait var. Əgər minimum əməkhaqqı və pensiyalar ilin əvvəlindən artırılsaydı, o zaman büdcə vəsaitləri bu xərclərin qarşılamağa kifayət etməyəcəkdi. Minimum əməkhaqqının artım hissəsi 4 ay, pensiyalar isə 3 ay ərzində builki büdcə hesabına ödəniləcək. Bu, əvvəlcədən nəzərdə tutulmuş bir qərardır. Büdcə vəsaiti bu artımları qarşılamağa yetərli olur. Sadəcə, hökumətin bu qiymət artımını cilovlaması üçün əlində xüsusi rıçaqları yoxdur. Məsələn, qiymətlərə müdaxilə edəndə sual yaranır ki, bazar iqtisadiyyatında nəyə görə qiymətlərə inzibati müdaxilə edilir? Digər tərəfdən, bazarın da qiymətləri cilovlaması üçün mexanizm yoxdur. Tələbat mallarının bolluğunun yaranması və rəqabət mühiti bazar iqtisadiyyatında qiymətləri cilovlayan vasitədir ki, bu da Azərbaycanda olmayıb. Ən yaxşı halda Azərbaycanda əhalinin ərzaq məhsullarına olan tələbatının yarısı ölkə daxilində istehsal edilir. Rəqabətdən isə ümumiyyətlə, danışmağa dəyməz”.

Ekspert sonda real inflyasiya həddini də dəyərələndirib. O hesab edir ki, ilin sonuna kimi inflyasiya ikirəqəmli həddə çatmasa da, o səviyyəyə qədər inkişaf edəcək:

“Dəqiq rəqəm demək çətindir. Amma mövcud tendensiyaya baxanda ikirəqəmli inflyasiyanın gözləntiləri var”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.