XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » “Bu, o demək deyil ki, evli kişi gözəl xanıma baxmasın” - Qərib Azər

“Bu, o demək deyil ki, evli kişi gözəl xanıma baxmasın” - Qərib Azər

“Bu, o demək deyil ki, evli kişi gözəl xanıma baxmasın” - Qərib Azər
27-02-2017, 09:37

Axşamçağı düşəndə hamının ailəlikcə yığışıb televiziya qarşısında oturan vaxtları idi. Ölkə sərhədlərini o tərəfə keçənlər də elə çox olmadığından qərib diyarlardan gələn səs, eşitdiyimiz hər hekayə marağımıza səbəb olurdu. Onlardan ən birincisi isə “Oralar”dan bizi salamlayan Azər Qəribov, bizə doğma olan dildə desək, Qərib Azər idi.

Ötən gün elə onun sosial şəbəkədəki paylaşımlarına nəzər salanda izləyicilərindən birinin yazdığı “Sizin yazılarınızı oxuyanda beynimdə hər zaman o intonasiya və səsiniz canlanır” şərhi diqqətimi çəkdi. Şərhi oxuduqdan sonra baxdım ki, bayaqdan mən də elə həmin intonasiya ilə oxuyurammış.

Odur ki, bu dəfə həm o illərdəki nostalgiyanı yaşamaq, həm də oralardan, buralardan qısa da olsa, söhbətləşmək üçün jurnalistin qapısını döyməyi qərara aldıq. Söhbətə də elə “Oralar”dan başladıq.

- Sizi “Oralar” verilişi ilə tanıdıq. Bu kimi layihələr kifayət qədər büdcə tələb edir. O vaxt üçün bu formatlı layihəni televiziyaya bəyəndirmək çətin olmadı?

- 14 il bundan qabaq verilişim yayımlanmağa başladı. Bəli, maliyyə cəhətdən çətinliklər var idi. Qalanları isə maraq, istək olduğu üçün elə də gözə görünmədi. Maliyə dəstəyini isə iki nəfər göstərdi. Biri qardaşım idi, biri də məktəb yoldaşım. Məni yaxşı tanıdıqları üçün layihəmə də inanıb razılıq verdilər.

- Layihədən əlavə Qərib Azər adı da kifayət qədər uğurlu oldu və vaxt ötdükcə bir brendə çevrildi.

- Verilişin adını əzəldən “Oralar” kimi nəzərdə tutmuşdum. Sonradan ANS-də Mirşahin dedi ki, gəlin “Qərib Azər” edək. Həm qəribçilikdir, həm də soyad. Bu fikir mənim də xoşuma gəldi və razılıq verdim. Sağ olsun, ona minnətdaram ki, o vaxt həmin ideanı verdi, o ad mənim brendim oldu. Ancaq kanalı dəyişəndən sonra yenidən “tarixi adını” qaytardım.



- Bəs səyahətlərə olan bu qədər marağınız hardandır?

- Atam çox səyahət edirdi, hər yay tətilində bizi harasa aparırdı. Belə-belə mən də səyahət etməyi çox sevdim, hətta ilk tək səfərimə də 12 yaşımda çıxmışam. Həm də jurnalist olmaq istəyirdim. Sonradan bu iki istək birləşdi və ortaya belə bir layihə çıxdı.

- Nəsə mənə elə gəlir ki, bizim peşədə səyahət jurnalistlərinə həmişə qibtə ilə baxırlar. Bu sahədə çalışmaq çox jurnalistin arzusu olur.

- İngilis dilində belə peşəyə “dream job” deyirlər, yəni iş deyil, nağıldır (gülür). Jurnalistikada bütün sahələrdə uğur qazanmaq olar, sadəcə səyahət jurnalistlərinin əsas üstünlüyü ondadır ki, dünyanı gəzir, maraqlı yerlər görürlər. Əsas imtiyazlar odur ki, daim hərəkətdəsən, yeni mədəniyyətlərlə, yeni insanlarla tanış olursan və s. Çox insanın maddi gücü olsa belə, zamanı bu qədər gəzməyə imkan vermir.

- Verilişiniz nə az, nə çox 10 il boyunca yayımlandı və kifayət qədər də maraqla izlənildi. Sizdən sonra, hazırda da müxtəlif kanallarda bu səpkili verilişlər yayımlanmağa başlandı. Həmin verilişlərdən izlədiyiniz var?

- Bəli, səyahət verilişlərinin olduğunu bilirəm. Ancaq o verilişlərə görə yox, ümumiyyətlə, bizim kanallara baxmıram. Artıq uzun müddətdir ki, televizora az baxmağa başlamışam. Yalnız bizim kanallara yox, bütövlükdə. Əslində səyahət verilişləri hər bir kanalda olmalıdır. “Filan kanalda var, ona görə biz yayımlamayaq” düşüncəsi yanlışdır. Dünya praktikasında belədir ki, özünə hörmət edən kanalda səyahət verilişi olur. Hətta ayrıca səyahət kanalları belə var. Ancaq bizdə maliyyə ilə bağlı problem yaşamaq istəmədikləri üçün bu kimi verilişlərdən, layihələrdən uzaq durmağa çalışırlar. Misal üçün, 5 manat verib studiyada qalmaqal verilişi hazırlayıb reytinq yığmaq olan yerdə niyə əlavə vəsait axtarıb çətinliyə düşsünlər?

- Sosial şəbəkələrdə aktivsiz və bu aktivlik sizi Sosial Media mükafatı olan “Bomba”nı qazandırdı. Bloqqerlik fəaliyyətinə görə nominant idiniz və namizədlərlə bağlı xeyli söz söhbətlər də oldu. Müsabiqəni ümumilikdə necə qiymətləndirirsiz?

- Düzü, nominant olmağım gözlənilməz oldu, yəni xəbəri sonra tutdum. Hətta bir qədər narazılığım da oldu ki, nəyə görə məndən soruşmamış adımı saldılar. Əlbəttə, mənə şərəfdir ki, ilk dəfə keçirilən müsabiqədə “bomba bloqqer” oldum (gülür). Amma mən buna bir qədər yumoristik, əyləncəlı, xoş əhval-ruhiyyəli bir müsabiqə kimi baxıram. Sağ olsunlar. Ancaq adlarını görmək istədiyim və nominasiyalarda olmamasına təəccübləndiyim bloqqerlər də var idi. Yaxşı olar ki, təşkilatçılar gələn il üçün bu tənqidi fikirləri diqqətə alsınlar.



- Gəncləri daha çox qabağa çəkməyi, onlara yol açmağı dəstəkləyən şəxslərdənsiz. Bəs hazırki gənclərin potensialını necə görürsüz?

- Öz müşahidələrimə görə, hazırki gəncliyi iki hissəyə bölərdim. Bir hissə oxuyur, öz üzərində işləyir. Qarşısına bir məqsəd qoyub. Arzusu var və o arzusuna çatmaqda iddialıdır. Ancaq başqa bir hissə də var ki, valideynlərinin pulu var, tək istəyi də yeyib içib kef eləməkdir. Nə məqsədləri var, nə başqa bir şey. Birinci hissədəki gənclərin potensialları da var, imkanları da. Hərdən deyirlər şərait yoxdur. Bəli, çətinliklər var, onu mən bilirəm, anlayıram. Ancaq məqsədi olan gənclərin, iddialı olan gənclərin, arzusunun dalıyca axıracan getməyi bacaran gənclərin əksəriyyəti uğur qazanır.

- Səyahətçilərin belə bir fikri var, insanlar səfərə çıxan zaman mütləq qərar verməlidir ki, istirahətə gedir, yoxsa gəzib görməyə. Siz hansına üstünlük verənlərdənsiz?

- Səfərimin məqsədindən asılı olaraq dəyişir. Reportaj edəcəmsə, bloqumda nəsə paylaşacamsa, onda hərəkətli səyahətə üstünlük verirəm. Yox əgər istirahətə gedirəmsə, onda seçimim dəniz kənarında palmanın altında uzanmaq olar.

- Uzun illərdir ki, səyahət edirsiniz. Maraqlıdır, evlilikdən öncə və sonra səyahətlərdə hər hansı fərqlər var? Deyirlər, subaylar daha çox İspaniyaya, evlilər Almaniya üz tutur.

- Çox təhlükəli sualdır, cavabını ictimailəşdirmək olmaz (gülümsəyir). Subay olanda, xususilə də, tələbəlik illərində xeyli boş vaxtın olur, azad olursan, nə qədər istəsən gəz, gör. Ancaq evlilikdən sonra məsuliyyət artır. O ki qaldı, subaylar güya İspaniyaya gedir? Mən belə fikir eşitməmişəm, amma əgər qadınları nəzərdə tuturlarsa, ispan qadınının gözəlliyi İspaniya mədəniyyətinin bir parçasıdır. Subay kişi də, evli kişi də həmin gözəllikdən zövq ala bilər. Bu, o demək deyil ki, evli kişi heç bir gözəl xanıma baxmamalıdır. Gözdür də, istər subay göz olsun, istər evli (gülür).

- Səyahətçiyə verilməsi vacib olan suallardan birindən də yan keçməyək. 85 ölkə gəzmisiniz, sizin üçün ən maraqlı gələni hansıdır?

- Bu, ən tez-tez verilən və cavabı ən çətin olan suallardan biridir. Düzdür, bəzi sevimli ölkələr var, məsələn, İtaliyadan xüsusi xoşum gəlir, Asiya ölkələrini bəyənirəm, ancaq ən gözəl, ən yaxşı, ən unudulmaz heç birinə deyə bilmərəm. Hərdən bir ölkədə özünü yaxşı hiss edirsən, hərdən tam başqa bir ölkədə. Hava, mövsüm faktoru var, əhval-ruhiyyə öz sözünü deyir. Cibdə olan pulun miqdarı da rol oynayır. Bir var, turist şəhərin mərkəzindən xeyli uzaqda olan Yeni Günəşlidə qalır, oradan avtobus, metro ilə şəhərə gəlir, dönər yeyir, restorana filana getməyə maddi imkanı olmur. Bir də var ki, mərkəzdəki otellərin birində qalır, gecə klublarında gəzir, gecə-gündüz qulluğunda maşın olur, ən gözəl təamlardan dadır. Yəqin ki, bu iki şəxsin şəhər barədə təəssüratları tam fərqli olacaq. Ancaq elə şəhərlər var ki, qaldığın otelin ulduzlarından asılı olmayaraq vurğunu olursan. Məsələn, London, Paris, Roma, oraların memarlığı, tarixi və s. Pulun olsa da, olmasa da keçirəcəyin hisslər eyni olacaq.



- Ancaq yenə də insanlarına görə özünüzə daha doğma, isti hesab etdiyiniz yerlər də olar yəqin ki.

- Sözsüz ki, var. Dediyim kimi, Qərbdə İtaliya, İngiltərə, İspaniya. Asiya tərəfdə isə demək olar ki, bütün ölkələr. Oralarda insanlar daha istidir. Tayland, Malaziya, Sinqapurda insanların səmimiyyətinə, gülüşlərindəki doğmalığa inanırsan. Bilirsən ki, üzlərindəki təbəssüm qəlbindən gəlir. Demək olmaz ki, Avropada təbəssümlər sünidir, amma mədəniyyətləri bir qədər soyuqdur. Balaca kəndlərə getməyi xoşlayıram, Bali adasına gedəndə bir evin qapısını döyüb su istədim, məni içəri dəvət etdilər, xeyli söhbət elədik, çay içdik. Amma ağlım kəsmir ki, Avropada kiminsə belə rahatlıqla həyətinə girə biləsən. Düzü, qınaya da bilmirsən. Son 10-15 il ərzində Qərbdə xeyli dəyişikliklər olub. Artıq qorxurlar. Adicə olaraq, əvvəllər rahatlıqla avtostop edə bilərdin, indi ehtiyat edirlər, xüsusilə də, bir az qarafason olanda.

- Oraları qarış-qarış gəzmisiz, bəs buralar necə? Azərbaycanın bütün bölgələrində olmusuz?

- Yox, Azərbaycanı istədiyim qədər gəzə bilməmişəm. Masallıda, Qazaxda - bir çox yer var ki, hələ olmamışam. Özüm tez-tez Qəbələyə gedib gəlirəm deyə yolumun üstündəki rayonlarda çox olmuşam. Ancaq istəyərdim ki, gələcəkdə bir Azərbaycan turu da edim.

- O vaxt ekranlarda tanıdığımız və sevdiyimiz simaların çoxu hazırda xaricdə yaşamağa üstünlük verib, orada özlərinə yeni bir həyat qurublar. Bəs sizin belə bir planınız var?

- Nədənsə bu sualı mənə tez-tez verirlər. Demək olar ki, bütün yaxınlarım xaricdə yaşayır. Bacım, qardaşım öz ailələri ilə ABŞ-da yaşayır. Vaxt olduqca onları görməyə gedirəm. Ancaq köçüb orada yaşamağım mənə qəribə gəlir. Onsuz da, ilin yarısı xaricdəyəm. Başqa ölkədə olsam da, yenə gəzəcəm. Onda daha nə fərqi var, burda yaşadım, ya başqa bir yerdə. İstədiyim an köçə bilərəm. İmkan da var, qalmağa yer də. Ancaq bir yerdə çox qala bilən insan deyiləm. Rusların gözəl bir ifadəsi var ki, böyük bir şəhərdə tanınmayan, axırıncı bir adam olmaqdansa, balaca kənddə öndə olmaq daha yaxşıdır. Burada azdan-çoxdan tanıyırlar, bilirlər. Dost, yoldaş var, ictimai həyatda iştirak edirəm. Nə qədər ki, məni buradan qovmayıblar, getmək fikrim yoxdur (gülümsəyir).

- Olduğunuz ölkələrdə hansı xüsusiyyətləri ölkəmizdə də görmək istəyərdiz?

- Qayda-qanuna, nizam-intizama hörmət, növbədə durmaq mədəniyyətindən tutmuş, ictimai yerlərdə səliqəliyə, təmizliyə riayət etməyə qədər. Öz aramızda, dost-aşna, qohum-əqraba və s., biri birimizə hörmət edirik, qayğıkeşik, xeyirdə-şərdə bir-birimizin yanındayıq. Ancaq küçəyə ayaq basan kimi oluruq aqressiv. Nəsə insanlarımız əsəbidir.

- Bəlkə, bu aqressiya yaşayışa görədir?

- Mən elə ölkələrdə olmuşam ki, insanların bir bananları var, bir də axşam üstünü örtməyə palma yarpaqları. Amma bütün gün nəsə mahnı oxuyur, oynayırlar. Bunu daha çox Karib adalarında müşahidə etmişəm.



- Bizdə çox vaxt gülən, əylənən birini də görəndə qəribə baxırlar. Hətta rəngli geyimi belə qınayanlar var. Məsələn, bir kişi qırmızı şalvarda hansısa Bakı kəndinə gedə bilməz. Getsə də, qayıda...

- Cəmiyyətimiz elə bil iki yerə bölünüb. Bir tərəf deyir ki, bu nə qırmızı şalvardı əyninə geyinmisən, bir tərəf də deyəcək ki, bəh-bəh nə gözəl görünür. Bu, çox mürəkkəb məsələdir. Çünki burada həm mədəniyyətlərin toqquşması problemi var, həm hər bir nəzər nöqtəsinin öz üstünlüyü və mənfi cəhətləri var. Dərinə getsək, çox uzun söhbətdir. Əsas problem Avropa dəyərləri ilə, mentalitet, adət-ənənə arasındakı balansı tapmaqdır. Hələ ki cəmiyyətimiz o balansı tapa bilmir. Elə etmək lazımdır ki, həm milli dəyərlərimizi qoruya bilək, həm də çox da geridə ilişib qalmayaq, standartlara uyğun olaq. Deməsinlər, qadın maşın sürürsə, deməli əxlaqsızdır.

- Bəs bu balansı tapmaq üçün bizə nə lazımdır?

- Zaman və dialoq mədəniyəti. Elə güman edirəm ki, zamanla bütün daşlar öz yerinə oturacaq. 20-30 il əvvəl təsəvvür belə edə bilməzdik ki, rayon mərkəzində müasir geyimli 3-4 qız gəzəcək, kafelərdə oturacaq. Xeyli fərq var. Düzünü desəm, kənd həyatı ilə şəhər həyatındakı fərq mənə həmişə maraqlı gəlib.

- Hərdən sosial şəbəkədə sizi nələrdənsə gileylənən görürük. Bəs dövlət qurumların fəaliyyətində nələrin dəyişməyini istəyərdiz?

- Çox şeyin dəyişməyini istərdim. Əfsuslar olsun ki, bizdə şəhər infrastrukturunun inkişafı insanlar üçün yox, daha çox maşınlar üçün nəzərdə tutulub. Mən piyada gəzməyi xoşlayıram. Ancaq çox yolda səki olmadığı üçün, xeyli çətinlik çəkirəm. Bir tərəfdə tikinti, bir tərəfdə maşınlar. Siz bayaq velosiped deyirsiz, heç bizim hərəkətimiz üçün yer yoxdur. Həmişə fikirləşmişəm ki, bu uşaq arabası ilə çıxan valideynlər necə gəzirlər? Hələ mən dağdan gəlmirəm, uzaqdan gəlmirəm. Şəhərin mərkəzində gəzmək mümkün deyil. Bunlar bəlkə də kiməsə adi problem kimi görünər, ancaq yaşama böyük təsirləri var.

qafqazinfo

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.