FHN işçisi deputatın adamını döydü – Foto

FHN işçisi deputatın adamını döydü – Foto Partiyamızın Qazax şöbəsinin sədri Musayev İlham Səməndər oğlu 25 iyul, gecə 00:30 radələrində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Musayev Sədi Mail oğlu tərəfindən zorakılığa məruz qalıb. Hadisə nəticəsində İlham Musayev başından ağır zədə alıb, çoxlu qan itirib”.
Reportyor.info xəbər verir ki, bu sözləri deputat Razi Nurullayevin sədri olduğu yeni AXCP-nin mətbuat katibi Vüsa Qarayev “facebook”da yazıb. Onun sözlərinə görə, Musayev Sədi yanında bir neçə nəfərlə Musayev İlhama yaxınlaşaraq öncə onu hədələyib, sonra gözlənilmədən başına zərbə endirib.

“Hadisə polisin gözü önündə baş verib. Zərərçəkəni xəstəxanaya məhz polis əməkdaşları aparıblar. İlkin gərəkli tibbi yardımdan sonra zərərçəkənin polis idarəsinə aparılaraq izahatı alınıb. Hadisəni törədən FHN-nin əməkdaşı Musayev Sədi isə polisə tabe olmayaraq öz avtomobili ilə hadisə yerini tərk edib.
İlham Musayev çox vətənpərvər, cəsur, mərd, mübariz, daim haqqın yanında olan, ədalətli insandır. Hər zaman yaşadığı ərazidə baş verən çatışmazlıqları, məmur özbaşınalıqlarını, vətəndaşların qayğılarını ictimailəşdirib. Görünür bu kimlərisə narahat edir”, – deyə V.Qarayev qeyd edib.

O, inanır ki, bu utancverici hadisə aidiyatı qurumlar tərəfindən operativ və obyektiv araşdırılacaq, haqq yerini tapacaq, günahkar layiqli cəzasını alacaq:
“Bir məmurun törətdiyi bu rəzillik birlik-bərabərliyə özəlliklə ehtiyacımız olduğu bu günlərdə tutduğu vəzifəyə, o vəzifəni etibar edən dövlətə, vicdanla xidmət etməyə borclu olduğu vətəndaşa xəyanətdir.
Belə hadisələr, belə özbaşınalıqlar, belə məmur zorbalıqları vətəndaşı hökumətdən, dövlətdən incik salmağa, daxili sabitliyi, birlik-bərabərliyi pozmağa xidmət edir. Buna yol vermək olmaz…”
FHN işçisi deputatın adamını döydü – Foto
Geri qayıt