SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Camaat yollarda qalır: Sərnişin avtobus hayında, BNA pul axtarır! – Əncam çəkilmir!

Camaat yollarda qalır: Sərnişin avtobus hayında, BNA pul axtarır! – Əncam çəkilmir!

Tarix:

31-05-2022, 20:31

/ 382 dəfə oxundu.
Camaat yollarda qalır: Sərnişin avtobus hayında, BNA pul axtarır! – Əncam çəkilmir!

 
Dünən gecə saatlarında jurnalist həmkarımız Aləmdə Nəsib Feysbukda ictimai nəqliyyatla bağlı narazılıq ifadə edən canlı yayın açıb. O, 204 nömrəli marşrut xəttinin fəaliyyətindən şikayətlənib. Saatın hələ axşam 12-yə işləməsinə rəğmən sözügedən marşrut avtobusu xəttə çıxmayıb. Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki məntəqədə səlahiyyətli şəxslərə dəfələrlə şikayətini bildirsə də, əncam çəkilməyib.

Qeyd edək ki, təkcə 204 deyil, digər marşrut avtobusları da bu sayaq özbaşınalıqlara yol verirlər.
Bəs axşam saat 11-dən sonra metrostansiyasından çıxıb, evinə getmək istəyən insanlar nə etsinlər?!
Hər gün onların taksiyə verməyə o qədər gəlirləri varsa, niyə ictimai nəqliyyatdan istifadə edirlər?! Qışın qarında, yayın istisində nəyə görə saatlarla avtobus gözləməlidirlər?! Onsuz da evinə çörəkpulu aparmaq üçün səhərdən axşama kimi çalışan insanlar niyə dayanacaqda əsəb, stress keçirməlidirlər. Sürücüyə narazılığını bildirmək istəyəndə də xarab olan marşrutlar, qrafikin təyinatına görə hərəkət etdikləri bəhanələrini uydururlar. Əgər həqiqətən də cədvəllə bağlı problemdirsə, Bakı Nəqliyyat Agentliyi (BNA) məsələni yoluna qoymalıdır. Əhaliyə bu qədər laqeydlik göstərmək, etinasız yanaşmaq olmaz. Məsələ barədə daha ətraflı münasibət öyrənmək üçün həmkarımız A.Nəsiblə əlaqə saxladıq. O, "Sherg.az"a bildirdi ki, BNA-nın "Koroğlu"dakı məntəqəsində səlahiyyəti şəxslərə yazılı şəkildə olmasa da, hər dəfə şifahi formada şikayətini bildirib:

"Həmçinin mətbuat nümayəndəsi olduğumu demişəm. Təkcə 204 nömrəli marşrut yox, ümumiyyətlə, ictimai nəqliyyat problemini dəfələrlə mediada işıqlandırmışam. 204-lə isə lap əvvəldən problemim olub. Bir müddət əvvəl həmin nömrəli avtobusun sürücüləri ilə bağlı bir neçə dəfə video yayılıb. Əməkdaşları elə biliblər ki, çəkilişi mən etmişəm, mən yaymışam. Ondan sonra marşrut sahibi məni izlədi. Sürücülərlə əməlli-başlı qarşıdurma yarandı. Məsələ hətta o həddə çatdı ki, "Bandotdel”ə çağrıldım. Üstəlik, sürücü gecə ilə qapıma dayanıb, videonu mənim çəkdiyimi sandığı üçün işdən çıxarılma səbəbi olduğumu söyləyirdi. Dəfələrlə yazılarımda BNA-ya etirazımı çatdırmışam. Sürücülərlə qarşı-qarşıya gəlirəm. Kənd avtobusudur, sürücülər, sərnişinlərlə bir-birimizi tanıyırıq. Marşrut sürücüləri mənə düşmən gözü ilə baxırlar. Bəzən sərnişinlərdən tərəfdar çıxanlar olsa da, fikirlərimlə əks mövqedə dayanaraq, evinə səssiz, sakitcə, mübahisəsiz getmək istəyənlər də olur. Halbuki problem təkcə mənə aid deyil. Amma əksəriyyət 204 nömrəli marşrut xəttinin fəaliyyətindən narazıdır. Səhər, günorta, axşam avtobusların iş qrafiki gileyləniləsi haldadır. Səhər camaat yollarda qalır, axşam da saat 12-ə 10 dəqiqə işləmiş marşrutun sonuncusu yola çıxır. Vəssalam, ondan sonra 204 nömrəli marşrutu tapmaq qeyri-mümkündür. Hər dəfə də deyirlər ki, cədvəl belə təyin olunub və s. Lakin məsələ barədə konkret qərar verilmir ki, əhali də işini bilsin".

A.Nəsibin diqqət çəkmək istədiyi məqamlardan biri də odur ki, metropoliten stansiyaları saat 00:00-a qədər fəaliyyət göstərirsə, heç olmasa, onun bağlanmağından 20 dəqiqə əvvələ qədər marşrut olmalıdır ki, camaat evinə rahat getsin:

"Dünən açdığım canlı yayından da göründüyü kimi, günü 10 manata işləyən adamlar 2-3 manat da əlavə taksiyə verib, evinə getməlidirlər. İnsanlar çox əziyyət çəkirlər. Ən pisi isə səsimi çıxardığıma görə, hədəf mən oluram. Sonra da sürücülərlə aramda xoşagəlməz durum yaşanır. Fəaliyyətlərindən məmnun olmadığım üçün işlərinə maneəçilik törətmək istədiyimi düşünürlər. Bu ictimai nəqliyyatdan istifadə ediriksə, xidmət də normal səviyyədə olmalıdır. Avtobuslara miniləsi deyil, qırıq-sökük, səslərdən qulaq tutulur, toz-torpaq içindədir. Çox təəssüf ki, problem illərdir həllini tapmır. BNA həmişə şablon cavab verir. Baş aldatmaqla məşğuldurlar. Uzaqbaşı 1-2 gün vəziyyətlə bağlı yumşalma olur, sonra yenə də “köhnə hamam, köhnə tas".

Həmkarımız sürücülərlə yenidən qarşıdurma yaşayacağından narahatlığını dilə gətirib:

"Camaatın problemini çatdırsam da, səsinə səs olmağa çalışsam da, sürücülər və BNA-ya görə, problem sanki yalnız məndədir. Daha əvvəl başqa bir sərnişinin 204 nömrəli marşrutun sürücülərinin sükan arxasında siqaret çəkdiyi, çay içdiyinə dair videolarını paylaşmasından sonra sürücülər və yol marşrut sahibinin bütün nişanları mənim üzərimə idi. İndi də düşünürəm ki, bu hadisədən sonra yenə sürücü və yol sahibinin hədəfi olacağım istisna edilmir. Eyni zamanda axşam bir maşın əks cinsin nümayəndələri ilə avtobus göndəriblər. Niyə?! Bu da müəmmalıdır. Tək onu bilirəm ki, müəyyən formalarla mənə təzyiq göstərməyə çalışırlar ki, ictimailəşdirməyim, səssiz qalım".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da vurğulayıb ki, qaydalara görə avtobuslar gecə saat 12-yə qədər işləməlidir:

"Amma son vaxtlar marşrut sürücüləri, daşıyıcı şirkətlər qiymət artımı ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Onlar iddia edir ki, bir sərnişinin daşınması 70-80 qəpiyə başa gəlir. Belə olan halda sürücülər gecə seyrəklik yaranan kimi işləməkdən imtina edirlər. Hazırda bütün sahələrdə çətinliklər var, amma heç kim işi yarımçıq qoyub, sərf etmir deyə işdən boyun qaçıra bilməz. Pik saatlarda, intensiv sərnişin axını olanda işləyirlərsə, axşam vaxtı niyə yoxa çıxırlar?! Axşamlar müəyyən qədər intervalı, avtobusların sayını azaldıb, intervalı uzatmaq olar. Bu, bütün dünyada qəbul olunmuş variantdır. Lakin birdənbirə yoxa çıxmaq düzgün deyil. Düşünürəm ki, BNA məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Daşıyıcı şirkətlərlə bu istiqamətdə danışıqlar aparmaq lazımdır. Əgər maddi vəziyyətə görə, belə edirlərsə, dövlət hansısa bir addım atmalıdır. Qabaqlayıcı tədbirlər görməlidir. Nə sərnişinlər yolda qalmalı, nə də daşıyıcı şirkətlər zərər görməlidir".

Şərhlər

XƏBƏR LENTİ