SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda keçmiş məhbus polislərə atəş açmağa cəhd etdi

Bakıda keçmiş məhbus polislərə atəş açmağa cəhd etdi

Tarix:

13-12-2019, 15:06

/ 726 dəfə oxundu.
Bakıda keçmiş məhbus polislərə atəş açmağa cəhd etdi

Oğurluqda şübhəli bilinən kişi saxlanılan vaxt polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd edib...
Hadisə Bakının Xətai rayonunda baş verib.

Bu barədə Xətai Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 11 dekabra keçən gecə, saat 03:00 radələrində İnqilab İsmayılov küçəsi 3 ünvanında yerləşən mağazadan qapı kilidinin sındırılması yolu ilə 2500 manat dəyərində tütün məmulatları, simkartlar və ərzaq məhsulları oğurlanıb.

Mağazanın sahibi Mətin Əlibəyli baş verənlər barədə 35-ci Polis Bölməsini məlumatlandırıb.

Bölmənin əməkdaşları operativ axtarış tədbirləri nəticəsində Bakı sakini 1990-cı il təvəllüdlü Kamran Nədim oğlu Səfərəliyevi saxlayıblar.

Məlum olub ki, K.Səfərəliyev tək olmayıb, əvvəllər oğurluq, xuliqanlıq, qanunsuz odlu silah gəzdirmək və polisə müqavimət göstərməkdə ittiham olunan 1985-il təvəllüdlü Elşad Eldar oğlu Məmmədovla birgə hərəkət edib.

Əməliyyatçılar E.Məmmədovun izinə düşdükdə və onu təslim olmağa çağırdıqda, şübhəli şəxs cibindən “Makarov” tipli tapançasını çıxararaq, atmağa hazır vəziyyətə gətirib. Ancaq atəş açmağa imkan tapmayıb, polislər onu tərksilah edib.

Sonradan məlum olub ki, tapançada üç güllə olub.

Bu da məlum olub ki, E.Məmmədov penitensiar müəssisədən bu yaxınlarda azadlığa çıxıb. O, Sabunçu rayonu ərazisində törətdiyi cinayətlərinə görə məhkum olunub. Həmin vaxt E.Məmmədov saxlanılan vaxt atəş açmağa və polisi yaralamağa imkan tapmışdı.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ