SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Səhiyyə sisteminə ƏL GƏZDİRİLİR? - İLGİNC İDDİALAR...

Səhiyyə sisteminə ƏL GƏZDİRİLİR? - İLGİNC İDDİALAR...

Tarix:

16-02-2024, 13:48

/ 2 725 dəfə oxundu.
Səhiyyə sisteminə ƏL GƏZDİRİLİR? - İLGİNC İDDİALAR...

Bu gün ölkədə struktur islahatlarına, idarəçiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Ayrı-ayrı nazirliklərin, strukturların ləğvi və ya birləşdirilməsi çevik idarəetmə, büdcə vəsaitlərinə qənaət, şəffaflıq baxımından önəmlidir. Ölkədə bir-birini təkrarlayan, oxşar funksiyaları yerinə yetirən xeyli qurumlar var və bunlar dövlət büdcəsi üçün əlavə yükə çevriliblər.
Görünür, elə bu səbəbdən də tez-tez Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) birləşdirilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi barədə fikirlər səslənir. Bəs, ekspertlər bu barədə nə düşünür?

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, bəzi qurumların birləşdirilməsi idarəetmənin optimallaşdırılmasında mühüm rol oynaya bilər:
"Son zamanlar dövlət və hökumət idarəetməsinin optimallaşdırılması üçün bəzi orqanların birləşdirilməsi, yaxud da ləğv edilməsi məsələsi daim gündəmdədir. Təbii ki, effektivliyin artırılması üçün hər hansı formada dövlət orqanlarının və nazirliklərin birləşdirilməsi büdcə xərclərinin azaldılmasına, keyfiyyətli xidmətin təmin olunmasına səbəb olacaqsa, bu addımlara getmək lazımdır. Bu, çox vacibdir. Çünki qəbul edilmiş yanaşmanın özü də ona xidmət etməlidir ki, dövlət büdcəsinin xərcləri optimallaşsın, eyni zamanda bu strukturlar vətəndaşlara daha yaxşı xidmət göstərsin".
Səhiyyə Nazirliyi ilə TƏBİB-ın birləşdirilməsi məsələsinə toxunan ekspert qeyd edib ki, bütün dünya ölkələrində Səhiyyə Nazirliyi mövcuddur:
"Bu səbəbdən də Azərbaycanda da bu nazirliyin olması mütləqdir. Ancaq TƏBİB-in işi barədə düşünmək lazımdır. Çünki bü günə qədər ölkədə TƏBİB-in nə işlə məşğul olduğunu bilən yoxdur, o, bir qurum kimi özünü doğrultmadı. TƏBİB-lə Səhiyyə Nazirliyinin fəaliyyətinin bu şəkildə olması müsbət nəticə vermir. Bəzi səlahiyyətlər Səhiyyə Nazirliyində, bəziləri isə TƏBİB-dədir. Sanki aralarında gizli rəqabət gedir. Bu vəziyyətdən ziyan çəkən isə vətəndaşlardır. Fikrimcə, səhiyyə sahəsinin vahid mərkəzdən idarə olunması daha məqsədəuyğundur. Məsuliyyət və salahiyyət bölgüsü də dəqiq olmalıdır. İndi elə bir şərait yaranıb ki, vətəndaşların problemini TƏBİB Səhiyyə Nazirliyinin, Nazirlik də TƏBİB-in üzərinə atır. Belə ikitirəliyə son qoyulmalıdır”.
Natiq Cəfərli vurğulayıb ki, dövlətin əlində olan bütün icbarı sığortaların bir mərkəzdə birləşdirilməsinə də ehtiyac var. Bu işin bir mərkəzdən idarə olunması daha məntiqlidir:
“İcbari tibbi sığorta, işini itirməklə bağlı tibbi sığorta, əmlakla bağlı tibbi sığorta və s. kimi icbari sığorta sahələri bir mərkəzdə birləşdirilib idarə olunmalıdır. Əslində tibbi sığorta tibb sahəsi ilə bağlı deyil. Burada söhbət insanların tibbi ehtiyacları üçün vəsaitinin qarşılanmasından gedir. Ona görə də sığortanın maliyyə tərəfini bir mərkəzdən idarə edən qurum və ya agentliyin yaradılması daha məqsədə uyğundur”.
İqtisadçının dediyinə görə, Prezident yanvar ayındakı çıxışında Azərbaycanda yeni dönəmin başlanğıcının anonsunu verib. Bu baxımdan yeni idarəetmə sisteminin qurulması gözləniləndir.



İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi üçün ortada kifayət qədər zəmin mövcuddur:
“2020-ci ildən ölkədə icbari tibbi sığorta sistemi işə düşüb. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB yaradılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə TƏBİB-ə verilib. Bununla ölkədə səhiyyə xidmətində bir növ struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasətində bir növ yeniliyə imza atılıb. Yəni Səhiyyə Nazirliyini, xəstəxanaları və ümumiyyətlə, müxtəlif xarakterli tibb müəssisələrini, belə demək mümkündürsə, təsərrüfat xarakterli işlərin icrasından xilas etmək lazım idi. Çünki bizdə, iqtisadiyyatda və ümumiyyətlə, əhaliyə xidmətdə bütün problemlərin kökündə məhz strateji siyasətlə təsərrüfatçılıq funksiyasının biri-birinə qarışması, başqa sözlə desəm, bunların eyni qurum və yaxud bir əl tərəfindən həyata keçirilməsi dayanır. Ancaq səhiyyə xidməti özü sosial müdafiə siyasətinin tərkib hissəsidir. Üstəlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya ilə yanaşı, həm də tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində də dövlət siyasətini həyata keçirir. Başqa sözlə desəm, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkili üzrə tədbirləri də məhz adıçəkilən nazirlik icra edir. Odur ki, sual yaranır, icbari tibbi sığorta sistemini ƏƏSMN-in tabeliyinə vermək məqsədəuyğun deyilmi?”
Ekspert qeyd edib ki, icbari tibbi sığorta sahəsində dövlət siyasətinin sosial müdafiə məsələlərinə cavabdeh olan qurum tərəfindən icrası xarici təcrübədə də mövcuddur.
Belə ki, Yaponiyada, qonşu Rusiyada və Gürcüstanda, o cümlədən, Cənubi Koreyada səhiyyə ilə sosial müdafiə siyasəti bir qurum tərəfindən həyata keçirilir və bunun effektliliyi də özünü doğruldur.

Millət vəkili Fazil Mustafa bildirib ki, bu gün ölkədə tibb sahəsində heç bir irəliləyiş yoxdur:
“TƏBİB hazırda uğursuz qurum kimi fəaliyyət göstərir. Hətta ən qabiliyyətli adamı TƏBİB-ə rəhbər təyin etsələr belə, həmin şəxs ikiillik idarəetmə ilə heç vaxt səhiyyə sistemini normal qaydaya sala bilməz. Vəzifə, struktur adama görə deyil, zərurətə görə formalaşmalıdır. Bizdə belə bir baxış olmadığı üçün Səhiyyə Nazirliyi və TƏBİB-də bu problemlər mövcuddur. Nəinki TƏBİB və Səhiyyə Nazirliyi, eyni funksiyanı həyata keçirən yüzlərlə qurum mövcuddur. Bu qurumların hamısı da dövlət büdcəsindən pul alır. Büdcənin dağıdılmasına səbəb olan əsas problemlərdən biri də budur və bu vəziyyət aradan qaldırılmalıdır".

Şərhlər

XƏBƏR LENTİ