Vergilər Nazirliyi repititorları vergiyə cəlb edə bilmir
- 8-07-2017, 10:16
- 117 708
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, repetitorluq və sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir:
“Belə şəxslər fərdi sahibkarlıqla məşğul olur və buna görə də vergi orqanında qeydiyyata alınmaqla bu fəaliyyətdən əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi, gəlir vergisi və ya ƏDV) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Repetitorluq fəaliyyəti göstərmək istəyən şəxslər hər şeydən əvvəl Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Sadələşdirilmiş vergitutma metdonu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin (hasilatın) həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir”.
Nazirlik rəsmisinin sözlərinə görə, gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən, bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir:
“Dövriyyəsindən asılı olaraq, repetitorluq fəaliyyəti göstərən şəxs ƏDV ödəyicisi olduğu halda, yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır. Vergi orqanları ölkədə fəaliyyət göstərən repetitorların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində nəzarət edir”.