XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Vergilər Nazirliyi repititorları vergiyə cəlb edə bilmir

Vergilər Nazirliyi repititorları vergiyə cəlb edə bilmir

Vergilər Nazirliyi repititorları vergiyə cəlb edə bilmir
8-07-2017, 10:16

Hazırda repetitorluq Azərbaycan təhsil sisteminin ayrılmaz və aparıcı bir qoluna çevrilib. Universitetə hazırlaşan abituriyentlərin 90 faizinin fərdi müəllim yanına getdiyi heç kimə sirr deyil. Bir müddət əvvəl repetitorların vergiyə cəlb olunacağı məsələsi gündəmə gəldi və bu, reallaşdı. Repetitorlar vergi ödəyicisi kimi uçota alınmağa başlandı. Amma problem ondadır ki, repetitorların heç də hamısı uçota alınmayıb. Bildirilir ki, az hallarda repetitorlar özləri, əksərən isə vergi orqanlarının təkidi ilə uçota alınırlar. Bir sıra hallarda vergidən yayınan repetitorlar qəzetlərdə, sosial şəbəkələrdə verilən “repetitorluq elanları”, yaxud qonşuların 195 “Çağrı mərkəzi”nə ötürdüyü məlumat əsasında aşkarlanırlar. Adətən böyük qruplarda dərs keçən müəllimlər vergiyə cəlb olunsa da, qalanları bundan yayınmağı bacarır. Bəzi məlumatlara görə, vergi orqanları repetitorların aşkarlanmasında o qədər də maraqlı deyillər. Çünki bir müəllimi aşkarlamağa, uçota götürüb vergisini tələb etməyə sərf edilən enerji və vaxta on vergi ödəyicisinin fəaliyyətində şəffaflığı təmin etmək daha səmərəlidir. Yəni, 100 repetitorun aşkar edilməsi ilə büdcəyə daxil olacaq 3-5 min manat əvəzinə, on qat artıq daxilolma əldə edilə bilər.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, repetitorluq və sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir:
“Belə şəxslər fərdi sahibkarlıqla məşğul olur və buna görə də vergi orqanında qeydiyyata alınmaqla bu fəaliyyətdən əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi, gəlir vergisi və ya ƏDV) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Repetitorluq fəaliyyəti göstərmək istəyən şəxslər hər şeydən əvvəl Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Sadələşdirilmiş vergitutma metdonu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin (hasilatın) həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir”.
Nazirlik rəsmisinin sözlərinə görə, gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən, bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir:
“Dövriyyəsindən asılı olaraq, repetitorluq fəaliyyəti göstərən şəxs ƏDV ödəyicisi olduğu halda, yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır. Vergi orqanları ölkədə fəaliyyət göstərən repetitorların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində nəzarət edir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.