XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Bank sektorunda aktivlər kimlərin əlində cəmləşir?

Bank sektorunda aktivlər kimlərin əlində cəmləşir?

Bank sektorunda aktivlər kimlərin əlində cəmləşir?
9-02-2021, 09:46

Pandemiyanın ölkədə sosial-iqtisadi vəziyyəti kəskin ağırlaşdırdığı 2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən 26 bankdan cəmi 4-nün xalis mənfəəti əvvəlki (2019-cu) illə müqayisədə çox olub. Banklar Assosasiyasının yaydığı məlumata görə, bunlar “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “Paşa Bank”dır. Mənfəətini ən çox artıran “Kapital Bank” (2,2 dəfə), ən az artıran isə “Paşa Bank” (29,5%) olub.

On altı bankın xalis mənfəəti isə azalıb. Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır. Mənfəəti ən minimal azalmış bank “AFB Bank” (13,7%), ən çox azalmış bank “Günay Bank” (81,2%) olub.

Bir bankın – Pakistan Milli Bankının Bakı filialının zərəri 47,1% azalıb. Üç bank – “Access Bank”, İran Milli Bankının Bakı filialı və “Muğan Bank” 2020-ci ili mənfəətlə, 2019-u zərərlə, iki bank – “Bank BTB” və “Yelo Bank” isə 2020-ci ili zərərlə, əvvəlki ili mənfəətlə başa vurub.

Ötən cümə günü Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bir neçə bankın xüsusi nəzarətdə olduğunu, koronavirus epidemiyasının həmin banklara da mənfi təsir etdiyini və vəziyyətlərinin Maliyyə Sabitliyi Şurasında müzakirə edildiyini bildirib.

Bank sektorunda ötənilki zərərin əsas hissəsi “Yelo Bank”ın payına düşür. Əsas səhmdarı rusiyalı iş adamı Vahid Ələkbərov olan bu kommersiya qurumu son 5 ildə zərərdən xilas ola bilməyib. Bank ötən il qalmaqallarla ləkələnmiş “Nikoil Bank” adından imtina etsə də, tendensiyanı dayandırmaq mümkün olmayıb.

Bank sektorunda yaranmış durumu “Press Klub”a şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirdi ki, ötən il 26 bankdan 3-nün – Pakistan Milli Bankının Bakı filialının 212 min manat, “Bank BTB”nin 9,13 milyon manat, “Yelo Bank”ın isə 39,749 milyon manat zərəri olub. Qalan 23 bankdan ən böyük mənfəət 302,698 milyon manat olmaqla “Kapital Bank”a məxsusdur. Ötən il ən az qazanan bank isə 408 min manat mənfəətlə “Günay Bank” olub. Ümumilikdə sektor üzrə mənfəətin həcmi 616 mln. manat olub ki, onun 90 faizi (555 mln. manatı) ilk beşlikdəki banklara aid olub. Bu banklara “Kapital Bank“, “Paşa Bank”, “Xalq Bank”, “Beynəlxalq Bank” və “Bank of Baku” daxildir. Mənfəətlə işləyən 23 bankdan 18-i bütün yerdə qalan 10 faiz mənfəətə sahib çıxıblar.

“2019-ci illə müqayisədə 2020-ci ildə bank sektorunda mənfəət 131 mln. manat azalıb. 2019-cu il mənfəətin həcminə görə ilk üçlükdə yer alan “Unibank” ötən il ilk beşlikdən kənarda qalıb. Bununla belə, “Unibank” yenə də yüksək mənfəəti olan banklardan biri olmağı bacarıb”, – deyə ekspert söylədi.

Ağayev qeyd etdi ki, 2020-ci ildə ölkənin ən böyük 5 bankı sektor üzrə aktivlərin 70%-nə, depozit portfelinin 76%-nə, mənfəətin isə 90%-nə sahib olub. Onun sözlərinə görə, hər üç göstəricidə ilk 4 bank dəyişməz qalıb, dəyişən yalnız 5-ci sıra olub. Beşinci bank statusu mənfəətə görə “Bank of Baku”ya, depozit portfeli və aktivlərə görə isə “Bank Respublika”ya məxsus olub.

Ekspert vurğuladı ki, 2020-ci ildə aktivlərin həcmi baxımından sektordakı 26 bankdan 14-ü kiçilib, 12-si böyüyüb. Ən çox kiçilmə “AFB Bank”da olub – aktivlərinin həcmi iki dəfəyə yaxın azalıb. Sonrakı sıralarda “Bank Respublika” (-26,8%), “Yelo” Bank (-21,4%), “Yapı Kredi Bank” (-18.8%), “Muğan Bank” (-10.6%) gəlir.

Ən çox böyüyən “Naxçıvan Bank” (28,7%) olub. Böyüyən bankların sonrakı sıralaması belədir: “Kapital Bank” (26,2%), “Bank VTB” (19%), “Ziraat Bank” (18%), “Paşa Bank” (15,6%.)

Bu il bank sektorundan gözləntilərini açıqlayan R. Ağayev hesab edir ki, iqtisadi fəallıq artmasa, 2020-ci ildəki tendensiya davam edəcək.

Sektorda 5 bankın bütün aktivlərin 70 faizindən çoxunu nəzarətdə saxlaması, əsas mənfəətin onlara məxsus olması hansı perspektiv vəd edir? Bu suala cavabında R. Ağayev bildirdi ki, resursların və mənfəətin belə yüksək təmərküzləşməsi kiçik banklar üçün problemdir:

“Bu, onları həmişə sıradan çıxmaq riskinin təzyiqi altında saxlayır. Ən pisi odur ki, iqtisadiyyatda hətta müəyyən böyümə olanda belə, onun faydalarını böyük banklar görür. Biznes və ev təsərrüfatları bu banklara daha çox etimad göstərdiyinə və az riskli hesab etdiyinə görə, onların xidmətindən yararlanmağa üstünlük verir”.

Xatırladaq ki, əsas səhmləri dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ötən il 129 milyon manat mənfəət əldə edib. Amma bankın büdcə ödənişləri bundan 30,6 milyon manat çox (159 milyon manat) olub. Üstəlik, ABB 53 milyon manata yaxın vergi də ödəyib. Bankın ödənişləri görünür, hökumət strukturlarını məmnun etməyib, Dövlət Vergi Xidməti ABB-ni 15 milyon manat cərimə edib. Maraqlıdır, bu münasibət bank sektorunun digər iştirakçılarına da şamil edilirmi?

Qeyd edək ki, 2020-ci ildə 302 milyon manatdan çox mənfəət qazanan “Kapital Bank” büdcəyə 67 milyon manat mənfəət ödəyib. Kommersiya qurumunun səhmdarlara ödədiyi divident və vergilər isə kommersiya sirri olduğuna görə açıqlanmayıb.

Ağayev bildirir ki, vergi qanunvericliyinə görə, banklar bölüşdürülmüş mənfəətdən, dividentdən də vergi ödəməlidirlər: “Amma kommersiya sirri olduğu üçün biz səhmdarların nə qədər dividentə görə vergi ödəyini bilmirik”.

Bank sektorundakı problemlərdən çıxş yollarına toxunan iqtisadçı ölkədə ucuz və hamı üçün əlçatan resurs imkanı yaradılmasının vacib olduğunu söylədi:

“Azad biznesə şərait yaradılmalıdır. Azad biznes olsa, o resursu lap xaricdən də olsa, tapıb gətirəcək, buradakı oliqarxiya banklarının baha resurslarına möhtac olmayacaq. Hökumət istəsə, onlara çox ucuz resurslar verər ki, kiçik sahibkarlığı maliyyələşdirsinlər. Amma vermir. Səbəb insanları iri banklara möhtac buraxmaqdır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.