SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Otel biznesinin çöküşü - BÖHRAN

Otel biznesinin çöküşü - BÖHRAN

Tarix:

9-01-2021, 12:06

/ 723 dəfə oxundu.
Otel biznesinin çöküşü - BÖHRAN

Pandemiya zamanı otellərin fəaliyyəti qadağan edilmir, amma vəziyyət elədir ki, onlar boşdur, müştəri yoxdur və yaxın gələcəkdə olacağı da gözlənilmir. Bundan əlavə, indi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Abşeron bölgəsinə, həmçinin Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı mərkəzlərinə və kəndlərinə giriş qadağandır. Turistlər isə praktik olaraq digər istiqamətlərə getmirlər.

Azərbaycan Otellər Birliyinin illik 3-cü Assambleyası zamanı Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev də məsələyə toxundu. O, DTA-nın dövlətdən gələcək biznes dəstəyi üçün təkliflər hazırladığını və müvafiq strukturlara təqdim etdiyini qeyd etdi.

Azərbaycan Otellər Birliyinin (AOB) baş direktoru Günay Sağlamisə deyir ki, hazırda bu sahə öz çətin günlərini yaşamaqdadır:

“Birlik pandemiyadan zərər görən otellərə dövlət dəstəyi üçün dəyən ziyan və iş itkisi ilə bağlı statistik məlumatları Dövlət Turizm Agentliyinə təqdim edib. Əvvəllər otel işçilərinə maaş verilməsində dövlət tərəfindən kömək göstərilirdi və vergi güzəştləri tətbiq edilirdi. Bu gün otellərin köməyə ehtiyacı var, çünki turist gəlmir və orada qalacaq heç kim yoxdur”.

Onun sözlərinə görə, hələlik yardımla bağlı konkret bir şey məlum deyil: “Ancaq bu mövzu düşünülür. Birlik öz növbəsində gələn il otellərə dəstək üçün təkliflər paketi hazırlayır”.

Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə isə “Press Klub”a açıqlamasında qeyd etdi ki, Azərbaycan hökuməti, o cümlədən DTA ötən ilin fevral ayının ikinci yarısında ölkəmizin sərhədlərinə çatan COVID-19 pandemiyasını ciddi təhlükə olaraq dəyərləndirib və ilk gündən etibarən preventiv addımlar atmağa başlayıb:

“DTA qısa zaman çərçivəsində pandemiyanının turizm sənayesinə mümkün mənfi təsirlərini müxtəlif ssenarilər üzrə qiymətləndirərək sənayenin dayanıqlılığının qorunub saxlanması, həmçinin işsizlik hallarının artması kimi sosial risklərin qarşısının alınması məqsədilə təkliflər hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edib. Nəticədə turizm sektoru pandemiyadan ən çox zərər çəkən sahə olaraq klassifikasiya olunaraq pandemiyanın təsirlərinin aradan qaldırılması tədbirləri çərçivəsində qəbul edilən dəstək proqramlarının adekvatlığı təmin edilib”.

K. Quluzadənin sözlərinə görə, ümumiyyətlə, COVID-19 pandemiyasınının turizm sənayesinə təsirlərinin azaldılması məqsədilə müvafiq qərarlar qəbul edilib və dəstək proqramların icrasına başlanılıb:

“Bu məqsədlə ötən dövr ərzində iki dövlət dəstəyi proqramı təsdiqlənib və icrası tamamlanıb. İcra edilən iki dövlət proqramı çərçivəsində turistlərin yerləşdirilməsi və iaşə sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ümumilkdə 40.3 milyon manat birbaşa maliyyə yardımı göstərilib. Yardımın strukturu aşağıdakı kimi olub:

Yerləşmə fəaliyyəti – 12.8 milyon manat (cəmi yardımın 31.8 faizi)
Turoperator və turagent fəaliyyəti – 3.2 milyon manat (cəmi yardımın 7.9 faizi)
İctimai iaşə fəaliyyəti üzrə – 24.3 milyon manat (cəmi yardımın 60.3 faizi)
Qurumun sözcüçü onu da qeyd etdi ki, 2020-ci ilin dekabr ayında hökumət pandemiyanın təsirlərinin aradan qaldırılması məqsədilə 3-cü dəstək paketini açıqlayıb:

“Bu dəstək paketi çərçivəsində pandemiyadan zərər çəkən digər fəaliyyət sahələri ilə yanaşı, turizm sənayesinin iştirakçıları, o cümlədən də otellər müvafiq yardımdan istifadə edəcəklər. Proqramın icrası yanvar ayı ərzində mümkün olacaq. Bundan əlavə, vergi və sosial sığorta üzrə güzəştlər tətbiq edilib. Eyni zamanda, maliyyə əlçatanlığının artırılması ilə bağlı mexanizmlər də tətbiq olunub”. //pressklub.az//

Şərhlər

XƏBƏR LENTİ