XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Sosial artımlar, inflyasiya, problemli kreditlərin həlli və... - TƏHLİL

Sosial artımlar, inflyasiya, problemli kreditlərin həlli və... - TƏHLİL

Sosial artımlar, inflyasiya, problemli kreditlərin həlli və... - TƏHLİL
1-04-2019, 09:52

2019-cu ilin ilk 3 ayı arxada qaldı. Bu dövr iqtisadi və sosial sahədə verilən qərarlar, aparılan islahatlar baxımından çox məhsuldar bir dövr kimi qiymətləndirilə bilər.

İlin əvvəlindən etibarən minimum əməkhaqqı məbləğinin artırılması, pensiya məbləğinin, müxtəlif istiqamətlərdə sosial müavinətlərin, təqaüdlərin artırılması ictimaiyyət tərəfindən də müsbət qarşılandı. Bundan başqa, son 3-4 ilin ən ciddi problemli olan problemli kreditlərlə bağlı müsbət qərar verildi, proses daha çox vətəndaşların xeyrinə həll olundu, hətta borcu yüksək məzənnə ilə ödəyən vətəndaşlara da artıq olan məbləğin kompensasiya olaraq qaytarılmasına qərar verildi.

Dövlətə bir çox qərarları ilə xalqın və sahibkarın yanında olduğu mesajını verdi. Bunlardan biri də martın 26-da yanan “Diqlas” ticarət mərkəzinin zərərçəkmiş sahibkarlarında dövlət yardımın ayrılması, onlara güzəştli kreditlər verilməsi ilə bağlı tapşırıq idi. Həmçinin iqtisadiyyatın ən böyük problemi olan sığorta məsələsi yenidən gündəmə gəldi və dövlət başçısı səviyyəsində Azərbaycanın sığorta sistemində boşluqların olduğu vurğulandı.

Manatın məzənnəsi sabit qalsa da, bir çox faktorlar bazarda qiymət artımına və inflyasiyanın yüksəlməsinə gətirib çıxartdı. Xüsusən ilin ilk 3 ayında ərzaq bazarında qiymət artımı özünü gözlətmədi.

Bəs ilin ilk 3 ayının iqtisadi yekunlarını ekspertlər necə qiymətləndirirlər?

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, hələlik rəsmiləşdirilən rəqəmlər 2019-cu ilin ilk rübündə iqtisadi inkişaf tempi son 3 illə müqayisədə daha dinamik olduğunu deməyə əsas verir: “Məlumatlardan görünür ki, iqtisadiyyat 3 faizdən artıq böyümə nümayiş etdirir. Digər tərəfdən, demək olar ki, 2019-cu ilin birinmi rübü vergi və sosial siyasətdə müəyyən dəyişikliklərlə yadda qaldı. Yeni Vergi Məcəlləsinin tətbiqi fonunda biznesin leqallaşması dinamikası müşahidə olunmaqdadır. Bu isə ilk təsirini göstərməkdədir. Çünki tədarükçülər və istehsalçılar ilin ilk ayında qiymətlərə dəyişiklik etməklə ölkədə ciddi inflyasiya riskləri yaratdılar. Qiymətlərdə əhalinin hiss edəcəyi dərəcədə artımlar oldu”.

R.Həsənovun sözlərinə görə, eyni zamanda, 2019-cu ilin birinci rübü həm də yanvar ayından etibarən ölkə başçısı tərəfindən imzalanan sosial xarakterli fərmanlarla yada qalıb: “Bu fərmanlar ölkə ictimaiyyətində ciddi müzakirə olundu, əhalinin əhəmiyyətli hissəsinin gəlirlərinə müsbət təsir göstərdi. Son 3 ildə əhalinin gəlirləri artan inflyasiya fonunda kifayət qədər dəyərsizləşmiş , sosial vəziyyətin çətinləşməsinə gətirib çıxarmışdı. Bir sıra istiqamətlər üzrə sosial müavinət və pensiyaların artırılması, minimum əmək haqqı səviyyəsinin artırılması müəyyən qədər bu istiqamətdə vətəndaşlar üçün yaranmış çətinliklərin bir qisminin aradan qalxmasına gətirib çıxaracaq”.

R.Həsənov hesab edir ki, problemli kreditlərin həlli ilə bank sektorundakı aktivlərin sağlamlaşdırılması bankların iqtisadiyyatda inkişafının artmasına gətirib çıxaracaq: “Eyni zamanda, maliyyə-bank sektoru ilə bağlı əhəmiyyətli bir addım atıldı. Uzun müddət idi ki, belə bir qərarın verilməsi gözlənilirdi. Bu fərman prosesi tam əhatə etməsə də, onun icrası çərçivəsində bank sektorunun aktivlərinin əhəmiyyətli bir qisminin sağlamlaşdırılması mümkün olacaq ki, bu da növbəti dövrlərdə bu istiqamətdə müsbət dəyişikliklərə gətirib çıxarmaqla, həm də bank sektorunun iqtisadiyyatda iştirakının aktivliyinə müsbət təsir göstərəcək”.

İqtisadçının fikrincə, 2019-cu ilin ilk rübü eyni zamanda iqtisadi sferada bir sıra məsələlərin üzə çıxmasına gətirib çıxartdı. Xüsusilə də “Diqlas” ticarət mərkəzində baş verən yanğın onu göstərdi ki, son 3 ildə biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı addımlar atılsa da, müəyyən hüquqi mexanizmlər yaradılsa da, hələ də çatışmazlıqlar var. Bu çatışmazlıqlar həm idarəetmədə, institutsional siyasətdə, pul-vergi siyasətində özünü göstərməkdədir. Bu, həm də uzun müddətdədir mütəxəssisləri düşündürən suala da aydınlıq gətirmiş oldu. Son illərdə biznes sahəsində bir çox islahatlar aparılıb, Doing Business indeksində Azərbaycanın yeri kifayət qədər irəliləyib. 2018-ci ilin qiymətləndirmələrinə görə, Azərbaycan dünyada asan biznesə görə 25-ci yerdə qərarlaşsa da, iqtisadiyyatın artım tempində ciddi irəliləyiş yoxdur. İqtisadiyyata birbaşa investisiya qoyuluşları üzrə ciddi dinamika müşahidə olunmur. Bu narahatlıqların cavabı “Diqlas” ticarət mərkəzində baş verən yanğın fonunda aydın oldu. Biznes mühiti ilə bağlı ciddi problemlər var. Bu islahatların iqtisadiyyata real transformasiyasının olmaması da biznes mühitində olan çatışmazlıqlarla yanaşı, idarəetmənin islahatların ruhuna uyğunlaşdırılmaması ilə də izah edilə bilər. İdarəetmənin köhnəlməsi məsələsini Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair iclasında ölkə başçısı da vurğulamışdı. İdarəetmə müasir tələblərə adekvat deyil. Son 3 ildə sadəcə hüquqi sferada qanunvericiliyin təkmilləşdirilməsi və müəyyən bir neçə istiqamətdə yeni mexanizmlərin yaradılması ilə bağlı addımlar atılsa da, siyasi islahatların aparılmaması gözləntilərin tam olaraq reallaşmamasına və islahatların iqtisadiyyata real transformasiyasının olmamasına gətirib çıxartdı".

İqtisadçı manatın məzənnəsinin sabit olduğunu bildirməklə yanaşı, müəyyən təzyiqlərin də olduğunu vurğuladı: “2019-cu ilin ilk rübü Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər maraqlı məqamlarla yadda qaldı. Manatın məzənnəsi ilə bağlı hər hansı dəyişiklik olmadı, yenə də məzənnənin Mərkəzi Bank tərəfindən diktə edilməsi siyasəti davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, manat üzərində böyük təzyiqlər formalaşmaqdadır. Xüsusilə də idxal istiqamətindən, turizm gəlirləri istiqamətindən. İdxal statistikasının təhlili göstərir ki, həm dövlət, həm hüquqi şəxslərin, həm də fiziki şəxslərin idxalında ciddi artımlar var. Bu artımlar 49 faiz ətrafındadır. Dövlət sektorunda bu daha yüksəkdir, ötən illə müqayisədə qısamüddətli dövrdə idxalda 2,2 dəfə artım olub. Bu isə həm də büdcə xərcləmələrində artımın olması deməkdir. Bu, həm də 2018-ci ilin yanvarın 1-də ”dövlət vəsaitləri hesabına idxala məhdudiyyətlərin tətbiqi ilə bağlı" fərmanın müddətinin bitməsi ilə bağlıdır. Bu isə dövlət sektorunda idxalın artımı istiqamətində böyük təzyiqlərin formalaşmasına gətirib çıxarmaqla, on nəticədə manatın məzənnəsi üzərində təzyiqi artırır".

Rəşad Həsənov hesab edir ki, islahatlar davamlı olarsa və real iqtisadiyyatda tətbiqini taparsa, biznes mühitində canlanma yaranacaq: “Ötən ilin ikinci və üçüncü rübü ilə müqayisə etsək, region ölkələrində maliyyə sabitliyinin olduğu müşahidə edilir. Hazırda qonşu ölkələrdə iqtisadi sabitlikdir. Bu da Azərbaycan üçün müəyyən qədər manat üzərində olan təzyiqləri neytrallaşdırma imkanı yaradır. Yeni islahatlarla bağlı mesajlar verilib. Düşünürəm ki, investorlar növbəti dövrlərdə bu istiqamətdə real addımlar görərlərsə, bazar iştirakçıları, investorlar bu mesajları qiymətləndirməyə başlayacaqlar, bazarda aktivliklərini artıracaqlar. Əgər onlar həqiqətən də bu addımların səmimiliyinə inansalar, o zaman canlanma yaranacaq. Bizim əsas problemlərimizdən biri də ondan ibarətdir ki, faktiki olaraq nə yerli , nə də xarici investoru inandıra bilmirik. Bu da iqtisadi aktivliyin zəifliyinin əsas səbəblərindən biridir”.
“Yeni Müsavat”

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.