SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycana qarşı “şəffaf olmayan oyun”, yoxsa...

Azərbaycana qarşı “şəffaf olmayan oyun”, yoxsa...

Tarix:

11-03-2017, 10:20

/ 1 230 dəfə oxundu.
Azərbaycana qarşı “şəffaf olmayan oyun”, yoxsa...

Martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

ARDNF-dən verilən məlumata görə, iclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin-Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib.

MHŞT Beynəlxalq İdarə Heyətinin qərarında bildirilib ki, Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır. Qərarda qeyd olunur ki, Azərbaycanın islahedici hərəkətlər sahəsində tələbləri yerinə yetirib-yetirmədiyi məsələsinə bir daha 2017-ci il 26 iyul tarixindən başlanacaq üçüncü qiymətləndirmə çərçivəsində baxılacaq. Sənəddə deyilir ki, bununla da Azərbaycana “vətəndaş cəmiyyəti mühitini yaxşılaşdırmaq və təbii ehtiyatlardan cəmiyyətin nəfinə istifadənin idarə olunmasını təkmilləşdirmək imkanı verilir. Bu yaxşılaşdırmalara nail olunmaması ölkənin təşəbbüs siyahısından tamamilə çıxarılmasına səbəb ola bilər.
Bununla əlaqədar, Şahmar Mövsümov bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, Azərbaycan MHŞT sahəsində bir çox ilklərə imza atan ölkədir: “Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq qurumun öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər.

İlk gündən etibarən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl etmiş və Təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Ölkəmiz qurumun daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində çoxtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafa nail olub. Ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2007-ci ildə MHŞT-nin uğurlu tətbiqi nəticəsində “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülüb...

Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan islahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik...Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm".

MHŞT-nin üzvü, Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın MHŞT-da fəaliyyətinin dayandırılması barədə qərarın verilməsində əsas bəhanə odur ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin fəaliyyətinə mane olur: “Bu, bəhanədir. Əvvəla, Azərbaycan bu təşəbbüsə qoşulanda bizim qanunvericilik heç də indikindən yaxşı deyildi və durum heç indikindən fərqlənmirdi. Mən ötən il Peruda qlobal konfransda olanda gördüm ki, ”Aldığını və Ödədiyini Açıqla" adlı Təşkilatı tamamilə MHŞT-i idarə edir. “Aldığını və Ödədiyini Açıqla” Təşkilatı SOROS Fondu tərəfindən maliyyələşdirilir. MHŞT-da istənilən qərarı qəbul etdirməyə bu təşkilatın gücü çatır. Orada başqa təşkilatlar, qruplaşmalar var ki, tamamilə anti-Azərbaycan mövqeyindədirlər. Mən orada gördüm bu prosesin axırı yaxşı olmayacaq. Burada məqsəd Azərbaycanda islahedici tədbirlərin həyata keçirilməsinə nail olmaq deyil, ölkəmizə qarşı hər dəfə yeni-yeni tələblər irəli sürməklə onun üzvlüyünə xitam vermək məsələsini qoymaqdır. Ötən il Azərbaycanla bağlı orada xüsusi panel təşkil olunmuşdu. Görünürdü ki, bu proses gedəcək. MHŞT-nin Azərbaycanla bağlı qərarı səhv qərardır.

Çünki onun rəhbəri Azərbaycanda oldu və hər iki səfərində Azərbaycan prezidenti tərəfindən və ayrı-ayrı qurumların rəhbərləri tərəfindən qəbul olunub. Ona islahat tədbirləri ilə bağlı təminat verilmişdi, onun səfərindən sonra uzun illər qeydiyyata alınmayan QHT-lər qeydiyyata alındı, bir neçə il idi qrantlarla bağlı bildirişləri verilməyən təşkilatların bildirişləri verildi. Xırda-para problemlər qalmışdı. Yəni irəli sürülən məsələləri Azərbaycan hökuməti yerinə yetirirdi və proses davam edirdi. Bu prosesi stimullaşdırmaq əvəzinə onlar Azərbaycanın qurumda üzvlüyünün dayandırılması haqqında qərar verdilər. Azərbaycanı çıxarmayıblar, üzvlüyünü iyunun 26-dək dayandırıblar. İrəli sürülən şərtləri yerinə yetirməyəcəyi halda həmin tarixdə üzvlükdən çıxarılacağını qeyd ediblər. Onlar bilirdilər ki, bu qərara etiraz olaraq MHŞT-nı tərk etmək qərarını verəcək. Azərbaycan MHŞT-nın ilk pioneridir. Onun haqqında belə alçaldıcı qərara olmamalı idi. Azərbaycan o qurumdakı 51 dövlətin hamısından fərqlənirdi, təşəbbüsü ilk dəstəkləyən dövlət idi. Bütün bunların nəzərə alınmamasına Azərbaycan hökuməti dözməməli idi və düzgün qərar qəbul edərək bəyanatla MHŞT-dan çıxdığını elan etdi".

Bəs, Azərbaycan MHŞT-dəki üzvlüyünü dayandırmasından nə itirir?

S.Məmmədov qeyd etdi ki, MHŞT statusu olmayan bir qurumdur. Bu nə beynəlxalq təşkilat deyil, nə beynəlxalq QHT deyil. Amorf bir qurum idi. Azərbaycanın orada olmamasından Azərbaycan yox, həmin qurum özü itirəcək: “Təəssüf ki, biz də illərlə getdik düşdük oraya. İndi onun idarə heyətinə elə adamlar seçilib, elə qruplaşmalar var ki, onların qərarlara təsiri güclü idi. Azərbaycanla bağlı qərar verilməsində həm onların fəaliyyəti, həm də 29-a qədər Azərbaycan QHT-sinin müraciəti də rol oynadı. Müraciətdə Azərbaycanda heç bir irəliləyişin olmaması, ancaq geriləmənin olduğu qeyd edilirdi. Son zamanlar baş verən bəzi həbslərin Azərbaycanla bağlı məlum qərarın verilməsində səbəb olduğunu yox, bəhanə olduğunu hesab edirəm. Mən həbslərin əleyhinəyəm. Amma həbsləri Azərbaycanla bağlı qərarın verilməsində səbəb yox, bəhanə adlandırmaq daha düzgün olardı.

Ermənilərin və Azərbaycanı istəməyən qrupların gözləntisi və hədəfi belədir ki, Azərbaycan MHŞT-dən çıxarsa bu, Azərbaycanın kredit reytinqinə mənfi təsir edəcək, Dünya Bankı, Asiya İnkişaf Bankı kimi banklar Azərbaycana kreditlər verməyəcək. Amma bunu hədəfləyənlər bilməlidir ki, Azərbaycan kreditorlar qarşısında ən intizamlı dövlətlərdən biridir, aldığını vaxtında qaytarır, faizlərini vaxtında ödəyir. Banklara da əsas bu maraqlıdır. Onlar heç MHŞT filan tanımırlar".
Baqotada Azərbaycanla bağlı müzakirələrdə iştirak edən QHT rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanın MHŞT-də üzləşdiyi problemin məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir: “Qərar gərgin və uzun müzakirələrdən sonra qəbul edilib. Azərbaycan islahedici tədbirlər planını həyata keçirmədi. Beynəlxalq katibliyin qiymətləndirməsi də göstərdi ki, nəzərdə tutulan tələblər yerinə yetirilməyib”.

Qubad İbadoğlu düşünür ki, Azərbaycan xüsusən də indiki ağır iqtisadi vəziyyətində bu qurumda qalmağa çalışmalı idi.

Bəs, Azərbaycanla bağlı müzakirələrin gərgin keçməsinə səbəb nə idi?

Q.İbadoğlu deyib ki, Azərbaycan məsələsi ölkə səviyyəsindən kənara çıxıb artıq. Burda çox müxtəlif maraqlar da var: “Məsələn, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına çalışır. Amma bugünkü qərar həmin layihəyə əhəmiyyətli dərəcədə olmasa da, müəyyən təsir göstərə bilər. Eyni zamanda, bundan sonra Azərbaycana investisiya cəlb etmək çətinləşəcək, ölkənin kredit reytinqi aşağı düşəcək. SOCAR, BP və digər qurumlar da belə bir qərarın qəbulundan narahatdırlar. Azərbaycanın bu qurumda qalması onların maraqlarına uyğun idi. Bu, çox ciddi qərardır”.

Q.İbadoğlunun sözlərinə görə, Azərbaycanın qarşısında qoyulmuş tələblər MHŞT-nin son qərarında konkret olaraq xatırladılır: “Qeyd edilir ki Azərbaycan vətəndaş cəmiyyəti üçün hüquqi və de-fakto mühiti yaratmalı və hərəkətə gətirməli idi. Sənəddən anlaşılır ki, bu mühitin yaradılması üçün vətəndaş cəmiyyəti təşkilatlarına maliyyələşməyə azad çıxış verilməli və açıq ictimai müzakirə şəraiti yaradılmalıdır.

Sənəddə deyilir ki, Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu (NGRİ) məşvərət şurasının üzvü İlqar Məmmədov da daxil ədalətsiz olaraq həbs edilmiş, saxlanmış, mühakimə və məhkum edilmiş və saxta ittihamlarla məhbus olunmuş şəxslərin azadlığa buraxılması kimi tədbirlər düzgün istiqamətdə atılmış mühüm addımlar hesab edilə bilər".

Q.İbadoğlu bildirib ki, Ermənistan MHŞT-yə üzv qəbul edilib, ancaq Qarabağ şərti ilə: “Ermənistanın təşkilata qəbulu ilə bağlı müzakirələr çox uzun çəkdi. Azərbaycan hökumətinin Boqotaya ezam olunan nümayəndəsi Şahmar Mövsümövla birlikdə beynəlxalq idarə heyətinin üzvləri arasında apardığımız işin nəticəsi olaraq demək olar ki, çıxış edənlərin hamısı Ermənistanın işğal etdiyi ərazilərdə hasilatla bağlı məlumatları onların açıqlayacağı MHŞT hesabatlarına daxil etməsinin əleyhinə oldular. Müzakirələrin yekununda MHŞT-nin rəhbəri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlama verəcəyini bildirib. Yekunda Ermənistan MHŞT-nin 52-ci üzv dövləti oldu. Qərar, şərtlə verildi. Ermənistan dərc edəcəkləri MSŞT hesabatlarına işğal altında olan Qarabağ ərazisindəki hasilat məlumatlarını daxil etməyəcəklər”.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.

Şərhlər

XƏBƏR LENTİ