SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Aqrar Məşvərət Şurası: İnhisarçılığın rəsmən təsdiqi, yoxsa dövlət suverenliyi?

Aqrar Məşvərət Şurası: İnhisarçılığın rəsmən təsdiqi, yoxsa dövlət suverenliyi?

Tarix:

1-09-2018, 13:30

/ 1 592 dəfə oxundu.
Aqrar Məşvərət Şurası: İnhisarçılığın rəsmən təsdiqi, yoxsa dövlət suverenliyi?

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yeni yaradılan Aqrar Məşvərət Şurasına böyük şirkətlərin – “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group”, “Səba Qrup” müəssisələrin üzv olması və onlardan birinin prezidentinin Şuranın sədri seçilməsi cəmiyyətimizdə bir mənalı qarşılanmadı. Bir sıra iqtisadçılar bunu kənd təsərrüfatı sahəsində inhisarçılığın rəsmiləşdirilməsi kimi qiymətləndirir və yaxın perspektivdə xırda təsərrüfatların sıradan çıxırılacağından ehtiyatlanırlar. Kənd Təsərrüfatı Nazirliyi isə iri şirkətlərin tələb və istəkləriylə daha yaxından tanış olmaq üçün belə bir qurumun yaradılmasını vacib sayır. Nazir İnam Kərimovun sözügedən qurumun yaradılması üçün keçirilən toplantıda dilə gətirdiyi fikirlər də bunu təsdiqləyir. Məlumata görə, o, çıxışında bildirib ki, aqrar sahənin inkişafında bu sektorun bütün iştirakçıları mühüm rol oynasa da, əsas ağırlıq böyük sahibkarlıq subyektlərinin üzərinə düşür. İnam Kərimov həmçinin bildirib ki, məlum toplantının keçirilməsində əsas məqsəd aqrar sahənin inkişafını əngəlləyən amilləri dəyərləndirmək, səmərəli təkliflər irəli sürməkdir.

Bəs, görəsən, bir-birinə tamamilə zidd olan bu fikirlərdə həqiqət kimin tərəfindədir?

Bəri başdan deyək ki, hər iki arqumentdə həqiqət payı var. Həqiqətən də, ölkənin ən iri şirkətlərinin Nazirliyin nəzdində yaradılmış bir qurumda toplanması və həlledici qərarlar vermək imkanına sahib olması kənd təsərrüfatı sektorunda inhisarçılığın formalaşmasına gətirib çıxara bilər. Fəqət bu yerdə növbəti bir sual ortaya çıxır: Aqrar Məşvərət Şuarası həlledici səlahiyyətlərə sahibdirmi?
Sözsüz ki, bu sualın ən yaxşı cavabını əlahəzrət Zaman verəcək. Zamanla Kənd Təsərrüfatı Nazirliyinin öz işini necə qurması, Aqrar Məşvərət Şurasında təmsil olunan iri sahibkarlıq subyektlərinin təzyiqlərindən nə qədər azad fəaliyyət göstərməsi aydınlaşacaq. Odur ki, hələ fəaliyyətə başlamamış bir qurum barədə hansısa bəd gümanlara qapılmaq, zənnimcə, vaxtından əvvəl çıxarılmış nəticələrdir.

Üstəlik, Aqrar Məşvərət Şurası, deyildiyi kimi, heç də Nazirliyin daxilində külli-ixtiyar sahibi də olmayacaq. Sadəcə ölkədə kənd təsərrüfatının inkişafı üçün müəyyən təkliflər hazırlayacaq və onu Nazirliyə təqdim edəcək. Əlbəttə, həmin təkliflərin dəyərləndirilməsi və yararlı olub-olmamasının müəyyənləşdirilməsi yenə Kənd Təsərrüfatı Nazirliyindən asılı olacaq. Ən əsası, Aqrar Məşvərət Şurası sadəcə bir neçə nəhəng təsərrüfat subyektlərindən də formalaşmayacaq. Hazırlanması planlaşdırılan Əsasnamədə Şura üzvlərinin sayına məhdudiyyət qoyulmaması nəzərdə tutulub və ya tutulacaq. Hər halda toplantı barədə mətbuata verilən informasiyalardan belə çıxır: “Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış digər böyük şirkətlərin Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur”. (Mənbə: http://agro.gov.az/1300-knd-tsrrfati-nazrly-yaninda-aqrar-mvrt-urasi-yaradilib.html)
Fikrimizcə, Aqrar Məşvərət Şurasının ayda bir dəfə toplanması da Kənd Təsərrüfatı Nazirliyinin tamamilə bu qurum tərəfindən idarə edilməsi perspektivini aradan qaldırmağa hesablanıb. Hər ay sadəcə bir dəfə toplanıb qarşılaşdıqları problemlərlə və hədəflədikləri planlarıyla bağlı müzakirələr aparan Şura digər xırda və orta təsərrüfat subyektlərini işini necə əngəlləyə bilər?
Üstəlik, əgər söhbət kimisə əngəlləməkdən gedirsə, bunu hansısa məşvərət şurası yaratmadan da etmək olar. Necə ki, bu zamana qədər bir çox nazirliklər məhz bu cür edib. Hər bir nazir, yaxud iri məmur idarə etdiyi sektoru özünün dədə malı kimi görüb və səlahiyyətlərindən faydalanaraq, inhisarlar formalaşdırıb. Nəticədə bir çox strukturlar nəinki rəhbərlik etdikləri sahənin inkişafına səy göstəriblər, əksinə, məşhur bir şeirdə deyildiyi kimi, “öz qövmünün başına əngəl-kələf” olublar.
Açığını desəm, son prezident seçkilərindən sonra formalaşan hökumətə təyin olunan nazirlərin idarə etdikləri strukturlarda bu cür qurumların yaradılmasını bəndəniz mövcud idarəçilik prinsiplərində islahatlara getmək cəhdi kimi görür. Eynilə, bir sıra Qərb ölkələrində olduğu kimi, hansısa ayrıca götürülmüş sahəyə tamamilə yabançı birisinin rəhbər təyin edilməsi və həmin sektorun tamamilə başqaları tərəfindən işlədilməsi də dediklərimizi təsdiqləyir. Yəqin ki, Qərb ölkələrinin təcrübələrindən götürülmüş bu idarəçilik mexanizmi nazirliklərin sadəcə dövlət məmurluğu vəzifəsi daşımasını, sahibkarlıqla məşğul ola bilməməsini şərtləndirəcək. Nəticədə hansısa nazirin və ya iri məmurun iradəsi altında insiharçılığın formalaşması ehtimalı da aradan qalxmış olacaq. Necə ki, NATO ölkələrində Müdafiə nazirləri sivil insanlar arasından seçilir və onlar hərbçilərin fəaliyyətinə nəzarət etməklə yanaşı, həm də dövlətin hərb siyasətini formalaşdırır, bu sektora ayrılan maliyyənin hara xərclənməsinə nəzarət edirlər. Kənd təsərrüfatı sektorundan uzaq olan, amma idarəçilik qabiliyyətini “Asan Xidmət”də təsdiqləyən İnam Kərimov üzərində də təxminən eyni missiya qoyulub. O, faktiki olaraq Aqrar Məşvərət Şurasındakı nəhənglərin arasında istəsə belə, öz inhisarını yarada bilməz. Böyük şirkətlər isə Nazirliyə sadəcə səmərəli təkliflərini çatdırmaq hüququna malikdirlər. Aqrar Məşvərət Şurasında təmsil olunan şirkətlərin çoxluğu və aralarındakı rəqabət də nazirə kiminsə tərəfini tutmaq imkanı verməyəcək.
O ki qaldı yarana biləcək inhisarlar nəticəsində xırda və orta sahibkarlığın tənəzzülü perspektivinə, açığı, bu arqument də inandırıcı görünmür. Ona görə yox ki, həmin iri şirkətlər cənnətdən çıxıblar və mələk xislətli olduqlarından əsla inhisar yaratmazlar. Gördüyü hər şeyə sahib olmaq duyğusu insan oğlunun fitrətindən gəlir və Aqrar Məşvərət Şurasında təmsil olunanlar da bu insani hisslərə sahibdirlər.

Yarana biləcək inhisarçıların “xırda balıqları yeyəcəyi” ona görə inandırıcı görünmür ki, Azərbaycanın mövcud reallığında həmin “xırda balıqlar” ya ümumiyyətlə yoxdur, ya da son nəfəslərini yaşayırlar. Olmayan bir nəsnənin sıradan çıxarılması isə yalnız nəzəriyyələrdə mümkündür.

İrəli sürdüyümüz iddianı Azərbaycan hökumətinin statistik məlumatları da təsdiqləyir. Məlumata görə, ölkədəki bütün məşğul əhalinin 39,1%-i kənd təsərrüfatında cəmləşib. Bu böyük kəndli ordusunun ÜDM-dakı payı isə indiyədək heç 7%-i belə keçməyib. İddianın nə dərəcədə əsaslı olduğunu anlamaq üçün, gəlin, ötəri də olsa, statistik məlumatlara nəzər salaq:

“2014-cü ildə respublikada ÜDM-də kənd təsərrüfatının payı 5.3% olduğu halda, 2015-ci ildə bu rəqəm 6.2% təşkil edib”.

Sonrakı illərdə isə bu göstərici yenidən aşağı düşüb. 2017-ci il ÜDM göstəricilərinə görə, kənd təsərrüfatının milli gəlirdə payı cəmi 5.6% civarında olub. Nəzərə alsaq ki, 2016-ci ildə ölkə başçısı neft erasının bitdiyini və qeyri-neft erasının başlandığını elan etmişdi, kənd təsərrüfatı sektorunda məhsuldarlığın yüksəlməməsi, əksinə azalması bundan əvvəlki nazirlik komandasının uğursuzluq xanasına yazılmalıdır.

Deyə bilərsiniz ki, Azərbaycanın ÜDM-nun böyük qismi neft hasilatının payına düşdüyündən kənd təsərrüfatı məhsullarının milli gəlirdə payının bu qədər kiçik görünməsi normaldır və hansısa günahkar axtarmağa dəyməz. Elədirsə, gəlin, faizləri bir kənara atıb, məsələyə manat hesabı ilə baxaq.

Məlumata görə, kənd təsərrüfatı sahəsində ən yüksək göstəricinin qeydə alındığı 2015-ci ildə belə, bu sektor cəmi 222 milyon manatlıq məhsul istehsal etmişdir. Əhalisinin az qala yarısı kənd təsərrüfatı ilə məşğul olan, dolayısıyla hardasa 4 milyona yaxın insanın çalışdığı bir sahədə əldə edilən bu məbləğ, sözsüz ki, xeyli aşağı göstəricidir.

2017-ci ilin statistik məlumatlarına görə, Azərbaycanda 4 milyon 821,2 min, yəni hardasa 5 milyon məşğul əhali mövcuddur. Kənd təsərrüfatı sektoru məşğul əhalinin 39.1 faizini təşkil edirsə, deməli, bu sahədə işləyənlərin sayı 2 milyondan artıqdır. 222 milyon manatı kənd təsərrüfatı işçilərinin sayına bölsək, adambaşına ildə 100 manat civarında qazanc düşür. Bu, sözsüz ki, həmin sektorun ya tamamilə iflas etdiyindən, ya da ümumiyyətlə formalaşmasından xəbər verir.

Ən dəhşətlisi isə bu da deyil. Ən dəhşətlisi odur ki, Azərbaycanın kənd təsərrüfatı sektoru hər il istinasız olaraq öz qazancının 97-98%-ni maldarlıqdan əldə edir. Bitkiçiliyin payına isə kənd təsərrüfatı gəlirinin cəmi 2-3%-i düşür. Sözsüz ki, bu disbalanslıq heyvandarlıq sektorunu da ciddi risk altında qoyur, onun xarici rəqabətdə dirəncini azaldır. Nədən ki, bitkiçilik sektoru inkişaf etdirilməsə, heyvandarlıq sahəsində də xaricdən asılı vəziyyətə düşə bilərik və bəlkə də elə o vəziyyətdədiyik. Bu isə heyvandarlıq məhsulunun maya dəyərini yüksəldir və onun rəqabət imkanını azaldır.

Göründüyü kimi, iri sahibkarlardan formalaşdırılmış Aqrar Məşvərət Şurası onsuz da mövcud olmayan kiçik müəssisələri aradan qaldırmadığı kimi, əksinə, bu sektorun planlaşdırılmış inkişafına təkan verə bilər. Nə qədər “beşilliklər”lə yadda qalan sovet aqrar təfəkkürünün təzahürü kimi görünsə də, Azərbaycan kimi xırda ölkələrdə dövlət tərəfindən müəyyənləşdirilən planlı təsərrüfat prinsipi faydalı nəticələr verir. Bunun ən bariz nümunəsini biz Simqapur təcrübələrində görə bilərik. Əl boyda bir ölkə olan Simqapur məhz planlaşdırılmış iqtisadi nəzəriyyələr hesabına dünyanın ən zəngin ölkələrindən birinə çevrilmişdir.

Planlaşdırlmış iqtisadiyyat prinsipi xüsusilə kənd təsərrüfatı kimi ildə bir və ya iki dəfə məhsul yığa bilən, dolayısıyla səhvini vaxtında düzəldə bilməyən sektorlar üçün daha faydalıdır. Əks halda ölkənin bütün təsərrüfatları ötən il yaxşı gəlir gətirən sahələrə yönəlir, nəticədə bazarlarda bir məhsulun həddindən çoxluğu qiymətlərin ucuzlaşmasına və fermerlərin tənəzzülünə, bir başqa məhsulun isə qıtlığına yol açır. Bu da öz növbəsində, fermerlərə ciddi ziyan vurmaqla yanaşı, həm də ölkənin Qida Təhlükəsizliyi strategiyasının tam anlamıyla işləməsinə maneçilik törədir.
Onu da unutmaq olmaz ki, Aqrar Məşvərət Şurasını formalaşdıran şirkətlər aqrar təsərrüfatlardan daha çox, sənaye müəssisələridir və onların öz məhsuldarlıqlarını artırması kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar meydana gətirir. Daha aydın ifadə ilə desək, vahid bir proqram və ümumi razılaşma əsasında fəaliyyət göstərən məşvərət şurası imkan yarada bilər ki, məsələn, “Gilan Holding” meyvə şirələri buraxmaq, “Azərsun” hansısa konserv istehsal etmək üçün ehtiyac duyduğu meyvəni kəndlilərdən alsın və bunun sifarişini yığım sezonundan əvvəl versin. Bu da nəticə etibarilə kəndliyə öz bazarını əvvəlcədən təminat altına almaqla öz işini davam etdirmək fürsəti sunacaq.
Digər tərəfdən Azərbaycanda əkinə yararlı torpaqlar o qədər də bol deyil. Çar Rusiyası dönəmindən bu zamanadək ölkəmizi idarə edən bütün hökumətlərin diqqətini neft hasilatına yönəltməsi həm kənd təsərrüfatı sektorunun yetərincə inkişafının qarşısını almış, həm də böyük torpaq ərazilərimiz şoranlaşmağa, erroziyaya məruz qalmışdır. Respublikamızda ümumi torpaq fondu 8,6 milyon hektar olduğu halda, torpaq ehtiyatlarının 40 faizinin bu və ya digər dərəcədə erroziyaya uğradığı məlumdur. Bu da azmış kimi, əkinə yararlı torpaq sahələrimiz də bir çox iri məmurlar tərəfindən zəbt olunub və istirahət məkanına çevrilib. Aqrar sahənin inkişafı üçün bütün bu ərazilər yenidən kəndliyə qaytarılmalı və onlar torpaqları becərməyə təşviq olunmalıdırlar. Əks halda ölkə başçısının böyük hədəf kimi qarşıya qoyduğu 100%-lik özünü təchiz proqramlarının yerinə yetirilməsi mümkün deyil. İri məmurların əlindəki istifadəsiz əkinə yararlı torpaqların əmək gücünə qaytarılması isə Azərbaycan reallığında kiçik təsərrüfatların bacaracağı iş deyil. Bu siyasəti yerinə yetirmək üçün daha güclü siyasi iradəyə ehtiyac var. Aqrar Məşvərət Şurasının siyahısına nəzər salanda bu qüdrətin həmin qurumda təmsil olunduğunu görə bilərik.
Digər tərəfdən, dünyada milli dövlətlərin iradəsindən asılı olmadan qloballaşma prosesi gedir. Bu, yalnız ağır sənaye müəssisələrini də əhatə etmir. Aqrar sektor da tədricən transmilli şirkətlərin əlinə keçir. Artıq bir çox inkişafdan geri qalan və müasir tələblərə cavab verən milli müəssisələrini yarada bilməyən dövlətlər öz torpaqlarını digər ölkələrə satmağa və ya uzunmüddətli istifadəyə verirlər. Məsələn, Konqonun öz ərazilərinin 3/1-ni artıq əcnəbilərə satdığı bildirilir. Buna bənzər vəziyyət post-sovet məkanlarında da yaşanır. Avropaya inteqrasiya etmək uğrunda böyük ərazilərini Rusiyaya qurban verən Ukrayna əlində qalan torpaqlarını belə saxlaya bilmir. Ukrayna hökumətinin əkinə yararlı torpaqlarının 20%-dən çoxunu – 3 milyon hektarını Çinə 50 illiyinə icarə verdiyi bildirilir ki, bu da bizim əkinə yararlı topraqlarımızın tamamı qədərdir. Qazaxıstan da, Rusiya da Çinə xeyli torpaqlar satıb və satmağa məcburdur da. Əks halda özü həmin torpaqda ya əkib becərə bilməyəcək, ya da qlobal rəqabətdə uduzacaq. Eyni sözləri dünyanın bütün inkişaf etməkdə olan ölkələri üçün demək olar.
Azərbaycan da özünü gözləyən bu təhlükədən iri kənd təsərrüfatı müəssisələri yaratmaqla xilas ola bilər. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin iri müəssisələrə xüsusi diqqət ayırması başa düşüləndir. Axı Trans-milli şirkətlərlə iqtisadi rəqabətə öz illik azuqəsini zorla çıxaran hansısa kiçik kəndli təsərrüfatları yox, böyük şirkətlər dayana bilərlər və bu, hardasa, ölkəmizin suverenliyinin təminatı deməkdir.

Şərhlər

XƏBƏR LENTİ