SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Hökumət bahalaşmaya qarşı hərəkətə keçdi: Nazirlik işbazları dənləyir

Hökumət bahalaşmaya qarşı hərəkətə keçdi: Nazirlik işbazları dənləyir

Tarix:

20-02-2017, 00:17

/ 2 001 dəfə oxundu.
Hökumət bahalaşmaya qarşı hərəkətə keçdi: Nazirlik işbazları dənləyir

Hökumət ərzaq mallarının qiymətinin qalxması ilə bağlı hərəkətə keçir

Verilən məlumata görə, bahalaşma bütün təbəqələri narahat etməkdədir.

İqtisadiyyat Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün işbazlara, dəllalara qarşı mübarizəni gücləndirib.

Nazirlik onları tək-tək dənləməklə süni qiymət artımına şərait yaradanlara görk verməyə hazırlaşır. Çünki bazar iqtisadiyyatından istifadə edən bəzi işbazlara bazarlarda, marketlərdə süni qiymət artımına gedir.

Bu da əhalini narazı salır və hökumətin üstünə qaldırır. Devalvasiya ölkənin ticarət sektorunu çökdürməkdə davam edir. İri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.

Azərbaycan həm idxaldan ciddi asılıdır, həm də yerli istehsal sayılan əksər məhsulların da xammalı xaricdən gətirilir. Məsələn, çay və şəkər ölkədə istehsal olunur, amma xammal xaricdən gətirilir.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı üçün gübrə, texnika, dərmanlar, əsasən, idxal edilir. Bu da onların istehsal xərcinə təsir göstərir. Bir sözlə, yerli məhsulun yox səviyyədə olması idxalı şərtləndirir.

Valyutanın bahalaşması ölkəyə gətirilən məhsulların qiymətini artırır. Və onların hətta dollar ifadəsində qiymətləri dəyişməsə belə, manat ifadəsində artır və nəticədə idxal inflyasiyası yaranır.

Bahalaşma adi vətəndaşlar kimi, sənət adamlarının da etirazına səbəb olub. Müğənni Nura Suri baş nazirin müavini Əli Əhmədovun ölkədəki ərzaq mallarının qiymətlərinin artımıyla bağlı dediyi fikirlərin əks olunduğu yazını paylaşaraq, ona belə bir şərh verib:

"Mən bütün "çek"ləri saxlamışam və qiymətlərin neçə dəfə artmasını sübut edərəm. Fil qulaginda yatiblar ele bil..."

Baş nazirin müavini ölkədəki qiymət artımı ilə bağlı bu fikirləri səsləndirib: "Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb.

Mən bu fikirdən kənardayam. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat , yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".

Nura Surinin bu şərhi isə sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Sənətçinin fikirlərinə dəstək verənlər "Toxun acdan xəbəri olmaz", "Onlar Avropa supermarketlərindən bazarlıq edirlər", "Ondan soruşsan, bəlkə heç çörəyin də qiymətini bilmir" kimi şərhlərlə sənətçinin fikirlərinə dəstək veriblər.

Şərhlər

XƏBƏR LENTİ