XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » "Dəmirbank" KİV-lərə də problem yaradır - GİLEY

"Dəmirbank" KİV-lərə də problem yaradır - GİLEY

"Dəmirbank" KİV-lərə də problem yaradır - GİLEY
14-08-2017, 10:44

“Hürriyyət”, “Futbol+”, “Bukmeker” qəzetləri son bir aydır ki, N.Nərimanov rayonu, Qarabağ 31 ünvanında yerləşən “Dəmirbank” ASC-dəki hesablarından öz vəsaitlərini nağd yolla götürə bilmirlər. Konkret olaraq “Hürriyyət”in hesabına Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu tərəfindən köçürülən 1500 AZN-i almaq üçün dəfələrlə banka müraciət etsək də, “Dəmirbank” ASC müxtəlif bəhanələrlə həmin vəsaiti nağd şəkildə verməkdən imtina edir.

“Onlar deyirlər ki, müqavilədə hər ay 5 min manat göstərilməlidir”

Yuxarıda adı çəkilən qəzetlərin mühasibi Roza Əliyeva məsələyə aydınlıq gətirərək “Hürriyyət”ə bildirdi ki, “Dəmirbank”ın Əməliyyat İdarəsi flialı ilə 20 ildir əməkdaşlıq edirlər: “Hər üç qəzetin bank əməliyyatlarını “Dəmirbank” vasitəsilə həyata keçiririk. Ancaq son bir aya yaxındır ki, bizə əziyyət verirlər, pullarımızı bankdan nağd şəkildə götürə bilmirik. Hərdən bəhanə gətirilər ki, 5 mindən yuxarı olmaz. Biz də müqavilələrimizi təqdim etdik. Dünən getdik, dedilər ki, müqavilələr 5 mindən yuxarı olmamalıdır. Biz də KİVDF ilə 6 aylıq müqavilə bağlamışıq. KİVDF “Hürriyyət”ə 6 ay ərzində 9 min, yəni hər aya 1500 manat, “Futbol+” qəzetinə isə 30 min, yəni bir aya 5 min manat ayırır. Biz həmin müqaviləni təqdim etmişik. Bizə deyirlər ki, hər ay müqavilə gətirməlisiniz. Tutaq ki, “Futbol+” qəzetinin hər müqaviləsində də 5 min manat qeyd olunmalıdır. Fərqi nədir, 30 mini 6 aya böləndə 5 min düşmür? Bunun nə fərqi var, axı? Onlar isə deyirlər ki, müqavildə hər ay 5 min manat göstərilməlidir. Bu, adama əziyyət vermək demək deyilsə, bəs nə deməkdir ki?!

“Biz kağızı nəğd pulla alırıq”

“Düzdür, elə ödənişlər var ki, köçürmə yolu ilə edirik. Məsələn, əməkhaqqını köçürmə ilə alırıq, vergiləri, DSMF-nin ödənişini də köçürmə ilə həyata keçiririk. Amma Azərbaycanda kağız almaq çox çətin məsələdir. Biz kağızı nağd pulla alırıq. Elə şeylər var ki, biz bunları nağd yolla almağa məcburuq, ancaq bankdan pulumuzu götürməyə çətinlik çəkirik. Banka müraciət edirik, çox əziyyət çəkirik, gah bizi qəbul edirlər, gah da etmirlər. İndi isə yazılı şəkildə müraciət etmişik. Görək, nə cavab verəcəklər.

Maraqlıdır, bütün qəzetlərin başına bu oyun gəlir, yoxsa elə bizim qəzetlərə görə bizi incidirlər? Biz bunu aydınlaşdırmaq istəyirik”, - dedi mühasib.

“Azərbaycan Konstitusiyasına, Mülki Məcəlləyə görə müqavilə azadlığı deyilən bir şey var”

Bank məsələləri üzrə ekspert, tanınmış hüquqşünas Əkrəm Həsənov isə bildirdi ki, “Dəmirbank”ın dediyi cəfəngiyyatdır: “Bankın nə ixtiyarı var ki, o sizə göstəriş verir ki, müqaviləniz necə olmalıdır. Əsas odur ki, müqaviləniz var, müqavilə əsasında sizə pul gəlir. Boş söz deyirlər, onun heç bir qanuni əsası yoxdur. Sadəcə özlərindən iş çıxarırlar. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara qeyri-rəsmi göstərişlər var ki, müştərilərin hesablarına daxil olan pullara nəzarət etsin. Banklar da heç bilmirlər ki, bu nəzarəti necə etmək lazımdır və özlərindən şeylər çıxardırlar. Bu, tamamilə qanunsuzdur. Siz bankdan tələb edin ki, sən nə əsasla bunu məndən tələb edirsən? Hansı qanunda var? Mənim bağladığım müqaviləyə sən necə göstəriş verə bilərsən? Azərbaycan Konstitusiyasına, Mülki Məcəlləyə görə müqavilə azadlığı deyilən bir şey var. Yəni mən müqaviləni belə bağlamışam, 30 min 6 aylıq. Ola bilər ki, mənə 5 min yox, hansısa aya 15 min verəcəklər, onun banka dəxli yoxdur. Bank bunu necə sizə deyə bilər? Bu, bizim öz münasibətimizdir. Yəni bankın dediyi tamamilə əsassız cəfəngiyatdır”.

“Nağdsız hesablaşmalar haqqında” qanunun o məsələyə aidiyyatı yoxdur”

Ə. Həsənov onu da dedi ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna görə vətəndaş və ya hansısa müəssisə istənilən qədər bankdan nağd pul çıxarda bilər: “Sadəcə ay ərzində 15 mindən çox ödəyə bilməzsiniz. Bu, qanunun o məsələyə heç bir aidiyyatı yoxdur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.