XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Elman Rüstəmovun malalama siyasəti: İnflyasiya real gəlirləri bitirir

Elman Rüstəmovun malalama siyasəti: İnflyasiya real gəlirləri bitirir

Elman Rüstəmovun malalama siyasəti: İnflyasiya real gəlirləri bitirir
3-08-2017, 09:22

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi, əslində maraqsız məlumatdır
Azərbaycanda iqtisadi institutlar formalaşmadığına görə MB-ın uçot dərəcəsi az əhəmiyyətli məsələdir.
Çünki, uçot dərəcəsi 3% olanda da banklarda kredit dərəcəsi 20-30% arasında dəyişirdi, indi 15%-dir, yenə banklarda kredit faiz dərəcələri eynidir.
Amma MB-ın rəsmi məlumatında diqqəti bir cümlə cəlb edir. Sitat: Cari ilin 1-ci yarısında orta illik inflyasiya 13,9% təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18,1%, qeyri-ərzaq qiymətləri 12,4%, xidmətlər isə 9,4% dəyişib.
Bu o deməkdir ki, MB sədri Elman Rüstəmov inflyasiya olduğunu etiraf edir, amma malalayır, ütüləyir. Bunu da “dəyişib” yazmaqla edirlər.
Bu cümlənin açması “qiymətlər artıb, yüksəlib, inflyasiya real gəlirləri yeyib-bitirib, vətəndaşın daha çox kasıblamasına səbəb olub” deməkdir. Sadəcə, vətəndaşları belə sözlərlə aldatmaq və diqqətini çəkməmək üçün malalama siyasəti yürüdürlər.
Hərçənd, E.Rüstəmov da, hökumətin iqtisadi bloka daxil olan nazirləri də bu istiqamətdə heç bir addım atmayıblar.
Məlumata görə, bazarlarda qiymətlər durmadan artır, gəlirlər azalır, xərclər çoxalır.
2017-ci ildə əhalinin kasıb təbəqəsi ağırlıq təşkil etməkdədir. Orta təbəqə bir sinif olaraq getdikcə ləğv olunur və yoxsul təbəqəyə çevrilir. Azərbaycan hökuməti Azərbaycanda orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
Bu barədə hökumətdən məlumat verilib. 2016-cı ilin yekunları üzrə inflyasiya 12,1%, 2017-ci ilin yekunları üzrə 7,3% səviyyəsində proqnozlaşdırılır. 2018-2020-ci illərdə hökumət inflyasiyanın azalması tendensiyanın qorunmasını gözləyir.
Xüsusilə, 2018-ci ildə orta illik inflyasiya 4,9%, 2019-cu ildə 3,9%, 2020-ci ildə 3,5% səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin oktyabr ayının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 11,6% təşkil edib.
O cümlədən, il ərzində ərzaq məhsulları 13,4%, qeyri-ərzaq məhsulları 16,3%, xidmətlər 5.4% bahalaşıb. 2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib.
Baş bankir isə başaldatmanın yeni iqtisadi metodlarını tətbiq etməklə əhaliyə ütülü informasiya yayır. Ancaq faktlar göz qabağındadır və hər kəs gündəlik həyatında vəziyyətin çətinliyini hiss etməkdədir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.