XalqXəbər.Az

BƏYLƏR EYYUBOVA AÇIQ MƏKTUB! - “Kəmaləddin Heydərov mənə söz vermişdi ki..."

yüklənir...
BƏYLƏR EYYUBOVA AÇIQ MƏKTUB! - “Kəmaləddin Heydərov mənə söz vermişdi ki..."
5-08-2019, 12:20
yüklənir...

Bakı şəhəri Xətai rayonu, Sergey Senyuşkin küçəsi, bina 7, mənzil 10-da yaşayan Mikayılov Vaqif Məhəmməd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidmətinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubova müraciət edən V.Mikayılovun məktubunu olduğu kimi dərc edirik:


“Hörmətli Bəylər müəllim!

1993-cü ilin dekabr ayından Gəncə hərbi polis şöbəsində işləyirdim. İşlədiyim müddətdə müəyyən etdim ki, sabiq baş nazir Sürət Hüseynov və onun tərəfdarları ulu öndər Heydər Əliyev hakimiyyətini devirməkdən ötrü dövlət çevrilişinə hazırlaşırlar. Mən onlara qarşı müqavimət göstərməyə başladım. Mənim bu mövqeyimi, yəni Heyder Əliyevin tərəfində durub, dövlətçiliyimizi mudafiyə etməyimi və sürətçilərə qarşı çıxdığımı görən sabiq baş nazir S.Hüseynov məni 19 avqust 1994-cü ildə Müdafiyə Nazirliyinin Baş hərbi polis idarəsinin Gəncə şəhər hərbi polis şöbəsindən işdən azad etdirib, Gəncə şəhərindən uzaqlaşdırdı ki, onların hazırlamaqda olduqları dövlət çevrilişinə mane ola bilməyim.

İşdən çıxarıldıqdan sonra Bakıya gəldim, dost-tanış bu vəziyyətimdən xəbər tutan kimi məni Kəmaləddin Heydərovun yanına apardılar və onun vasitəsilə sizinlə də görüşüb tanış olduq. Sürətçilərin dövlət çevrilişinə hazırlaşmaları barədə Sizə məlumat verdim və məni işdən azad etdirib Gəncə şəhərindən uzaqlaşdırdıqlarını bildirdim. Siz məni dinlədiniz və dediklərimi Prezidentimiz, ulu öndər Heydər Əliyevə çatdıracağınızı bildirdiniz.

Səhəri gün Siz mənimlə Kəmaləddin Heydərovun "Abşeron" mehmanxanasının arxa hissəsində yerləşən ticarət ofisində yenidən görüşdük. Mənim dediklərimi prezident Heydər Əliyevə çatdırdığınızı və bu dediklərimi ərizə formasında prezidentin adına yazıb, Sizə verməyimi bildirdiniz. Mən siz deyənləri edib ərizəni yazdım, biz yenidən görüşdük və ərizəmi sizə verdim.

İki gündən sonra məni Müdafiə Nazirliyinə çağırdılar. Nazir Məmmədrəfi Məmmədov məni qəbul etdi, işçilərinin onu aldatdıqlarını və bu səbəbdən məni əsassız olaraq işdən azad etdiyini bildirdi. Nəticədə 5 sentyabr 1994-cü ildə məni yenidən işə bərpa edib, Gəncə şəhər hərbi polis şöbəsinə göndərdi. Yəni məni Gəncə şəhərinə Siz qaytardınız ki, dövlətçiliyimizi müdafiə edim.

İmkanım daxilində mudafiə etdim də. Yəni Siz məni yaxşı tanıyırsınız. Mərhum qardaşlarınız Eyyub və Nəbi dayı ilə birlikdə olmuşam, birlikdə sürətçilərə qarşı mübarizə aparmışıq. Hər ikisinə Allah rəhmət eləsin, ruhları şad, qəbrləri nurla dolsun.

Hörmətli Bəylər müəllim!

1994-cü ilin noyabr-dekabr aylarında MTN-nin sabiq əməkdaşları İsrail Əliyev və Valeh Abdullayev (bu gün hər ikisi Kəmallədin Heydərovun yanında - FHN-də idarə rəisi işləyirlər və general rütbəsi alıblar) 7 nəfərdən pul tələb etməyimə, pul verməsələr güllələyib öldürməyimə dair göstərişlərini icra etmədiyimə görə, məni 5 sentyabr 1995-ci ildə həbs etdirdilər. Həbsim barədə, artıq Respublika Gömrük komitəsinə sədr təyin olunmuş, general rütbəsi almış Kəmaləddin Heydərov nədənsə Sizə məlumat vermədi ki, Siz də öz növbənizdə prezidentimiz Heydər Əliyevə məlumat verəsiniz.

Əlaqənin olmamasından istifadə edən bu cinayətkar qrup məni saxta ittihamlarla 15 il müddətində azadlıqdan məhrum etdilər. Bilirəm ki, mənim məhkum olunmağımdan və başıma gətirilən digər zülümlərdən Sizin xəbəriniz olmadı. 15 il cəzamı çəkib qurtardıqdan sonra 2010-cu ildə azadlığa buraxıldım. Artıq Gömrük Komitəsindən Fövqəladə Hallar naziri təyin olunmuş Kəmaləddin Heydərov məni qəbul etdi, “dostumsan, dostum olaraq qalırsan” dedi. Nə sözüm, nə problemim olsa bildirməyimi, sizinlə məni görüşdürüb saxta hökmün ləğv olunmasına,bəraət alacağıma köməklik edəcəyini bildirdi və otağındaki dövlət telefonu ilə məni sizinlə danışdırdı. Bundan başqa da mən sizinlə 2010-cu ilin axırlarında "Təzə Pir" məscidində ananızın yas mərasimində (Allah rəhmət eləsin, qəbri nurla dolsun) görüşdük, salamlaşdıq və 1-2 dəqiqəlik hal-əhval tutdunuz. Sonra mən Sizinlə heç bir əlaqə yaratmağa cəhd etmədim, çünki Kəmaləddin müəllim hər dəfə mənə söz verirdi ki, narahat olma, səni Bəylər müəllimlə görüşdürəcəyəm,hər bir problemini həll edəcəyəm.

Bu minvalla məni 2015-ci ilə kimi söz verə-verə sakitləşdirirdi, harasa müraciət etməyimə imkan vermirdi. Sizinlə görüşümü də təşkil etmədi. Mən də o deyənlərə qulaq asırdım, münasibəti pozmaq istəmirdim, fikirləşirdim ki, nə vaxtsa məni sizinlə görüşdürüb bəraət almağımda köməklik göstərəcək.

2015-ci ildən sonra gördüm ki, məni tədricən özündən uzaqlaşdırır, yəni qəbul etmir, deyir ki, işim çoxdur,vaxtım yoxdur, halbuki əvvəllər ayda 2 dəfə məni qəbul edirdi. Telefon zənglərimə əvvəlki kimi cavab vermir və mənə dedi ki, nə sözün olsa mənim adımdan get Valeh Abdullayevin yanına, o sənin problemlərini həll edəcək və s. Məni göndərdi, mənə 7 nəfəri öldürməkdən ötrü siyahını verən, məni həbs etdirən Valeh Abdullayevin yanına. Yəni mənə "mədəni sürətdə" başa salırdı ki, 1994-cü ildə 7 nəfəri öldürməyə dair Valehin sifarişini icra etməmisən, bu gun isə bax ondan aslısan, 1994-cü ildə Valeh deyənləri etsəydin bugün sən də idarə rəisi olardın və general rütbəsi alardın.

2016-2017-2018-ci illərdə dəfələrlə Valeh Abdullayevin telefonuna zəng vurmuşam, o da mənə zəng vurub. Bunlar hamısı “Azercell”də qeydiyyatda var, araşdırılsa öz təsdiqini tapacaq. 3 dəfə Kəmaləddin müəllimin adından Valeh Abdullayevin qəbulunda olmuşam. Valeh Abdullayev mənə heç bir köməklik göstərməyib, əksinə mənə süni sürətdə problemlər yaradıb. Bütün bu baş verənlər barədə Kəmallədin müəllimin telefonuna zəng vurub demişəm və ətraflı mesajlar yazmışam, sizinlə məni görüşdürməyə və başqa məsələləri həll edəcəyinə söz vermələrini, lakin yerinə yetirməməsini ona xatırlatmışam. Yenə də kömək etməsini xahiş etmişəm, özünə yazmışam ki, 1994-cü ilin sentyabr ayında məni Gəncə şəhərinə əli silahlı sürətçilərin gülləsi qabağına ölümə göndərmisən, getmişəm, çəkdiyim o zülmün bu gün sənin yanında dəyəri yoxdur? O vaxtlar lazım idim, indi isə yox? Lazım olanda mənə dost, qardaş deyirdin, indi isə kömək etmək lazımdır, məni aldadırsan, Bəylər müəllimlə görüşdürmürsən və özündən uzaqlaşdırırsan. Ağır günlərdə mən sizləri müdafiyə etmişəm, bu günlərdə isə mənim günahım nədir ki, mənə köməklik etmirsən.Yenə də mən deyənlərə məhəl qoymadı.

2018-ci ildə telefon nömrəsini dəyişdirdiyindən onunla əlaqə saxlaya bilmədim. Təzə nömrəsini tapdım və zəng etdim, dəfələrlə mesaj yazıb bildirdim ki, mənə söz vermişdin, Bəylər müəllimlə görüşdürüb bəraət alacağıma köməklik edəcəksən, niyə sözünə əməl etmirsən, bilirsən ki, heç yerdə işləmirəm, məhkum olunduğuma görə məni işə qəbul etmirlər.Mənə iş vermədi. “Azercell”dən araşdırılsa, mənim telefon zənglərim, bu məzmunda ona mesaj yazmağım və onun mənə mesajlarla cavab yazması öz təsdiqini tapacaq.

1994-1995 və 2010-2015-ci illərdə məni qucaqlayıb bağrına basan, ağız-ağıza öpüşən, dostumsan, qardaşımsan, sən kişi oğlansan deyən, hər ay məni qəbul edən, hər bir telefon zəngimə cavab verən Kəmaləddin Heydərov indi məni özündən uzaqlaşdırdı. Səbəbi budur ki, ona killerlik etməmişəm, sifarişi verilən o 7 nəfəri güllələməmişəm. Bütün bunlardan sonra, yəni Kəmaləddinin mənə qarşı pis münasibətlərini və məni aldatmasını görüb haqqımı tələb etmək məqsədilə məcbur olub özümdə saxladığım 7 nəfərin öldürülməsinə dair mənə verilən sifariş, məni özünə killer hazırlaması və mənə qarşı olunan haqsızlıqlar barədə "Təzadlar"qəzeti, Criminal.az saytı və "Hürriyyet"qəzeti vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma müraciət etdim. Müraciətimi kserokopiya edib 3 iyul və 22 iyul 2019-cu il tarixində Prezident Aparatında və Milli Məclisdə vətəndaşların ərizə və şikayətlərinin qəbulu qutusuna atmışam. Hələ nə Prezident Aparatından, nə də insan haqqları komissiyasının sədri Rəbiyyət xanım Aslanovadan bir xəbər yoxdur.



Hörmətli Bəylər müəllim!

Bilirəm ki,mənim başıma gətirilən bu müsibətlərdən, yəni saxta yolla məni 15 il müddətinə azadlıqdan məhrum etmələrindən, Kəmaləddin müəllim tərəfindən 2010-2015-ci ilə kimi aldadılmağımdan, sizinlə görüşməyimə şərait yaratmamasından, məhkum olunduğuma görə məni heç yerdə işə götürməmələrindən və mənə olunan bu kimi haqsızlıqlardan Sizin xəbəriniz yoxdur. Kəmaləddin müəllimin məni aldatmasını və mənə belə bir münasibətindən sonra dəfələrlə Sizinlə əlaqə yaratmaq istəmişəm, alınmayıb.Telefonlarınıza zəng vurmuşam, lakin nömrələr bağlı olub. Prezident aparatına getmişəm, Sizinlə görüşmək mümkün olmayıb. Sizinlə görüşmək cəhdlərim baş tutmadığına görə, əlaqə yaratmağın yalnız bir yolu qaldığından mətbuat vasitəsilə açıq sürətdə Sizə müraciət etmək qərarına gəldim.

Hörmətli Bəylər müəllim!

Sizdən çox-çox xahiş edirəm ki, məni qəbul edib 5-10 dəqiqəliyinə dinləyəsiniz, barəmdə olan Gəncə qarnizonu hərbi tribunalının 30 avqust 1996-cı il tarixli saxta hökmünün ləğv olunaraq ədalətin bərpa edilməsindən ötrü müraciətimin ölkə başçısı möhtərəm İlham Əliyev cənablarına çatmasına köməklik göstərəsiniz. 1994-cü ilin avqust ayında ağır günlərdə mənim ərizəmi prezident Heydər Əliyevə çatdırdıqdan sonra ədalət bərpa olunaraq, öz əvvəlki işimə qaytarıldım, dövlətçiliyimizi qorumaq adına Gəncə şəhərinə sürətçilərin gülləsi qabağına getdim. İndi təkrar Sizə müraciət edirəm. Çünki bilirəm ki, mənim kimi dövlətçiliyi müdafiə edən, Qarabağ müharibəsinin iştirakçısı olan, milli ordumuzun zabitinin probleminə biganəlik göstərənlərdən deyilsiniz. Məhz belə xarakterinizə görə, bu gün təkrar-təkrar sizə müraciət edirəm. Xahiş edirəm ki,məni 5-10 dəqiqəliyinə qəbul edəsiniz.

Hörmətli Bəylər müəllim!

1937-ci ilin qurbanlarından olan bir şəhidimizin qısa, lakin çox-çox məzmunlu və hər zaman üçün qiymətli olan misraları ilə son olaraq sizə müraciət edirəm:

Zülmün topu var, gülləsi var, qələsi varsa

Haqqın da bükülməz qolu dönməz üzü vardır

Əl çəkmə günəşdən nəqədər nuru azalsa

Sönməz əbədi hər gecənin bir gündüzü vardır.

İnanıram ki, inşallah,Ssizin köməyiniz nəticəsində mənim müraciətim hörmətli prezidentimiz İlham Əliyevə çatacaq və mənim də gecəmin gündüzü gələcək”.

Hurriyyet.org

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.