XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » 2 milyon manatlıq fırıldaq

2 milyon manatlıq fırıldaq

2 milyon manatlıq fırıldaq
12-07-2017, 11:19

Dubayda yaşayan “iş adamı” Zaur Əliyev tanışını necə aldadıb?
Ötən həftə saytımızda dərc olunan “Binəqədi məhkəməsinin “quyu qazan” hakimi”sərlövhəli yazıda hakim Bəylər Ələkbərovun ədalətsiz qərar çıxarması haqda məlumat vermişdik
Bu qərardan bir neçə gün sonra isə hakim Bəylər Ələkbərov cavabdeh Bilal Nəsirliyə yaxın şəxslərin biri ilə söhbət edərkən, “Bilala elə bir quyu qazdım ki, heç vaxt ordan çıxa bilməyəcək” – deyə öz qərarının qərəzli olduğunu etiraf edib. Bunun səbəbi haqda növbəti yazımızda məlumat verəcəyik. Hələlik isə, dəyərli oxucularımıza söz verdiyimiz kimi, iddiaçının ortada heç bir əsas olmadan cavabdehdən 450 min dollar tələb etməsinin səbəblərinə aydınlıq gətirməyə çalışacağıq...

Həcc ziyarətinin pərdəarxası...

Öncə bu və ya digər səbəbdən ötən yazımızla tanış ola bilməyən oxucularımıza xatırladaq ki, cavabdeh Bilal Nəsirli ilə iddiaçı Azad Fərzəli 2009-cu ilin noyabr ayında Həcc ziyarətinə gedərkən yolda tanış olublar. Sonradan onlar arasında yaxın münasibətlər qurulub. 2010-ci ildə B.Nəsirli Dubay şəhərinə köçüb və ailəsi ilə birlikdə orada yaşamağa başlayıb. O, Dubay Əmirliyində özünə turizm şirkəti qurmaqla yanaşı, azərbaycanlı iş adamı Zaur Əliyevin biznesinə sərmaya qoyaraq, normal gəlir əldə edirmiş.
2012-ci ilin əvvəlində B.Nəsirli öz işləri ilə əlaqədar Bakıda olarkən Azad Fərzəli xahiş edir ki, Zaur Əliyevlə onu tanış etsin. Deyir ki, o da Zaurun Dubaydakı biznesinə sərmayə qoymaq istəyir. Bilal Nəsirli Dubaya qayıtdıqda Azad Fərzəlinin bu təklifini Z.Əliyevə çatdırır. Onun razılığını aldıqdan sonra A.Fərzəliyə zəng vurub bu haqda məlumat verir. Nəticədə, Azad Fərzəli 2012-ci il aprelin 28-29-da “Xalqlar Dostluğu” metrosunun yanındakı evini 65 min dollara satıb, 60 min dollarını iki dəfə olmaqla Dubaya – Zaur Əliyevə göndərir. Xahiş edir ki, həmin vəsaiti sərmayə kimi öz biznesinə yatırsın və payına düşən gəliri hər ay ona göndərsin.

Dubaydan gələn dollarlar “iştahı artırır”
Beləliklə, Z.Əliyev 60 min dollarlıq sərmayənin qarşılığında hər ay ona 2 400 dollar göndərir. İşinin pis getmədiyini görən A.Fərzəli sərmayəni artırmaqla daha çox gəlir qazanmaq istəyir. Bunun üçün o, tez-tez öz tanışlarının, Həcc yoldaşlarının yanında Dubayda “biznes qurduğunu” və yaxşı gəlir əldə etdiyini elan edir. Nəticədə 2012-ci ilin oktyabrında Məkkə ziyarətində olarkən tanış olduğu Quliyev Arif Şıxməmməd oğlunu inandıra bilir ki, az vəsaitlə də kifayət qədər pul qazanmaq mümkündür...
Məhkəmə sənədlərinə əsasən, A.Fərzəli A.Quliyevin etibarını qazanmaq üçün özünü mömin adam kimi qələmə verib, 6 dəfə Həcc ziyarətində olduğunu və s. bildirib. Üstəlik, Dubaydakı biznesinə 500 min dollar yatırdığını və ortaqları vasitəsilə Çindən gətirdikləri elektrik malları texnikasının topdansatışı ilə məşğul olduğunu deyib. Bundan sonra növbəti görüşlərin birində - 2013-cü ilin avqust ayında Azad Fərzəli Arif Quliyevə bildirib ki, 100 min ABŞ dolları həcmində sərmayə qoymaqla, hər ay 7 min dollar xalis gəlir qazanmaq mümkündür. Onu da deyib ki, pulunu istədiyi vaxt tam olaraq geri götürə bilər.
Arif Quliyev həmin vaxt evini satdığından, 45 min dollar evin pulundan, əlavə 45 min dollar da qohumu Qasımov Aydın Övliya oğlundan götürərək, birlikdə namaz qıldıqdan sonra Bakı şəhəri Nəsimi rayon ərazisində yerləşən Əjdərbəy məscidinin qarşısında qohumunun iştirakı ilə Azad Fərzəliyə verir. Bir neçə gün sonra A.Fərzəli A.Quliyevə zəng açaraq pulu Dubaydakı ortaqlarına göndərdiyini və hər şeyin qaydasında olduğunu bildirir. Bundan sonra isə o, Arif Quliyevə 7 min vəd etməsinə rəğmən, hər ay 5 min dollar verir. Lakin cəmi 4 ay sonra Azad Fərzəlidən heç bir xəbər çıxmır. Belə olduğu halda A.Quliyev 2014-cü ilin yanvar ayında A.Fərzəliyə zəng vurub pulunu istəyir. Bu zaman qarşı tərəf ona Dubaydakı şərikinin həbs edildiyini bildirir və 1-2 iki aya pulunu tam olaraq qaytaracağını söz verir. Ancaq qarşıdakı bir neçə ayda o, əlavə olaraq 18 min dollar qaytarmaqla, A.Quliyevdən aldığı 90 min dolların qarşılığında “gəlir” adı altında onun cəmi 38 min dollarını geri ödəyir...

90 min dollar hara “yoxa çıxır”?
Qeyd etdiyimiz kimi, Azad Fərzəlinin iş adamı Zaur Əliyevin biznesinə sərmayə qoymasına Bilal Nəsirli vasitəçilik edib. Maraqlıdır ki, B.Nəsirlinin Dubayda Z.Əliyevlə qonşu olmasına və tez-tez görüşməsinə rəğmən, A.Fərzəlinin ona 60 min dollardan əlavə hansısa vəsait göndərdiyindən xəbərsiz olub. Ümumiyyətlə, hələ də Arif Quliyevdən alınan 90 min dolların Dubaya göndərilib-göndərilmədiyi şübhəlidir. Ən azı ona görə ki, məhkəmə prosesi zamanı ortaya bunu təsdiq edən heç bir sənəd qoyulmayıb.
Bu səbəbdən A.Quliyev Həcc yoldaşı tərəfindən dolandırıldığını bilərək, Azad Fərzəliyə qarşı cinayət işi açılması üçün qohumu A.Qasımov ilə birlikdə Nəsimi rayon 21-ci polis bölməsinə müraciət edirlər. Ancaq bu müraciətə sonradan bəlli olan səbəblərdən müsbət cavab ala bilmirlər. Bundan sonra şikayətçilər A.Fərzəlinin qeydiyyatda olduğu Cəbrayıl rayon Məhkəməsinə müraciət edirlər. Sözügedən məhkəmə prosesi ilə bağlı növbəti sayımızda geniş açıqlama verəcəyik. İndi isə, oxucularımızı intizarda saxlamayıb A.Fərzəlinin B.Nəsirliyə qarşı 546 min dollarlıq iddiasının səbəblərinə aydınlıq gətirək...

546 min dollarlıq iddia və...

Ötən yazımızda da qeyd etdiyimiz kimi, Azad Fərzəli Bakıdakı evini sataraq 60 min dollarını Dubaya – Zaur Əliyevə sərmayə kimi göndərir və 16 ay ərzində hər ay 2400 dollar gəlir əldə edir. Daha sonra Z.Əliyevin həyata keçirdiyi biznes layihəsi başa çatdığından, B.Nəsirli tərəflər arasında bağlanan müqavilədə üçüncü şəxs kimi iştirak etdiyini nəzərə alıb, Zaurdan 60 min dollar alaraq 16 noyabr 2013-cü ildə Bakı şəhərindəki yaxın dostlarından birinin vasitəsilə Azad Fərzəliyə göndərir. Hansı ki, sonradan bunu təsdiq edən sənədlər də məhkəməyə təqdim edilir. Buna baxmayaraq, A.Fərzəli onunla bağladığı müqaviləni saxtalaşdırmağa cəhd edərək, B.Nəsirlidən 540 min dollar tələb edir. Maraqlıdır ki, müqavilədə qarşı tərəf kimi Bilal Nəsirli və Zaur Əliyevin adı qeyd olunsa da, Azad Fərzəli öz iddiasında ikincinin adını yazmır. Həmçinin, məhkəmə prosesi zamanı ciddi-cəhdlə Z.Əliyevi müdafiə etməyə çalışır. İlk vaxtlar B.Nəsirli bu iddianı və A.Fərzəlinin Z.Əliyevi müdafiə etməsini çox təəccüblə qarşılasa da, sonradan ona hər şey aydın olur...

Fırıldaqçı iş adamı və onun toruna düşənlər
Yeri gəlmişkən, Azad Fərzəlinin iddiası üzrə məhkəmə proseslərində cavabdeh qismində çıxış edən Bilal Nəsirlinin Zaur Əliyevlə tanışlığı Dubayda baş tutur. Onlar qonşu olublar və bu səbəbdən aralarında yaxın münasibətləri yaranıb. Nəticədə, B.Nəsirli öncə Bakıda, daha sonra Dubayda biznes fəaliyyəti ilə məşğul olaraq qazandığı 2 milyon dollara yaxın vəsaiti onun etibarını qazanan Z.Əliyevin biznesinə yatırıb. Həmin məbləğin 800 min dollara yaxını rəsmi sənədlərdə əks olunub və B.Nəsirli konkret olaraq bu işlə bağlı məhkəməyə müraciət edib. Beləliklə, 21.12.2015-ci ildə Dubay məhkəməsinin hökmü ilə iddiaçıya dəyən 2 749 500 dirhəmin (Həmin dövrdəki məzənnə ilə təxminən 800 min dollar) ödənilməsi tələb olunmuş və əlavə olaraq Zaur Əliyev barəsində həbs qərarı çıxarılmışdır(FOTO2). Lakin Z.Əliyev müflis olduğunu iddia etdiyindən, həmin pulu ondan almaq mümkün olmayıb və qısa müddət sonra o, Dubaydakı ərəb tanışlarından biri tərəfindən zaminə çıxarılıb.
Bundan sonra Zaur Əliyev ondan məhkəməyə müraciət edən keçmiş ortağından qisas almağa çalışıb. Güman edilir ki, bunun üçün də ilk olaraq B.Nəsirlinin onunla tanış etdiyi A.Fərzəli yadına düşür. Ehtimal olunur ki, özünü “müflis” kimi qələmə verən Z.Əliyev müəyyən vədlər qarşılığında Azad Fərzəlini Həcc yoldaşı Bilal Nəsirli barəsində məhkəməyə müraciət etməyə razı salır. Təsadüfi deyil ki, bütün məhkəmə prosesləri zamanı A.Fərzəli qarşı tərəfin vəsadətinə baxmayaraq, Z.Əliyevin cavadeh qismində tanınmasına qarşı çıxır. O cümlədən Binəqədi Rayon Məhkəməsinin hakimi Bəylər Əlkəbərov da bu məsələdə açıq mövqe nümayiş etdirərək, Zaur Əliyevin adının məhkəmədə hallanmasına imkan vermir.
Nəticədə A.Fərzəli B.Nəsirli və Zaur Əliyevlə bağladığı müqaviləni saxtalaşdıraraq birinciyə 546 min dollar verdiyini iddia edir. Hakimi Bəylər Ələkbərov isə ortada heç bir fakt olmadığı halda, üstəlik A.Fərzəlinin Z.Əliyevə göndərdiyi 60 min dolları alıb qaytarmasına rəğmən, cavabdehin iddiaçıya 60 min dollar ödəməsi haqda qərar çıxarıb.
Bəs, belə bir ədalətsiz qərar çıxarmaqda hakimin nə kimi marağı olub? Sonrakı məhkəmə instansiyaları zamanı bu barədə hansı hökm verilib? O cümlədən, Azad Fərzəlinin cavabdeh qismində çıxış etdiyi digər məhkəmə prosesi necə yekunlaşıb?

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.org
2 milyon manatlıq fırıldaq
2 milyon manatlıq fırıldaq

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.