SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib - TƏFƏRRÜAT

Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib - TƏFƏRRÜAT

Tarix:

20-10-2023, 14:48

/ 829 dəfə oxundu.
Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib - TƏFƏRRÜAT

Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu məhkəməyə verib.

Səbəb hüquqşünasın Meydan TV-də dərc olunmuş “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına səsləndirdiyi fikirlərdir.

Araşdırmada söhbət Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri olan Faiq Qasımovun oğluna məxsus, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkətindən gedir.

Yazıda həmçinin Adil Faiq oğlu Qasımovun xarici işlər nazirinin oğlu ilə bağlılığı da diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkədəki böyük şirkətlərlə yanaşı, Vəkillər Kollegiyası da “Push30”la müqavilə bağlayıb və bu səbəbdən kollegiyanın üzvləri endirimlərdən istifadə edir.

Xalid Bağırov isə Vəkillər Kollegiyasının müqavilə bağlamasını sorğulayır:

“Vəkillər Kollegiyası bu müqaviləni necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman bu büdcə necə xərclənir? Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?”.

“Bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirildimi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Bax bu sualların açıq qalması, bu məqam özü göstərir ki, Vəkillər Kollegiyasının büdcəsinin xərclənməsində şəffaflıq yoxdur”, – hüquqşünas fikrini tamamlayıb.

Xalid Bağırovun dediklərindən narazı qalan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşı ilə əlaqə saxlayıb narazılığını bildirsə də, fikirlərinin dərc olunmasını istəməyib.

O, bunu Xalid Bağırovla münasibətlərinin gərginləşməməsi səbəbindən istəmədiyini deyib. Lakin kollegiyanın iki üzvü – Anar Qasımlı ilə Ruslan Mustafazadənin imzasıyla redaksiyaya göndərilmiş etiraz məktubu dərc olunub.

Həmin müraciətdə vəkillər Xalid Bağırovun ünvanına daha sərt təndiqlər səsləndiriblər.

Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib.

Kollegiya Meydan TV-nin yazısına görə Xalid Bağırovu məhkəməyə verərək iddia edir ki, hüquqşünas üzr istəsin, mətn də saytda “Təkzib” başlığı ilə yayılsın və Vəkillər Kollegiyasının hesabına 1000 (min) manat cərimə ödənilsin.

“Mən üzr istəyəcək heç bir fikir bildirməmişəm”, – Xalid Bağırov Meydan TV-yə deyib.

Hüquqşünas şikayətlə hələ tanış olmadığını, oxuduqdan sonra geniş cavab verəcəyini bildirib.

Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsində çıxışını əsas gətirib və bildirib ki, o, dövlətçiliyə qarşı çıxış edib, vəkilliyi nüfuzdan salıb:

“Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı belə qərar verilməzdi. Ona görə də vəkillikdən uzaqlaşdırılmağım sırf fəaliyyətimlə bağlıdır”.

2020-ci ildə Avropa Məhkəməsi hüquqşünasın hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin təzminat ödəməsinə dair qərarını açıqlayıb.

Bundan sonra da Xalid Bağırov Vəkillər Kollegiyasına bərpa edilməyib.

Adının açıqlanmasını istəməyən kollegiya üzvləri iddia edirlər ki, bu, sırf Anar Bağırovun istəyidir. Bu yolla vaxtilə tələbə yoldaşı olmuş Xalid Bağırovdan qisas alır.

Qisasa səbəb kimi tələbə olarkən hüquqşünasın ona yumruq vurması göstərilir. Lakin Xalid Bağırov bu barədə danışmaq istəmir.

Anar Bağırov isə Xalid Bağırovun kollegiyaya bərpası ilə bağlı sualları ətraflı cavablandırmır.
//meydanTV//

Şərhlər

XƏBƏR LENTİ