SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “MTN çetesi” azadlığa çıxa bilər: - səbəb yeni məcəllə...

“MTN çetesi” azadlığa çıxa bilər: - səbəb yeni məcəllə...

Tarix:

7-07-2017, 11:48

/ 113 916 dəfə oxundu.
“MTN çetesi” azadlığa çıxa bilər: - səbəb yeni məcəllə...

Prezident İlham Əliyev 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamdan sonra həbsxanaların müəyyən qədər boşalacağı gözlənilir.

Çünki bu sərəncamla cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində hüquqi islahatlara başlanılıb. Bir çox ictimai təhlükə törətməyən cinayətlər Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib.

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yəni 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub.
Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər.

Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.

Mövzunun davamı olaraq qeyd edək ki, son illərin ən səs-küylü məhkəmə işi olan “MTN işi”ndə də dələduzluq, dövlət vəsaitini mənimsəmə və sair kimi maddələrlə cinayət məsuliyyətinə cəlb olunan insanlar var. Qanunun tətbiqi reallaşarsa, həmin cinayətlərə görə həbs edilən “Rabitə çetesi” üzvləri, “MTN işi” çərçivəsində həbs olunanlar azadlığa çıxa və ya həbs müddətləri azala bilər.

Bu haqda “Yeni Müsavat”a danışan Əliməmməd Nuriyev bildirdi ki, cəza siyasətinin yumşaldılması islahatlar paketinin ən önəmli istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamında əsas tapşırıqlardan biri də ondan ibarət idi ki, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərlə əlaqədar şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı dəyişikliklər hazırlansın. Başqa bir istiqamət isə ondan ibarət idi ki, iqtisadi fəaliyyət sahəsində cinayət əməllərinin dekriminallaşdırılması ilə bağlı təkliflər hazırlansın. Bu kontekstdən yanaşsaq, iqtisadi fəaliyyət kontekstində, o cümlədən mülkiyyət əleyhinə olan cinayətlərdə dəymiş ziyan ödənilirsə, onda şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı təkliflərin hazırlanması məntiqi düzgündür. Bizə daxil olan məlumatlara görə, hazırda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərlə birlikdə belə bir təkliflər paketi hazırlanıb. O cümlədən iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin dekriminallaşdırılması, habelə dəymiş ziyanın ödənilməsi ilə bağlı şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin nə dərəcə dələduzluq cinayətlərinə tətbiq olunacağı ilə bağlı məlumat yoxdur. Bu hələlik layihə mərhələsindədir. Milli Məclisə təqdim olunmayıb. Hələ ki təkliflər paketi hazırlanıb və Prezident Administrasiyasına təqdim olunub. Nəzərə almaq lazımdır ki, ağırlaşdırıcı hal yoxdursa, bəzi cinayətlər, o cümlədən mənimsəmə və dələduzluq əməlləri ilə bağlı dəymiş ziyan və cərimə ödənilirsə, bununla bağlı şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Bu, cəza siyasətinin humanistləşməsinə xidmət edən bir məsələdir”.

Ekspertin sözlərinə görə, bu dəyişikliklərin bütövlükdə bütün hallara aid ediləcəyi gözlənilmir: “Elə dələduzluq halları var ki, orada həm də ictimai münasibətlərə ziyan vurulur. Faktiki olaraq bu ziyanın məbləği ödənilsə də, əldən çıxmış ictimai maraqlar məsələsi açıq qalır. Ona görə də hesab edirəm ki, Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri hazırlayan işçi qrupu bütün bu amilləri nəzərə almalıdır. Nəzərdə tutulan dəyişikliklər çox vacibdir. Tərəflər arasında barışıq varsa, dəymiş ziyan tam ödənilibsə, həmin şəxsin cinayət məsuliyyətindən azad edilməsi məntiqli görünə bilər. O baxımdan, biz ümid edirik ki, bu istiqamətdə olan və cənab prezidentin 10 fevral sərəncamının icrasına yönələn təkliflər paketinin hazırlanması çox pozitiv bir hadisədir. Hüquqi islahatlar da mühüm islahatlar sırasına daxil edilməlidir. Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər layihəsi geniş ictimaiyyət tərəfindən müzakirə edilməlidir. Bu islahatlar ölkədə aparılan islahatların tərkib hissəsi kimi çox yüksək qiymətləndirilməlidir”.

“MTN işi”ndə təqsirli bilinən və dələduzluqda, dövlət vəsaitini mənimsəməkdə ittiham olunan şəxslərin azadlığa çıxması və cəzasının yüngülləşməsinə gəlincə, Əliməmməd Nuriyev bunun mümkün olduğunu bildirdi: “Belə bir ehtimal var. Əgər zərər ödənilirsə, dəymiş ziyanın bərpası mümkündürsə, həmin şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzəri baxımdan mümkündür. Ancaq həmin layihə hələ ki Milli Məclisdə qəbul olunmayıb. Hazırda layihənin müzakirəsi gedir. Layihənin bütün detalları hələ də geniş ictimaiyyətə məlum deyil. O baxımdan, mən qəti bir söz deməkdə çətinlik çəkirəm”.

Ə. Nuriyev onu da bildirdi ki, oğurluq cinayətlərində məbləğ 500 manatdan azdırsa, inzibati məsuliyyət, bu həddən çoxdursa, cinayət məsuliyyəti tətbiq olunur: “Əvvəllər məbləğin aşağı həddi göstərilmirdi, 50-100 manatlıq kiçik oğurluqlarda belə şəxs cinayət məsuliyyəti daşıyırdı. Ancaq indiki layihədə məbləğ 500 manatdan yüksək olduğu halda cinayət məsuliyyəti yaradır”.

Bir sözlə, təqsirləndirilən şəxsin oğurladığı məbləğ 500 manatdan aşağıdırsa, həmin məbləği geri ödəməklə, eləcə də nəzərdə tutulmuş cəriməni (məbləğin 1 misli və ya iki misli) dövlət büdcəsinə ödəməklə təqsirləndirilən şəxs həbsdən yaxa qurtara bilər.

Şərhlər

XƏBƏR LENTİ