SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Macarıstan - Türk dünyasının Avropaya açılan qapısı

Macarıstan - Türk dünyasının Avropaya açılan qapısı

Tarix:

22-08-2023, 11:00

/ 357 dəfə oxundu.
Macarıstan - Türk dünyasının Avropaya açılan qapısı

 Azərbaycanla Macarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Avqustun 20-də Prezident İlham Əliyevin Budapeştə işgüzar səfəri bu faktı bir daha təsdiqləyir.
Dövlətimizin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Eyni zamanda, Macarıstan türk dünyasının Avropaya açılan qapısıdır. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusda üzv olması bu baxımdan önəmlidir.
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı Baş nazir Viktor Orbanla görüşündə Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika vurğulanıb. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Həmçinin elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb. Liderlərin söhbəti zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olunub, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulanıb. Bundan başqa, görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.
Prezident İlham Əliyevin bu ilin yanvar ayında Macarıstana rəsmi səfəri zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb. Onların sırasında Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməsi  xüsusi önəm kəsb edir.
Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə ediblər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb. Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Həmçinin “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun və digər sənədlərin imzalanması da dostluq əlaqələrimizi təsdiqləyir. 
Beləliklə, Prezident İlham Əliyevin Macarıstana budəfəki səfəri də iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
 
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
 

Şərhlər

XƏBƏR LENTİ