Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunub.
xalqxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, İbrahim Mehdiyev 1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.
2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.