SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İsrail və Azərbaycan - etibarlı əməkdaşlıq əlaqələri

İsrail və Azərbaycan - etibarlı əməkdaşlıq əlaqələri

Tarix:

31-05-2023, 12:24

/ 329 dəfə oxundu.
İsrail və Azərbaycan - etibarlı əməkdaşlıq əlaqələri

 
Mayın 30-da İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlib. İki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İshak Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Həmçinin səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbir də keçirilib.
Rəsmi Təl-Əviv Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan dinamikada inkişaf etdirib. Təsadüfi deyil ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohen Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi.
 Qeyd edilməlidir ki, bu il martın 29-da Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılışı oldu. Səfirliyin açılışında xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Eli Kohen ilə yanaşı Azərbaycan parlamentinin bəzi üzvləri, tanınmış simalar iştirak etmişdi.
Azərbaycan ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.
Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə etməyə kömək edəcəkdir. 
Prezidentlərin görüşü zamanı xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.  
Prezidentlərin görüşü zamanı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Ümid edirik ki, bu sənəd səhiyyə sahəsində nailiyyətlər əldə edən İsraillə ölkəmizin tibb sahəsindəki əlaqələrinin genişlənməsinə böyük imkanlar yaradacaqdır.   
 
 Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,   Tarix üzrə fəlsəfə doktoru
 
 

Şərhlər

XƏBƏR LENTİ